Başqa canlılar kimi balıqlar da müxtəlif xəstəliklərə tutula bilirlər. Təbii su hövzələrində yaşayan balıqlar arasında təsadüf edilə bilən xəstəliklərin mənfi təsiri kəskin hiss olunmasa da, süni balıqartırma və göl (əmtəə) balıqçılıq təsərrüfatlarında bu təsir özünü kəskin surətdə göstərir. Belə ki, xəstəliklərə tutulan balıqlar böyümədən qalır, cinsiyyət üzvlərinin fəaliyyəti pozulur, ətinin keyfiyyəti pisləşir və yararsız hala düşür, bəzi hallarda isə onlar kütləvi qırılırlar. Odur ki, əmtəə (göl) balıqçılıq təsərrüfatlarının səmərəli təşkili və inkişaf etdirilməsi üçün ən vacib məsələlərdən biri də balıqlar arasında geniş yayılmış xəstəliklərin əlamətlərini, onların törəmə səbəblərini, xəstəlik törədicilərinin bioloji xüsusiyyətlərini bilmək, bu xəstəliklərə qarşı vaxtında səmərəli mübarizə tədbirləri həyata keçirməkdən ibarətdir. Azərbaycanda balıq xəstəliklərinin öyrənilməsilə Respublika Elmlər Akademiyası Zoologiya İnstitutunun və Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq İnstitutunun mütəxəssisləri məşğul olurlar. Adətən balıqlar arasında müşahidə olunan xəstəlikləri 2 qrupa bölürlər: 1. infeksion xəstəliklər və 2. invazion xəstəliklər. İnfeksion xəstəlikləri ibtidai birhüceyrəli orqanizmlər (viruslar, bakteriyalar, göbələklər, xırda yosunlar), invazion xəstəlikləri isə müxtəlif parazitlər törədirlər.Azərbaycanın heyvanlar aləmi. III hissə. Onurğalılar. Bakı, Elm nəşriyyatı, 2004

İnfeksion xəstəliklər Qırmızı ləkə xəstəliyi. Süni göl (əmtəə) balıqçılıq təsərrüfatlarında geniş yayılmış xəstəlikdir. Əsasən 2–3 yaşlı karp, çəki, ağ amur balıqlarında təsadüf edilir. Xəstəliyin törədicisi tam aydınlaşdırılmamışdır. Bəzi mütəxəssislər hesab edirlər ki, xəstəliyin törədicisi "Aeromona punktata" adlı su bakteriyasıdır, digərlərinin fikrincə xəstəliyi törədən viruslardır. Xəstə balıqların dəri örtüyündə, ən çox bədənin yan və qarın nahiyələrində qanlı ləkələr, şişlər əmələ gəlir, balığın qarın, döş və anal üzgəcləri al-qırmızı rəngə boyanır. Xəstəlik əvvəl şiddətli keçir, xroniki formada davam edir. Şiddətli formada balığın qarın boşluğunda, pulcuqlarında, göz ətrafında maye toplanır, qarın nahiyəsi, böyrəkləri şişir, bağırsaqlar iltihablaşır, dəri üzərində qovuqcuqlar əmələ gəlir. Şiddətli yoluxmada karp balıqlarının 80–90 faizi, xəstəlik xroniki formaya keçdikdən sonra isə 40 faizi tələf olur. Xəstəliyə qarşı mübarizə məqsədilə gölün suyu boşaldılır və göl dezinfeksiya edilir. Xəstəlik baş verən təsərrüfatda karantin elan olunur. Xəstə balıqlar məhv edilir. Yalnız bir il keçdikdən, xəstəliyin ləğv olunmasına dair akt tərtib olunduqdan sonra gölə balıq salınır. Çiçək xəstəliyi. Xəstəlik göl (əmtəə) balıqçılıq təsərrüfatlarında ən çox karp və çəki balıqlarında, bəzən də çapaq və külmə balıqlarında təsadüf edilir. Adətən bu xəstəliyə 2 yaşdan yuxarı balıqlar tutulur. Xəstəliyə tutulmuş bahqların üzərində ağ rəngli ləkələr əmələ gəlir. Xəstə balıqlar qidalanmadan qalır, onların böyüməsi və inkişafı ləngiyir. Xəstəliyə qarşı mübarizə tədbiri kimi balıq saxlanan hovuzlarda sanitariya tələblərinə