Xəyalə Mardan qızı Abdulla () — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2015).

Şahmat karyerası 2010-cu ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş 18 yaşa qədər qızlar arasında Avropa çempionatında bürünc medal qazanıb.

2011-ci ildə 18 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında qızıl, 20 yaşa qədər qızlar arasında isə gümüş medala sahib çıxıb.

2012-ci ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında ikinci dəfə gümüş medala sahib çıxıb.

2013 və 2014-cü illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub.

Azərbaycanın qadınlardan ibarət milli komandasının tərkibində 2014-cü ildə Norveçin Tromse şəhərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında və 2013-cü ildə Polşanın Varşava, 2015-ci ildə isə İslandiyanın Reykyavik şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir. 2016-cı ildə Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparmışdır.

Xəyalə Abdulla 2010-cu ildə qadınlar arasında beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülüb.

Reytinqi FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin mart ayına olan məlumata görə Xəyalə Abdulla 2241 xalla Azərbaycan qadın şahmatçıları arasında 9-cu, "Top 100 Women February 2017" reytinq cədvəlində isə 320-ci yerdə qərarlaşıb.

Şəxsi həyatı Xəyalə Abdulla azərbaycanlı qrosmeyster Nicat Abasov ilə ailə həyatı qurub.

İstinadlar

Xarici keçidlər

FIDE Chess profili Khayala Abdulla. Chess-DB.com Khayala Abdulla. Chessgames.com Khayala Abdulla. 365Chess.com

Kateqoriya:Azərbaycanın qadın şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları