Rusiya İmperiyası Ordusu () — 1721-ci ildən 1917-ci ilə qədər Rusiya imperiyasının təhlükəsizliyini təmin etmiş ordu.
İmperiya Ordusunun son veteranı olan əslən ukraynalı Mixail Kriçevski 2008-ci ildə vəfat etmişdir.
thumb|alt=Şəkil|1812-ci il Vətən müharibəsinin Smolensk döyüşünün S. N. Prisekin tərəfindən işlənilmiş bədii təsvirini əks etdirən 954 nömrəli Rusiya xatirə markası (2004-cü il)
thumb|alt=Şəkil|Odessanın Kulikovo meydanındakı təlim meydançasında Rusiya İmperator Hərbi Dəniz Qüvvələrinin matrosları (XIX əsrin sonu – XX əsrin əvvəlləri)
thumb|alt=Şəkil|Səhra telefonundan istifadə edən Rusiya İmperator Ordusu hərbçisinin rekonstrusiyası (Riqa Hərb Muzeyi)
I Pyotr və nizami İmperiya ordusunun formalaşması thumb|alt=Şəkil|I Pyotr
Rusiya İmperator Ordusunun formalaşması XVII əsrin sonu və XVIII əsrin əvvəllərində Rusiya dövlətinin hərbi və inzibati quruluşunda baş verən dəyişikliklərlə bağlı idi.I Pyotrun hakimiyyəti dövründə hərbi təşkilatın yenidən qurulması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Bu dəyişikliklər nəticəsində əvvəlki Moskva hərbi qurumlarının yerini tədricən daha daimi və dövlət tərəfindən təşkil edilən nizami hərbi sistem tutdu. William C. Fuller Rusiya tarixində ordunun mühüm rolunu vurğulayaraq onun yalnız xarici müharibələrdə deyil, həm də dövlətin ərazi bütövlüyünün qorunması və hakimiyyətin möhkəmləndirilməsi baxımından əhəmiyyətli institut olduğunu qeyd edir. Fuller XVII əsrdə Moskva dövlətinin qarşılaşdığı geniş ərazi, məhdud resurslar və hərbi təşkilatın səmərəli şəkildə səfərbər edilməsi problemi üzərində dayanır və sonrakı dövrdə bu imkanların daha sistemli şəkildə səfərbər edilməsini Rusiyanın hərbi gücünün yüksəlişinin mühüm şərtlərindən biri kimi nəzərdən keçirir.
I Pyotrun hərbi dəyişiklikləri əvvəlki Moskva hərbi ənənəsindən tamamilə qopuş şəklində baş verməmişdi. XVII əsrdə Rusiyada Avropa nümunələrindən istifadə edən yeni tipli hərbi hissələrin yaradılması və hərbi təşkilatın dəyişdirilməsi istiqamətində artıq müəyyən təcrübə mövcud idi. Pyotrun dövründə bu təcrübə daha geniş və sistemli dəyişikliklər çərçivəsində inkişaf etdirildi. Brian D. Taylorun Rusiya ordusunun 1689–1914-cü illərdəki təşkilati-mədəni inkişafına həsr olunmuş araşdırması Pyotr dövrünü imperiya ordusunun sonrakı inkişafını müəyyən edən başlanğıc mərhələlərdən biri kimi nəzərdən keçirir.
thumb|alt=Şəkil|Böyük Şimal müharibəsinin hərbi əməliyyatlar teatrı xəritəsi (1707–1709-cu illər dövrü)
Böyük Şimal müharibəsinin başlanması ordunun yenidən təşkilini daha da sürətləndirdi. 1700-cü ildə Narva döyüşündə XII Karlın komandanlığı altında İsveç ordusu qarşısında Rusiya qoşunlarının məğlubiyyəti Pyotr dövrünün ən mühüm hərbi uğursuzluqlarından biri oldu. Sergei A. Chirkinin RUDN Universitetinin elmi jurnalında dərc edilmiş araşdırmasına görə, Narva məğlubiyyəti Rusiya ordusunun vəziyyətində ciddi problemləri üzə çıxarmaqla yanaşı, sonrakı institusional inkişafın və hərbi islahatların sürətlənməsinə təkan verdi. Müəllif döyüşün Rusiya nizami ordusunun formalaşması baxımından mühüm mərhələ olduğunu və məğlubiyyətdən sonra ordunun əsaslı şəkildə yenidən qurulduğunu göstərir.