əməl olunması məsləhət görülür. Hovuzda qələviliyi artırmaq üçün suya əhəng tökmək (hər hektara 1,0–1,5 ton hesabı ilə) və balıqların qidasına 10 faizli təbaşir əlavə etmək təklif olunur. Xəstəliyin başqa təsərrüfata yayılmaması üçün xəstə balıqları çıxdaş etmək məsləhət görülür. Furunkulyoz. Furunkulyoz əsasən qızılbalığın və forel balığının (qızılxallı) geniş yayılmış infeksion xəstəliyidir. Xəstəliyin törədicisi "Basillus salmanisida" bakteriyasıdır. Bu bakteriyalar balığın qanında tapıldığı üçün qan xəstəliyi hesab olunur. Xəstə balıqların bədənində, ən çox bel və qarın üzgəclərinin əsasında açıq yaralar əmələ gəlir. Xəstəliyə qarşı mübarizə məqsədilə xəstə balıqların qidasına sulfamerazin dərmanının qatılması təklif olunur. Branxiomikoz. Branxiomikoz-əmtəə (göl) balıqçılıq təsərrüfatında yetişdirilən balıqların (karp, çəki, dabanbalığı və s.) göbələk xəstəliyidir. Bu xəstəlik karp balıqlarına bütün yaşlarda, ən çox isə iki yaşında yoluxur. Xəstəlik yayda (iyul, avqustda) şiddətli, yaz və payızda isə xroniki formada keçir. Xəstəliyi "Branxiomikoz sanqvinis" göbələyi törədir. Göbələk əsasən balığın qəlsəmələrində və qan damarlarında yığılır. Xəstə balıqlar qidalanmadan və inkişafdan qalır, suyun üzərinə qalxaraq, hava udurlar. Onların qəlsəmələrində tutqun boz, sarımtıl və tünd qəhvəyi zolaqlar əmələ gəlir, gölün sahilə yaxın hissəsində zəif halda üzür, gölə yaxınlaşan adamlara və başqa canlılara qarşı heç bir reaksiya göstərmirlər. Təsərrüfatda xəstəliyi ləğv etmək üçün balıq böyüdülən göllər növbə ilə boşaldılmalı, bir il orada balıq saxlanılmamalı, dincə qoyulmalı, sönməmiş əhənglə dezinfeksiya edilməlidir. Xəstə balıqlar (körpə və törədicilər) qışlama gölünə salınmazdan əvvəl 5%- li xörək duzu məhlulunda çimizdirilməlidirlər. Dermatomikoz. Dermatomikoz xəstəliyi bütün növ balıqlarda, ən çox da qalınalın, karp, dabanbalığı və b. balıqlarda təsadüf edilir. Əmtəə (göl) balıqçılığı təsərrüfatlarında qışlamadan yenicə çıxmış körpə (1 yaşa qədər və 1 yaşlı) balıqlar bu xəstəliyə tutulurlar. Xəstəlik adətən balıqlar ac qaldıqda, zədələndikdə, suda qaz rejimi pozulduqda, dəridə və qəlsəmələrdə xarici parazitlər olduqda infeksion xəstəliklərə (çiçək, bronxiomikoz) tutulduqda baş verir. Xəstəliyin törədiciləri "Saprolegniya" və "Axliya" cinsinə mənsub olan kif göbələkləridir. Xəstəliyə tutulmuş balıqların dərisi, üzgəcləri və qəlsəmələri üzərində nazik, sapaoxşar ağ rəngli çıxıntılar əmələ gəlir. Bir neçə gündən sonra göbələyin inkişaf etdiyi nahiyələrdə pambığaoxşar topalar görünür. Göbələyin sapları daha da inkişaf edərək əzələlərə, qəlsəmələrə, toxuma və hüceyrəarası boşluqlara daxil olur, nəticədə balıqlar məhv olur. Xəstəliyə qarşı mübarizə məqsədilə balıqlar saxlanan hovuzlarda əlverişli qaz rejimi, qidalanma şəraiti yaradılmalı, xəstə balıqlar isə 5 faizli xörək duzu məhlulunda 5–10 dəqiqə çimizdirilməlidir. Eyni zamanda əsas mübarizə tədbirləri balıqlar arasında baş verən ilkin infeksion və parazitar xəstəliklərin ləğvinə yönəldilməlidir. Xəstə balıqları böyütmə göllərinə buraxmaq məsləhət görülmür.

