I Axsartan (), yaxud I Axsitan () – Şəki - Kaxeti hökmdarı. Mənbələrdə adı ilk dəfə 1062-ci, sonuncu dəfə isə 1082-ci ildə baş vermiş hadisələrin təsvirində çəkilmişdir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi I Axsartanın konkret olaraq 1058-ci ildən 1084-cü ilə qədər hakimiyyətdə olduğunu və 1084-cü ildə vəfat etdiyini göstərsə də XII əsr erməni tarixçisi 1082-ci il üçün Şəki çarı II Kverikenin adını çəkir.
Həyatı və siyasi fəaliyyəti
thumb|250px|right|Kvetera şəhər-qalasının içindəki Kvetera kilsəsi bu gün. I Axsartanın hakimiyyətə başladığı ilk illərdə Şəki-Kaxeti qərbdən gürcü çarı IV Baqratın (1027—1072), cənubdan Şəddadilərin, şərqdən isə Şirvanşahların təcavüzünə məruz qalırdı. IV Baqratın əbədi rəqibi, Şəki-Kaxetinin isə müttəfiqi olan Kldekari eristavı Liparitin (1021—1059) Konstantinopolda vəfat etməsindən sonra IV Baqrat Şəki-Kaxeti qalalarını bir-bir ələ keçirməyə başladı. XII əsrdən gec olmayaraq yazılmış “Kartli salnaməsi”nə görə Alp Arslanın birinci Gürcüstan yürüşünə (1064-1065) qədər IV Baqrat Kvetera və Naxçivani qalaları istisna olmaqla, artıq bütün Hereti və Kaxeti qalalarını tutmuşdu. Mənbələrə görə bu dövrdə Şəddadilər Xornabuci, Aradeti və Vecini qalalarını (1065), Şirvanşahlar isə Maluq qalasını (1053) əllərində saxlayırdılar.
Bütün bunlara baxmayaraq I Axsartan siyasi məharət nümayiş etdirərək əlindən çıxmış qalaları əksər hallarda heç bir döyüş əməliyyatı keçirmədən bir-bir geri alır və öz dövründə regionun ən nüfuzlu hökmdarlarından birinə çevrilir.
Tiflisi və açarlarını qəbul etməsi və satması
XI əsrin son rübünün əvvəlində namalum müəllif tərəfindən yazılmış “Tarix-i əl-Bab”a görə 1062-ci ildə Tiflisin tanınmış adamlarından bir qrupu Şəddadi hökmdarı Əbüləsvar Şavurun yanına gedərək Tiflisin açarlarını ona təqdim edirlər və ondan xahiş edirlər ki, kim olur olsun, bir nəfər göndərsin qalanı təslim edək. Çünki Tiflis hakimi Cəfər ibn Əli ölüb, özündən sonra iki oğlu qalıb – Mənsur və Əbul Xeyc; və onlar arasında qalada hakimiyyət üstündə dava gedir. Əhali onların hər ikisini qaladan qovub. Gələnlər Əbüləsvar Şavurdan Tiflisə adamlar, ərzaq və silah göndərməsini istəyirdilər. Əbüləsvar Şavur əvvəlcə onların təkliflərini qəbul etsə də onun vəziri onu bu fikrindən daşındırır. Bundan sonra Əbüləsvar Şavur Tiflisin açarlarını gələnlərə qaytarır. Tiflisdən gələnlər geri dönürlər və bu açarı və qalanı Şəki hökmdarı Axsartan ibn Qagikə verirlər, Axsartan onları qəbul etmiş, onlara yaxşı hədiyyələr vermiş və yola salmişdir. Bundan sonra Axsartan onu Rum hökmdarına çoxlu pula satır və Rum hökmdarı ləngimədən ora mühafizəçilər göndərir, oranın adamlarını ərzaq və silahla təchiz edir.
Əbüləsvar Şavurun Vecinini tutması
Şəddadi hökmdarı Əbüləsvar Şavur 1062-ci ildə Tiflisdən imtina etsə də elə 1063–1067-ci illər arasında Şirvana qarşı dəfələrlə qarətçi yürüşlər etmiş, yalnız birinci yürüşü zamanı 50 mindən çox adamı əsir götürmüşdür.
“Tarix-i əl-Bab”a görə Əbüləsvar Şavur 1065-сi ildə isə alınmaz bir qala hesab edilən Vecinini mühasirəyə alır; qalanın yaxınlığında öz düşərgəsini qurur və zor yolu ilə qalanı tutub ora öz adamlarını yerləşdirir. Bundan sonra Gəncəyə qayıdır və ordusunu evə buraxır. Bu zaman – 1065-ci ilin oktyabr ayında, alanlar böyük dəstələrlə Bab-Allandan çıxıb Şəki və Xazrana gəlirlər.
