Hüseynəli bəy Bayat () — Səfəvi imperiyasının diplomatı və I Abbas tərəfindən Avropaya Osmanlı imperiyasına qarşı ittifaq qurmaq məqsədilə göndərilən səfir (1599–1602). Hüseynəli bəy Bayat tayfasından idi.
Səfir təyin edildiyi zaman artıq yaşlı, təcrübəli bir şəxs olaraq tanınırdı. 1599–1602-ci illərdə səfirlik Moskvadan başlayaraq Praqa, Münhen, Mantuya, Florensiya, Roma və İspaniya, habelə Portuqaliya kimi müxtəlif Avropanın ərazilərinə səfərlər etmişdir.
Həyatı Hüseynəli bəy Səfəvilər dövlətinin Sistan vilayətində doğulmuşdu. Mənşəcə türkmən Bayat tayfasından idi. Səfir təyin edildiyi dövrdə artıq yaşlı bir kişi idi. Suriyalı diplomat Mişel Anqelo Koray tərəfindən 200–300 əsgərin başçısı və şah sarayına yaxın şəxs kimi təsvir olunurdu. Onun qardaşı oğlu Əliqulu bəy Bayat Oruc bəy Bayatın dostu idi və hər ikisi sonradan onu diplomatik missiyada müşayiət etdilər.
I Abbas Osmanlılara qarşı dəstək və ittifaq toplamaq məqsədilə Avropaya Ser Entoni Şirlinin başçılığı ilə mühüm diplomatik missiya göndərmək qərarına gələndə, Entoni şahdan ona yüksəkrütbəli bir şəxsi göndərməsini istəmişdi. Abbas Qızılbaş zadəganı Hüseynəli bəyi seçdi və tarixçi Devid Blounun fikrincə, onu missiyanın rəsmi rəhbəri təyin etmişdi. Lakin bu məsələ, görünən odur ki, Entoniyə heç vaxt tam açıqlanmayıb və ya o, Hüseynəli bəy Bayatın rəhbərliyini qəbul etməkdən imtina edib. Bu aralarında daimi gərginlik və zaman-zaman üstünlük uğrunda sərt mübahisələrə səbəb olmuşdu. I Abbasın ilkin olaraq Entoni əvəzinə seçdiyi Robert Şirli isə girov olaraq Səfəvi ərazisində qaldı.
Rusiyada Hüseynəli bəy və Şirlini fransiskan rahibləri Alfonso Kordero, Nikolas de Melo, Hüseynəli bəyin bacısı oğlu Əliqulu bəy, Oruc bəy Bayat (sonradan Don Xuan), Bünyad bəy və Entoninin öz dəstəsindən on doqquz nəfər müşayiət edirdi. Hüseynəli bəy əlavə olaraq bir neçə xidmətçi də götürmüşdü. Səfirliyin İsfahandan dəqiq nə vaxt yola düşdüyü bilinmir. Müqəddəs Roma imperiyasında Venesiya səfiri olmuş Pietro Duodo bu tarixi 24 may kimi göstərir, Oruc bəy Bayat isə 9 iyul olduğunu yazır. Duodonun qeydləri, Şirliyə Gilanda I Abbas tərəfindən göndərilmiş etimadnamələrin tarixi ilə üst-üstə düşür. Buna görə də, səfirliyin rəsmi yola düşmə tarixi kimi 24 may 1599 qəbul edilməlidir. Səfirlik İsfahan-Dövlətabad-Kaşan-Qum-Savə-Qəzvin marşrutu ilə Gilana getdiyindən, İsfahandan faktiki çıxışları yəqin ki, may ayının əvvəlində baş verib. Şirlinin dəstəsinin qalan üzvləri — qardaşı Robert, Con Uord, Con Perrot və Qabriel Bruks — Dövlətabaddan yola çıxaraq I Abbasın sarayında yollandılar.