İnvazion xəstəlikləri Kostioz xəstəliyi. Kostioz balıq körpələrinin (karp, qızılbalıq, nərə, qızılxallı, lil, yastıqarın və s.) olduqca qorxulu xəstəliyidir. Xəstəliyin törədicisi "kostia nekatriks" adlı parazitdir. Xəstəliyə ən çox 2 aylığadək və 2 aylıq körpə balıqlar tutulur. Sonrakı aylarda bu xəstəliyə az təsadüf olunur. Bir yaşdan sonra isə bu xəstəlik müşahidə edilmir. Yazın axırı və yay aylarında xəstəlik daha sürətlə inkişaf edir. Qış aylarında parazitlərin fəaliyyəti dayanır. Azərbaycanın balıqartırma zavodlarında xəstəlik qızıl balığın körpələrinə hər il ciddi zərər vurur. Xəstəliyi törədən parazit balığın dərisində və qəlsəmələrində yerləşir. Kostiozla xəstələnmiş balıqlar qidalanmadan qalır, zəifləyir, çəkisini itirir və ölürlər. Xəstəliyi aradan qaldırmaq üçün balıq körpələrinin yetişdirilməsini və bəslənməsini yaxşılaşdırmaq, onlara keyfiyyətli yem vermək, suda temperatur və qaz rejimini normal saxlamaq lazımdır. Bundan əlavə döllük balıqları kürüvermə gölünə buraxmazdan qabaq hər 7–8 gündən bir 3 dəfə 5 faizli xörək duzu məhlulundan keçirmək lazımdır. Lakin bu üsul vegetasiya mərhələsində olan paraziti məhv etsə də, sista halında olan parazitə təsir etmir. Ona görə də hər 5 gündən bir əməliyyatı təkrarlamaq lazımdır. Xəstəliyə qarşı zəif (0,025 faizli) formalin məhlulundan da istifadə etmək olar. Gicəllənmə xəstəliyi. Gicəllənmə xəstəliyi adətən qızılbalıqda və qızılxallı balıqlarda müşahidə olunur. Xəstəliyin törədicisi qızılbalıqların qığırdaq toxumasında yaşayan "miksosoma serebralis" adlı parazitdir. Xəstəliyə tutulmuş balığın hissiyyat orqanlarının tamlığı pozulur və balıq müvazinətini itirir. Parazit həmçinin balığın sinir toxumalarını mühafizə edən qığırdaq toxumasını da zədələyə bilir. Bu zaman balığın mərkəzi sinir sisteminin fəaliyyəti kəskin dəyişir, xəstə balığın gövdəsi əyilir, quyruğu qaralır, hərəkəti pozulur, gah sürətlə üzür, gah dayanır, gah da yerində fırlanır. Xəstəliyi aradan qaldırmaq üçün balıq saxlanan göllərin suyu buraxılmalı və onun dibi sönməmiş əhəng (hər hektara 20 sentner hesabı ilə) və ya xlorlu əhəng (10–20 faizli) məhlulu ilə dezinfeksiya edilməlidir. Xilodonelloz. Xilodonelloz xəstəliyinə karp, çəki, qızılxallı və b. balıqlar tutulur. Xəstəliyin törədicisi bərabər kirpikli infuzorlar dəstəsindən olan "xilodonella siprini" parazitidir. Bu xəstəliyə ən çox bir yaşa qədər və 1 yaşlı balıqlar yoluxur. Iri balıqlar bu xəstəliyə tutulmurlar. Parazit balığın dərisində və qəlsəmələrində yaşayır. Xəstə balıqların dərisindən ağ rəngli selik ifraz olunur. Xəstə balıqlarda oksigen çatışmazlığı hiss olunur, onlar suyun səthinə qalxaraq hava udur və ya suyun axarı olan yerə toplanırlar. Xəstəliyin şiddətli mərhələsində balıqların 70–80 faizi qırılır. Xəstəliyə qarşı profilaktiki tədbir görmək məqsədilə balıqartırma zavod və təsərrüfatlarında istifadə olunan bütün alət və