Ordunun yenidən qurulmasının əsas istiqamətlərindən biri onun şəxsi heyətlə təmin edilməsi sisteminin dəyişdirilməsi idi. XVIII əsrin əvvəllərində formalaşdırılan rekrut sistemi sonrakı Rusiya imperiya ordusunun mühüm institusional əsaslarından birinə çevrildi. İrina Deminanın 2024-cü ildə Genesis: "Historical Researches" jurnalında dərc olunmuş araşdırmasına görə, Rusiyada rekrut öhdəliyinin tətbiqini birdəfəlik qərarın nəticəsi kimi qiymətləndirmək düzgün deyil. Sistem 1699-cu ildə formalaşmağa başlamış, 1705-ci ildə onun əsasları yaradılmış və sonrakı dəyişikliklərdən sonra 1711-ci ilə qədər dövlət sisteminin tərkib hissəsinə çevrilmişdir.
1705-ci il 20 fevral tarixli fərman rekrut sisteminin inkişafında mühüm mərhələ idi. Deminanın araşdırmasına əsasən, 1705–1709-cu illərdə Moskva dövlətinin şəhərlərindən hər il bir dəfə olmaqla beş böyük rekrut toplanması həyata keçirildi. 1710–1711-ci illərdə isə rekrut toplama əsasən Moskva və ona bitişik qəzaların əhalisi üzərində cəmləşdi. Bu prosesin təşkili dövlət idarəçiliyində və ərazi bölgüsündə baş verən dəyişikliklərlə də əlaqəli idi. Beləliklə, hərbi qüvvələrin şəxsi heyətlə təmin edilməsi tədricən dövlət tərəfindən idarə olunan daha sistemli mexanizmə çevrildi.
Rekrut sisteminin tətbiqi yalnız ordunun sayını artırmaq məqsədi daşımırdı; onun mühüm nəticələrindən biri əsgərlərin dövlət tərəfindən daha uzunmüddətli hərbi xidmət üçün təmin edilməsinə əsaslanan nizami ordu modelinin möhkəmlənməsi idi. Demina rekrut sisteminin formalaşmasını ordunun təşkilati inkişafı ilə birlikdə nəzərdən keçirir və onun dövlətin hərbi resursları səfərbər etmək imkanlarını genişləndirdiyini göstərir. Bununla yanaşı, yeni sistem sosial baxımdan ciddi yük yaradırdı: rekrutluqdan yayınma və fərarilik geniş yayılmış problemlərdən birinə çevrilmişdi və hökumət buna qarşı müxtəlif cəza və nəzarət tədbirləri tətbiq edirdi.
thumb|alt=Şəkil|Qustaf Sederström: "Narva qələbəsi" (1905). 1700-cü ildə Narva döyüşündən sonra rus qoşunlarının isveçlilərə təslim olmasını təsvir edən rəsm əsəri
Narvadan sonrakı illərdə hərbi islahatlar davam etdi və Rusiya ordusu Böyük Şimal müharibəsinin gedişində döyüş qabiliyyətini tədricən artırdı. Chirkinin araşdırmasına görə, 1700-cü il məğlubiyyətindən sonra ordunun radikal şəkildə yenidən təşkili nəticəsində artıq 1701–1702-ci illərdə İsveç qüvvələri üzərində ilk qələbələr əldə edildi. Sonrakı hərbi uğurlar, xüsusilə 1709-cu ildə Poltava döyüşündə qələbə, 1700-cü il Narva məğlubiyyətindən sonra aparılan dəyişikliklərin nəticələrinin üzə çıxmasında mühüm mərhələ oldu.