Hüseynəli bəy İsfahandan çıxan karvanla təmas qura bilməmiş və Şirli ilə yalnız Gilanda görüşmüşdü. Səfirlik iyun ayının sonunadək Gilanda qalmışdı, çünki hava şəraiti əlverişsiz idi. Oruc bəy Bayatın qeydlərinə əsasən, səfirlik Rudsərdən çıxdıqdan sonra Xəzər dənizində fırtınaya düşmüş və sentyabr ayının ortalarında Manqışlaq üzərindən Həştərxana çatmışdı. Daha sonra orada Rusiyaya səfir kimi göndərilmiş Pirqulu bəy ilə qarşılaşmışdılar. Həştərxanda 16 günlük qaldıqdan sonra Volqa çayı ilə beş avarlı qayıqda Nijni Novqoroda yollanmışdılar. Səfirlik Kazan vasitəsilə Moskvaya gedərkən yeddi həftəlik gecikmə yaşamışdı. Hüseynəli bəyin səfirliyi buradan Polşaya keçməli idi, lakin çar Boris Qodunov onların Polşaya getməsinə qəsdən mane olmuşdu. Görünən odur ki, Nikolas de Melo və Entoni Şirli Rusiyada mübahisə yaşamış, Hüseynəli bəy isə tərəflər arasında vasitəçilik etməyə çalışsa da, uğur qazana bilməmişdi. Nəhayət, Melo həbs olunaraq Rusiyanın şimalındakı Solovetski monastırına sürgün edilmişdi.
Səfirlik qış aylarını Moskvada keçirdikdən sonra Yaroslavl, Rıbinsk, Totma, Turavets və Xolmaqori marşrutu ilə Arxangelskə çatmışdı. Burada 20 gün qaldıqdan sonra, flamand gəmisinin tapılması ilə səfirlik Şirlinin tövsiyəsi ilə Romaya göndərilməsi üçün 32 qutu hədiyyəni birbaşa yollamışdı. Lakin bu hədiyyələr heç vaxt Romaya çatmamışdı. Oruc bəy Bayatın fikrincə, Şirli bu əşyaları gəmi kapitanına satmışdı. Digər tərəfdən, Şirli isə hədiyyələrin Avropa hökmdarları üçün yetərincə keyfiyyətli olmadığını iddia edərək onları Səfəvilərə geri qaytardığını demişdi.
Müqəddəs Roma imperiyasında link=https://en.wikipedia.org/wiki/File:Naumburg_Zu_den_drei_Schwanen_(01).jpg|thumb|Hüseynəli bəyin Naumburqda qaldığı "Zu den Drei Schwanen" mehmanxanası (2012) Səfirlik Arxangelskdən Norveç sahili boyunca hərəkət edərək Elba çayının yaxınlığında yerləşən Hanza şəhəri Ştadeyə çatdı. Oradan avqust ayında Emdenə yola düşdülər və burada Şərqi Friziyanın qrafı III Enno tərəfindən qarşılandılar. Ennonun səfirlik barədə imperatora əvvəlcədən məlumat verməməsinə görə, Hüseynəli bəy özü bir çapar göndərdi. Aurix-Frideburq-Noyenburq marşrutu ilə Oldenburqa çatan diplomatlar burada Oldenburq qrafı VII İohannla görüşdülər. 14 sentyabrda Oldenburqdan Kasselə gəlib Hessen-Kassel landqrafı Moris ilə görüşdülər — bu görüşü saray tarixçisi Vilhelm Dilix qeyd edib. Moris onları qarşılamağa üç atlı karvan göndərmişdi. Səfirlər Kasseldə on gün qonaq qaldılar; Moris sarayının otaqlarını, dəniz mərcanı ilə bəzədilmiş qiymətli daşlardan ibarət olan kabinetini, silah anbarını, tövlələri və şəhərin yeni toplarını nümayiş etdirdi. Rəsmi ziyafət zamanı masaya meyvələr, çəngəllər və "duz" formasında şəkərli badam xəmiri (marsipan) təqdim olundu — səfirlər əvvəlcə dadı anlamadıqları üçün gülüşdülər. Moris öz oğlunun iştirak etdiyi cəngavər turniri də təşkil etmişdi. Səfirlər Kasseldə 8 gün qaldıqdan sonra şərqə — Veymar-Alsfeld marşrutu ilə hərəkət edərək, 30 sentyabrda Rotenburq an der Fuldaya çatdılar və Şmalkalden, Qota, Erfurt üzərindən Naumburqa yollandılar. Onların Naumburqa gəlişi Müqəddəs Vensel kilsəsinin diakonu olan Yohannes Burgerin Annalium Naumburgensium adlı salnaməsində qeyd olunmuşdur. Gecəni şəhərin məşhur Zu den drei Schwanen adlı karvansarasında (bu gün Naumburqun Yakobsştrasse kvartalında yerləşir) keçirmişdilər.
