Aleksandr Aleksandroviç Alexin (səhvən Alyoxin kimi də qeyd olunur) (; ) — rus şahmatçısı, şahmat üzrə 4-cü dünya çempionu (1927–1935; 1937–1946).
Həyatı Müxtəlif dövrlərdə Rusiya imperiyası, Sovet İttifaqı və Fransa adından çıxış etmişdir.
Tarixdə ən güclü şahmatçılarından biri hesab olunur.
1921-ci ildə Sovet hakimiyyətinin qurulmasından sonra Rusiyanı tərk edərək Fransaya köçmüş, 1925-ci ildə bu ölkənin vətəndaşlığını almışdır.
1927-ci ildə dünya çempionu adı uğrunda keçirilən görüşdə məğlubedilməz hesab edilən Xose Raul Kapablankanı məğlub edərək dünya çempionu tituluna yiyələnmiş və sonrakı illərdə iştirak etdiyi bütün turnirləri rəqibləri üzərində böyük üstünlüklə başa vurmuşdur.
1929 və 1933-cü illərdə Almaniyanı təmsil edən rus şahmatçısı Yefim Boqolyubov qarşısında öz titulunu qorumuşdur. 1935-ci ildə Maks Eyveyə məğlub olsa da, iki il sonra matç-revanşda qalib gələrək dünya çempionu titulunu geri qaytardı və 1946-cı ildə qəfil ölümünədək titulunu saxladı.
Aleksandr Alexin məğlub edilmədən dünyasını dəyişən yeganə dünya çempionudur.
Alexin hərtərəfli şahmatçı idi. O, daha çox özünün hücum xarakterli oyun tərzi və effektli, dərin düşünülmüş kombinasiyaları ilə məşhurdur. Bununla yanaşı, o, debütlərdə çox sayda nəzəri yeniliklərin müəllifi olmuş və yüksək endşpil texnikası ilə seçilmişdir.
Alexin 92 yarışda iştirak etmiş (5 olimpiada, 87 turnir), 49 turnirdə qalib olmuş, 13-ndə birinci yeri bölüşmüşdür. Keçirdiyi 24 matçdan 17-sini qazanmış, dördünü heç-heçə ilə başa çatmış, üçündə məğlub olmuşdur. Məğlubiyyətlərindən biri karyerasının başlanğıcında, qalan ikisi isə Maks Eyveyə qarşı olmuşdur.
1946-cı il martın 24-da vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər Aleksandr Alyoxin Chessgames of Alexander Alekhine
Kateqoriya:Rusiya şahmatçıları Kateqoriya:SSRİ şahmatçıları Kateqoriya:Fransa şahmatçıları Kateqoriya:Şahmat üzrə dünya çempionları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Rusiya şəxsləri Kateqoriya:Məzarı köçürülənlər