thumb|alt=Şəkil|frameless|400px||I Pyotr Preobrajenski alayının hərbi formasında, Poltava döyüşü
I Pyotrun hakimiyyətinin sonuna doğru formalaşan hərbi sistem XVIII əsrin qalan hissəsində Rusiya ordusunun inkişafı üçün əsas təşkilati və institusional baza yaratdı. Bruce W. Menning XVIII əsrdə Rusiya imperiya ordusunun inkişafını ayrıca araşdıraraq onun Pyotr dövründə yaranmış hərbi ənənənin davamı kimi formalaşdığını göstərir. Menningə görə, XVIII əsr Rusiya hərbi tarixində ordunun həm xarici müharibələrdə, həm də imperiyanın siyasi və sosial quruluşunda mühüm mövqe qazandığı dövr idi. Bu mərhələdə Rusiya ordusu İsveç, Osmanlı dövləti, Polşa-Litva Birliyi və digər rəqiblərlə mübarizədə imperiyanın genişlənməsində mühüm rol oynadı.
Beləliklə, I Pyotr dövründə Rusiya ordusunun transformasiyası ayrı-ayrı hərbi tədbirlərin məcmusu deyil, şəxsi heyətin cəlb edilməsi, hərbi təşkilatın yenidən qurulması və dövlətin maddi və insan resurslarının daha sistemli səfərbər edilməsi ilə müşayiət olunan uzunmüddətli institusional proses idi. 1699–1711-ci illərdə rekrut sisteminin formalaşması, 1700-cü il Narva məğlubiyyətindən sonra islahatların sürətlənməsi və Böyük Şimal müharibəsi dövründə əldə edilən hərbi uğurlar bu transformasiyanın əsas mərhələlərini təşkil etdi.
Birinci Dünya müharibəsi illərində thumb|alt=Şəkil|"Hərbi istiqraz" — Birinci Dünya müharibəsi zamanı cəbhəni maliyyələşdirmək üçün buraxılmış Rusiya təbliğat plakatı
Rusiya İmperiyası Birinci Dünya müharibəsinə 1914-cü ilin avqustunda Antanta dövlətlərinin tərəfində daxil oldu. Rusiya İmperator Ordusunun əsas əməliyyat məkanı Şərq cəbhəsi idi və burada Almaniya və Avstriya-Macarıstan qüvvələrinə qarşı döyüşürdü. Şərq cəbhəsi Qərb cəbhəsindən həm miqyasına, həm də əməliyyatların xarakterinə görə fərqlənirdi. Cəbhənin genişliyi böyük qoşun birləşmələrinin uzun məsafələr üzrə hərəkətinə imkan verir və müharibənin ilk illərində mövqe müharibəsindən daha çox genişmiqyaslı manevrlərin üstünlük təşkil etməsinə şərait yaradırdı. Eyni zamanda, cəbhənin genişliyi təchizat, rabitə və komandanlıq baxımından ciddi çətinliklər yaradırdı.
Müharibənin başlanğıcında Rusiya ordusunun səfərbərliyi Almaniyanın müharibə planlarının hesabladığından daha sürətli həyata keçirildi. Rusiya qüvvələri səfərbərliyin başlamasından cəmi on beş gün sonra Şərqi Prussiyaya daxil oldular. Bu hücum Fransaya qarşı Almaniya təzyiqini azaltmaq və Rusiya–Fransa ittifaqı çərçivəsində öhdəlikləri yerinə yetirmək məqsədi daşıyırdı. Şərqi Prussiyada Rusiya 1-ci Ordusu general Pavel Rennenkampfın, 2-ci Ordusu isə general Aleksandr Samsonovun komandanlığı altında fəaliyyət göstərirdi.
Şərqi Prussiya əməliyyatı Rusiya ordusu üçün ağır nəticələndi. Tannenberq döyüşündə Almaniya qüvvələri Samsonovun 2-ci Ordusunu mühasirəyə alaraq darmadağın etdilər. Steinberg bu məğlubiyyətin əsas səbəbləri arasında Rusiya ordularının qarşılıqlı əlaqəsinin zəifliyini, Şimal-Qərb cəbhəsinin komandanı Yakov Jilinskinin iki ordu arasında əməliyyat koordinasiyasını təmin edə bilməməsini və Rusiya komandanlığının sürətlə dəyişən döyüş şəraitinə nəzarəti itirməsini göstərir. Bununla belə, Tannenberq məğlubiyyətindən sonra Rusiya ordusu müharibəni davam etdirmək və başqa istiqamətdə genişmiqyaslı əməliyyat aparmaq imkanını qorudu.