Daskarat əl-Hüseyn qalasına sahib olması
“Tarix-i əl-Bab”a görə 1067-ci ilin aprel ayında “C.rx.sri ibn Kurki” şirvanşaha qarşı açıq-aşkar çıxış edərək, yaxud şirvanşaha qarşı üsyan edərək qoşun ilə Şəkiyə getmiş, Daskarat əl-Hüseyn qalasını ələ keçirmiş, öz qoşununu ilə birlikdə qardaşını və oğlunu ora yerləşdirmiş, lakin sonda qalanı Şəki hökmdarı Axsartan ibn Qağikə vermişdir. Şirvanşah qoşun toplayıb bu qalanı geri almağa getsə də uğur qazana bilməyərək kor-peşman Yəzidiyəyə qayıtmışdır.
İslamı qəbul etməsi
Sədrəddin əl Hüsayninin “Əxbar əd-daylat əs-selcuqiyyə” əsərindəki 1067/1068-ci il hadisələrindən bəhs edilən bölmədə Şəki hökmdarı Axsartanla bağlı aşağıdakı məlumatlar var:
Qalaları döyüşsüz geri alması
“Kartli salnaməsi”nə görə Alp Arslanın bu yürüşü ərəfəsində Axsartan öz ölkəsinin ərazisinin çox yerinə nəzarəti itirmiş, əlində yalnız “azacıq əmlak” qalmışdır. Ölkənin didebulları IV Baqratın tərəfində idilər və ölkəni ona təslim etmək istəyirdilər. Hamısı qalalarını buraxıb Qafqaz dağlarına qaçmışdılar. Belə bir vəziyyətdə IV Baqrat Kaxetini tutmaq üçün yürüşə başladı. İlk olaraq Vecini eristavı Sirkvalelinin üzərinə qoşun göndərdi. Gedənlər sülhlə qayıtdılar və sultan Alp Arslanın yürüşə başlaması səbəbindən qalanı tuta bilmədiklərini, yaxud tutub əllərində saxlaya bilmədiklərini məruzə etdilər. Bunu eşidən IV Baqrat ləngimədən öz ölkəsinə geri döndü. Axsartan isə Alp Arslanın tərəfinə keçdi, ona çoxlu hədiyyələr apardı, dinindən döndü, sünnət etdirdi və xərac verməyi boynuna götürdü. Alp Arslan isə istər IV Baqratın adamları tərəfindən, istərsə də Axsartanın öz adamları tərəfindən tərk edilmiş bütün qalaları ona qaytardı. Üç həftədən sonra Alp Arslan IV Baqrata qarşı yürüşə başlayır. Bu yürüşdə Axsartan Alp Arslan tərəfində iştirak edir .
Altı həftə davam etmiş bu yürüşdən sonra Sultan Alp Arslan Tiflis və ətrafındakı ərazilərin idarəsini Şəddadi hakimi Fəzl ibn Şavurun ixtiyarına buraxır. 1068-ci ilin avqustunda Fəzl ibn Şavur 33 minlik qoşunla Tiflisə gələrək həmsərhəd Kartli vilayətlərini qarət etməyə başlayır. Lakin IV Baqrat onu Silkan dağı yaxınlığında haqlayaraq ağır məğlubiyyətə uğradır. Mühasirədən və təqibdən çox çətinliklə canını qurtaran Fəzl ibn Şavur cəmi 15 süvari ilə Kaxetinin Erso vilayətinə keçə bilir. Burada qarşısına çıxan sakinə əvvəlcə özünü Fəzlin elçisi kimi təqdim edir, guya Fəzl ibn Şavur IV Baqrata qalıb gəlib və bu xəbəri Axsartana çatdırmaq üçün onu Axsartanın yanına göndərib. Lakin onu dərhal tanıyırlar və cavab verirlər ki, “sən Fəzlin elçisi deyilsən, Fəzlin özüsən!”. Fəzl ibn Şavurun onu gizlətməsi müqabilində qızıl-gümüş, var-dövlət təklifini qəbul etməyən sakin, onu Jaletiyə – Mesx aznauru İsak Toloşelisdzenin yanına, İsak isə onu Telaviyə – Axsartanın yanına aparır. Axsartan Fəzli Xornabuci və Aradeti müdafiəçilərinə göstərir və hər iki qalanı döyüşsüz geri alır. Sonra isə Fəzli IV Baqrata təhvil verir, əvəzində Boçorma və Ucarmanı IV Baqratdan döyüşsüz geri alır.