Hüseynəli bəy Leypsiqdə Saksoniya kürfürstü II Kristian ilə görüşmək istəmiş, lakin hersoq görüşə məhəl qoymadığı üçün səfirlər Praqaya getməyə qərar vermişdilər. Hüseynəli bəy Saksoniyanın qalan hissəsindən keçərək Lounidə nahar etmişdi. Səfirlər axşam Slani şəhərində yerləşən "Modletitski evi"ndə üç gün dincəldilər. 10 oktyabrda Slanidən çıxaraq Praqanın qərbində yerləşən Stella pavilyonuna () çatdılar. Müqəddəs Roma imperatoru II Rudolf səfirləri 300 atlıdan ibarət kortejlə qarşılamışdı. Praqada onlar "Dəli Adam" () adlanan və Prexorovski ailəsinə məxsus, indiki Karmelitska küçəsində yerləşən mehmanxanada qalırdılar. Oruc bəy bu renessans üslublu mehmanxananı "saray" adlandırmışdı. Səfirlik burada bir həftə qaldı. Bu müddət ərzində Hüseynəli bəy bir sıra ölkələrin səfirləri ilə görüşlər keçirdi. Sonradan o, imperatorun xüsusi dəvəti ilə Praqa qəsrini bir neçə dəfə ziyarət etdi. Qonaqlar üçün nəzərdə tutulmuş mərasim proqramına uyğun olaraq, imperatorun xidmətçiləri onu muzeylər, nadir heyvanlar və təbiət nümunələri kolleksiyası, imperator geyimləri, tövlələr və şir qəfəsi ilə tanış etdilər.
Hüseynəli bəyin səfirliyi 17 noyabrda Praqadan çıxmağa hazır idi. İmperator ona İrana qayıtmağı tövsiyə etmişdi. O, şahın məktublarını Avropaya öz elçiləri vasitəsilə çatdırmağı da təklif etsə də, Hüseynəli bəy bunu qəbul etmədi. Praqada üç gün daha qalan Hüseynəli bəy imperatordan ittifaqa dair təminat istədi. Səfirliyin digər şərti isə daha sərt idi: əgər müharibə başlayarsa, imperator sülh danışıqlarına yalnız şahın xəbəri olarsa başlaya bilərdi. Hüseynəli bəy 18 dekabrda hələ də Praqada idi. Habsburqlar ona başa salmağa çalışdılar ki, əgər imperator sülh istəyərsə, İrana elçi göndərmək uzun vaxt çəkir və məktub aylarla yolda qala bilər.
Səfərdən əvvəl imperator Rudolf məşhur flamand oymaçısı Eqidiy Sadelerə hər iki səfirin portretini sifariş etmişdi. Praqadan çıxarkən imperatorun at arabaları və onun müşayiət heyəti səfirləri Berouna qədər (təxminən 25 km) müşayiət etmişdi. Səfirlik nəhayət 5 fevralda Praqanı tərk etdi. Tarixçi Frans Babingerin yazdığına görə, diplomatlar Rokitsani, Plzen, Kladrubi, Primda marşrutu ilə Bavariyaya daxil olmuşdular. Müqəddəs Roma imperatorlarının Praqadan Nürnberqə getmək üçün istifadə etdiyi ənənəvi "Qızıl Yol"un cənub alternativi ilə Vaydhaus, Fohenştrauss, Hirşau və Hahnbaxdan keçərək Sulzbax şəhərində gecələdilər. Oruc bəyin yazdığına görə, onları burada Zulsbax qrafı Otto Henrix yaxşı qonaqlamışdı.
Ertəsi gün səfirlik Hersburqa yola düşdü və Lauf an der Peqnits şəhərindən keçərək Nürnberqə daxil oldu. Oruc bəyin məlumatına görə, səfirlik 12 fevralda şəhərə girdi, baxmayaraq ki, yerli salnaməçi Şam bayramı — 2 fevral 1601 tarixini qeyd edir. Səfirlər şəhərdə Bitterholtz adlı mehmanxada (1945-ci ildə bombardmanda məhv edilib) üç gün qalıb, silah anbarı və taxıl ambarına aparıldılar. Şəhərdən çıxdıqdan sonra İmperator marşrutu (Via Imperii) ilə Auqsburqa gedərək burada altı gün qaldılar. Daha sonra Bavariya kürfürstü I Maksimilian tərəfindən Münxendə qəbul olundular və üç gün qonaq oldular.