Şərqi Prussiyadakı məğlubiyyətə baxmayaraq, Rusiya ordusu 1914-cü ilin avqustunun sonlarından etibarən Qalisiya istiqamətində Avstriya-Macarıstan qüvvələrinə qarşı böyük hücuma keçdi. Rusiya komandanlığı burada iki ordu əvəzinə dörd ordu səfərbər etmişdi və hücum səfərbərlikdən təxminən iyirmi dörd gün sonra başladı. Rusiya qoşunları sentyabrın ortalarına qədər Avstriya-Macarıstan qüvvələrini yüz mildən artıq geri çəkilməyə məcbur edərək Karpat dağlarının ətəklərinə qədər irəliləmişdilər.
thumb|alt=Şəkil|Przemışl qalası Qalisiya əməliyyatının mühüm nəticələrindən biri Przemışl qalasının uzunmüddətli mühasirəsi oldu. Rusiya 3-cü Ordusu 24 sentyabr 1914-cü ildə qala kompleksini mühasirəyə aldı. Almaniyanın Varşava istiqamətində hücumu ilə əlaqədar Rusiya qoşunlarının San çayının arxasına çəkilməsindən sonra mühasirə oktyabrın sonunda yenidən davam etdirildi və 1915-ci ilin martında Avstriya-Macarıstan qarnizonunun təslim olması ilə başa çatdı. Bu dövrdə Rusiya ordusunun təchizat və nəqliyyat problemləri, xüsusilə artilleriya mərmilərinin təminatındakı çatışmazlıqlar əməliyyatların sürətinə və davamlılığına ciddi təsir göstərirdi.
1914-cü ilin sonlarında Şərq cəbhəsində döyüşlər davamlı olaraq geniş miqyaslı manevrlərlə müşayiət olunurdu. Almaniya qüvvələri Şərqi Prussiyada Rusiya ordusunu geri oturtdular və daha sonra Polşa istiqamətində Rusiya qüvvələrini sıxışdırmağa çalışdılar. Lodz əməliyyatı da daxil olmaqla 1914-cü ilin sonundakı döyüşlər göstərdi ki, Şərq cəbhəsində tərəflər böyük məsafələr üzrə irəliləyə və geri çəkilə bilirdilər. Rusiya ordusunun əməliyyatları isə cəbhənin genişliyi, dəmir yolu və təchizat imkanlarının məhdudluğu və müxtəlif ordu qrupları arasında koordinasiya problemləri ilə çətinləşirdi.
1915-ci ildə Rusiya İmperator Ordusu ciddi hərbi və maddi sınaqla üzləşdi. 2 may 1915-ci ildə Almaniya və Avstriya-Macarıstan qüvvələri Qorliçe-Tarnov istiqamətində böyük hücuma başladılar. Təxminən 160 min nəfərlik hücum qüvvəsi və 600 ağır və yüngül artilleriya qurğusu ilə həyata keçirilən əməliyyat Rusiya müdafiəsində təxminən qırx millik yarıq yaratdı. Rusiya qoşunlarının ağır artilleriya və sursat baxımından çatışmazlığı, həmçinin müdafiə xəttlərinin yetərincə dərin olmaması hücumun qarşısının alınmasını çətinləşdirdi.
Qorliçe-Tarnov hücumundan sonra Rusiya ordusu 1915-ci ilin Böyük geriçəkilməsinə başladı. Przemışl və Lvovun itirilməsi, daha sonra Varşavanın 5 avqust 1915-ci ildə boşaldılması nəticəsində Rusiya qüvvələri Polşa çıxıntısından geri çəkildilər və cəbhə xətti şimala və cənuba doğru xeyli dəyişdi. Bununla belə, Rusiya imperiyasının ərazisinin genişliyi Almaniya və onun müttəfiqlərinin əldə etdikləri əməliyyat uğurlarını Rusiyanı müharibədən çıxarmaq üçün kifayət etmədi.