“Tarix-i əl-Bab”da Fəzl ibn Şavurun Şəki hökmdarı Axsartana əsir düşməsi səhnəsi “Kartli salnaməsi”ndən bir qədər fərqlidir. “Tarix-i əl-Bab”a görə Fəzl ibn Şavur bütün adamları həlak olduqdan sonra azıb səhvən “Şəki-Curzan” batriklərindən biri olan İvan ibn Lifaritin (Liparitin) kəndinə gedib çıxıbmış. Fəzl ibn Şavur İvan ibn Lifaritin yanında bir saat qalır, sonra İvan ibn Lifarit onu “lənətə gəlmiş Axsartan ibn Qaqiqin” yanına aparır. Fəzl ibn Şavur Axsartanın yanında olanda, Axsartan “xəyanət yolu” seçir və onu həbs edib bir neçə gün saxlayır, sonra isə “Apxaz hakiminə” verir.
Maluq qalasını tutması
“Tarix-i əl-Bab”a görə 1071-ci ilin payızında Axsartin Maluq qalasını şəxsən özü müsəlmanların əlindən almış, oraya öz “müavinini” rəhbər təyin etmişdir. Bundan sonra – Şirvanşah I Fəribürz (1063-1096) ilə Şəddadi hökmdarı Fəzl ibn Şavur qalanı birlikdə geri almaq üçün öz aralarında razılığa gələrək qalanı mühasirə edirlər və 1072-ci ilin iyun ayında qalanı ələ keçirib bünövrəsinə qədər sökürlər; orada olan bütün “dinsizləri” – qalanın bütün müdafiəçilərini isə qətlə yetirirlər.
Bu arada - hicri 464-cü ildə (1071/1072) Şirvanşah I Fəribürzun qardaşı Qucaxam ibn Sallar Şəkidə vəfat etmiş, onun nəşi Şəkidən Yəzidiyyətə aparılaraq orada dəfn edilmişdir. Qucaxam 1068-ci ildən qardaşına qarşı çıxırdı, sonra isə Dağıstana qaçmışdı.
Rustaviyə və Losobani qalasını tutması
Yuxarıda IV Baqrat ilə Kldekar eristavı Liparit arasasında mövcud olmuş davamlı mübarizə haqqında məlumat verildi. IV Baqrat və Liparitin ölümlərindən sonra isə onların varisləri II Georgi (1072–1089) və İvane (1059—1074) bir-birləri ilə mübarizə edirdilər. Axsartan isə məhz, bu mübarizədən yararlana bilərək 1073-cü ildə Losobani qalasına sahib olur. Buna qədər isə o, Rustavini öz ərazisinə qata bilmişdir.
Məlikşahın yanına getməsi və ikinci dəfə islamı qəbul etməsi
thumb|350px|left|Məlikşah Alp-Arslan vəfatından sonra (1072) Səlcuqilər dövlətində hakimiyyətə gələn oğlu Məlikşahın dövründə səlcuqilərin Gürcüstana yürüşləri xeyli intensivləşdi. “Çarlar-çarı Davidin həyatı” adlanan ХII əsr anonim gürcü mənbəsinə görə II Georgi 1082-ci ildə ölkəsindəki “xristianları xilas etmək üçün” İsfahana – Məlikşahın yanına getməyə məcbur olur. Mənbəyə görə Məlikşah II Georgini sevimli oğlu kimi qarşılamış, Gürcüstana hücumları dayandırmağa söz vermiş, Kaxeti və Heretini ona vermiş və üstəlik, Kaxetini ələ keçirə bilməsi üçün ona böyük ordu da qoşmuşdur. Buna görə də II Georgi Kaxetiyə gəlir və Vecini qalasını mühasirə edir. Lakin qarın yağması ilə əlaqədar mühasirə baş tutmur. II Georgi ilə gələn türk ordusu isə Qabırrı çayı ətrafındakı ərazilərdə qışlayır. Bu zaman Axsartan Məlikşahın yanına gedir və yenidən islam dinini qəbul edir. “Bu yolla o, Kaxetini sultandan alır” .
Ölümü
Yuxarıda qeyd edildiyi kimi, XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi I Axsartanın konkret olaraq 1058-ci ildən 1084-cü ilə qədər hakimiyyətdə olduğunu və 1084-cü ildə vəfat etdiyini göstərsə də XII əsr erməni tarixçisi 1082-ci il üçün Şəki çarı II Kverikenin adını çəkir. Başqa sözlə, I Axsartan 1082-ci ildə Məlikşahın yanına getdikdən az sonra – elə həmin 1082-ci ildə vəfat etmişdir.
Müasir tədqiqatşılar I Axsartanın siyasi fəaliyyəti haqqında
Müasir tədqiqatçılardan Şirinbəy Hacıəli I Axsartanın siyasi fəaliyyətini aşağıdakı kimi təsvir edir:
Qeydlər
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Doğum tarixi bilinməyənlər