İtaliyada
Mantuya Hüseynəli bəy daha sonra Mantuyaya çatdı və burada I Vinçenzo Qonzaqa tərəfindən qarşılandı. Onlara Səfəvi casusu Mişel Anqelo Koray da qoşuldu. Hüseynəli Venesiyaya getməyi planlaşdıraraq Korayı qabaqcadan sinyoriyaya xəbər vermək üçün göndərdi. Verona şəhərində üç gün boyunca Dojdan rəsmi icazə gözlədikləri vaxtda gözlənilməz xəbər aldılar: Venesiya hazırda bir Osmanlı səfirini qəbul edirdi və bu səbəbdən Səfəvi səfirlərinin gəlişi istənilmirdi. Oruc bəyin sözlərinə görə, bu xəbər Hüseynəli bəyi qəzəbləndirmiş və bunu təhqir kimi qəbul etmişdi.
Toskana 1601-ci il 16 martda səfirlik Toskana Böyük hersoqluğunun paytaxtı Florensiyaya çatdı. Mediçi ailəsinin baş xidmətçisi olan İmolalı Ennea Vaini onları Skarperiya kəndində qarşıladı. Şirli Pratolino kəndindən keçərkən atını çaparaq Hüseynəli bəydən əvvəl Florensiyaya çatmağa çalışdı, bu da Vainidə onun əsas səfir olmadığına dair şübhələr oyatdı. Səfirlik gecəni Pitti sarayında keçirdi. Vaini Şirli və Hüseynəli bəy üçün bir-birinin tam qarşısında yerləşən otaqları təyin etmişdi. Hüseynəli bəy və müşayiətçiləri qonaqlar salonunun yanında yerləşən dörd otaqda, Şirli və onun adamları isə hersoq kilsəsinin yanındakı dörd otaqda yerləşdirilmişdi.
19 martda səfirlər Vaini ilə birlikdə hersoqun yaşadığı Pizaya yola düşdülər. I Ferdinand onları Arno çayı sahilindəki Mediçi sarayında (indiki Milli Kral Sarayı Muzeyi) qəbul etdi. İlk qarşılayan şəxs hersoqun qeyri-qanuni qardaşı Ciovanni de Mediçi oldu. Səfirlik gec saatlarda saraya çatdığı üçün Ciovanni onları San Nikola kilsəsinə yaxınlıqdaki otaqlara apardı. Şirli ilə Hüseynəli bəy arasındakı rəqabət Toskanada da özünü göstərdi. Şirli hersoqu ayrıca görərək ona guya I Abbasın yazdığı məktubu təqdim etdi. Oruc bəy bu məktub barədə heç nə qeyd etmir, məktub italyanca tərtib olunub və Florensiya arxivində saxlanılır. Hüseynəli bəy isə I Abbasın Ferdinand üçün ayrıca məktub yazmadığını bildirib.
Oruc bəyin məlumatına görə, səfirlik Pizada 10 gün qalıb, lakin Toskana arxiv sənədləri onların bir həftədən bir qədər çox qaldığını göstərir. Hersoq onları Livorno şəhərinə apardı və yeni inşa olunmuş liman və müdafiə istehkamlarını göstərdi ki, bu da Səfəvi nümayəndələrini heyran etmişdi. 28 martda səfirlik hersoqla birlikdə Florensiyaya qayıtdı və Romaya yola düşməyə hazırlaşdı. Səfər zamanı (ya Sienada, ya da Viterboda) Hüseynəli bəy Şirliyi Arxangelskdə Avropa hökmdarları üçün nəzərdə tutulmuş hədiyyələri oğurlamaqda ittiham etmişdi. 2 aprelə qədər səfirlik Viterboya çatdı və burada bir kardinal onları qarşılayaraq barışdırdı.
Roma link=https://en.wikipedia.org/wiki/File:Arolsen_Klebeband_01_475_3.jpg|thumb|370x370px|Hüseynəli bəyin 1601-ci ildə Vyanada naməlum müəllif tərəfindən hazırlanmış qravürü