avadanlıqlar 5 faizli xörək duzu məhlulu ilə dezinfeksiya olunmalıdır. Xəstə balıqlar qışlama gölündən böyütmə gölünə buraxılmazdan əvvəl 5 dəqiqə müddətində xörək duzu məhlulunda saxlanmalıdırlar. Balıqlar tamamilə ovlandıqdan və göllərdəki su yay müddətində boşaldıldıqdan sonra gölün dibi sönməmiş əhənglə (hər hektara 2,5 ton hesabı ilə) dezinfeksiya edilməlidir. Trixodinoz. Trixodinoz bir yaşa qədər və bir yaşlı karp, çəki, lil və b. balıqlarda təsadüf edilir. Yaşlı balıqlar bu xəstəliyə tutulmurlar, lakin xəstəlik törədicilərini-"trixodino domerqven" — öz bədənlərində gəzdirirlər. Xəstəliyə tutulmuş balıqların toxumlarının tamlığı pozulur, dəri və qəlsəmə üzərində mavi rəngli ləkələr əmələ gəlir. Balığın bədəni boz-yaşıl rəngli seliklə örtülür. Xəstəliyin törədiciləri naxa, sıf, çəki, külmə, şəmayı, xəşəm, xul, kərkə, durna və lil balıqlarında da tapılır. Xəstəliyə qarşı mübarizə məqsədilə xilodonelloz xəstəliyində olduğu kimi 5 faizli xörək duzu məhlulundan və digər profılaktiki tədbirlərdən istifadə olunur. İxtioftirioz. İxtioftirioza karp, çəki, dabanbalığı, sıf, çapaq, şirbit, qızılxallı, qızılbalıq və başqa şirin su balıqlarında təsadüf edilir. Xəstəliyin törədicisi balıqların dəri və qəlsəmələri üzərində parazitlik edən "ixtioftirius multifılis" adlı kiçik infuzordur. Bu infuzorlar konus şəkilli bədənlərinin bir tərəfilə balığın qəlsəməsinə, dəri və ya üzgəcinə yapışaraq tezliklə onun epiteli toxumasına daxil olur və sürətlə böyüməyə başlayırlar. Nəticədə balıqların dəri və qəlsəmələrində iltihab əmələ gəlir və xəstəlik kəskin keçdikdə balıqlar kütləvi halda qırılır. Parazit müəyyən inkişaf mərhələsinə çatdıqdan sonra balığın bədənindən çıxaraq suya düşür, tədricən suyun dibinə çökür və sistalaşır. Sistanın daxilində dəfələrlə bölünmə gedir, nəticədə hər sistadan yüz və minlərlə kiçik infuzor əmələ gəlir. Sonra sistanın xarici təbəqəsi partlayır və infuzorlar suya tökülür və proses yenidən başlayır. İxtioftirioz xəstəliyinə qarşı profılaktiki mübarizə və müalicə tədbirləri kostioz, xilodonelloz və trixodinoz xəstəliklərində olduğu kimidir. Girodaktiloz. Girodaktiloz xəstəliyi ilə bir yaşa qədər və bir yaşlı karp, çəki, dabanbalığı tutulur. Xəstəliyin törədicisi "girodaktilus aleqans" adlı sorucu qurddur. Körpə balığın dərisində bəzən yüz və daha çox parazit olur. Xəstəliyə tutulmuş balıqların dəri və qəlsəmələri üzərində ağ ləkələrə, güclü selik ifrazatma və yaralara təsadüf edilir. Xəstə balıqlar həddindən artıq arıqlayır, qabırğaları, çiyin sümükləri dəridən kənara çıxmaq vəziyyətinə düşür. Xəstə balıqlar yazda sahilə yaxın üzür. Suyun axarına toplanır, başını sudan çıxardaraq hava udur, üzməyi zəifiəyir, müvazinətini itirir, yanı üstə çevrilir, bezi hallarda isə başıaşağı dayanır. Bu zaman suyun üzərində balığın yalnız quyruq üzgəci görünür və balıq uzun müddət belə vəziyyətdə hərəkətsiz qalır.