Rövşən Cənnət oğlu Bayramov (7 may 1987; Bakı, Azərbaycan SSR) – Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. 2004–2017-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edən Rövşən Bayramov, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında gümüş medallara sahib olub.
2011-ci ildə İstanbulda Dünya Çempionatının qalibi olan Rövşən Bayramov, ümumi olaraq dörd dəfə Dünya Çempionatının medallarına sahib olub (2006 və 2015-ci illərdə gümüş, 2009-cu ildə isə bürünc medallar). Avropa Çempionatlarında isə o, 2 dəfə (2007 və 2008-ci illərdə) qalib olub.
Rövşən Bayramov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 avqust 2008-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 31 avqust 2012-ci il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Rövşən Bayramov 2021-ci ilin mart ayında Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvüdür.
Həyatı Rövşən Bayramov 1987-ci il mayın 7-də Bakı şəhərində anadan olub. 1993–2004-cü illərdə Binəqədi rayonu Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbdə təhsil alan Rövşən Bayramov, 2004–2008-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. Şəxsi məşqçisi Hicran şərifovdur
Rövşən Bayramov ailəlidir, 2 oğlu var.
Karyerası
2002–2003-cü illər: Gənclər arasında Dünya çempionluğu Rövşən Bayramov beynəlxalq səviyyədə birinci turnirinə 2002-ci ilin iyul ayında Odessa şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatı çərçivəsində qatıldı. Nəticədə o, həmin turnirin bürünc medalına sahib oldu. Bir il sonra Rövşən Bayramov Rostov-na-Donu şəhərində baş tutan analoji turnirdə mübarizə apardı və növbəti dəfə bürünc medalın sahibi oldu.
2003-cü ilin avqust ayında isə Rövşən Bayramov İstanbul şəhərində baş tutan gənclər arasında Dünya Çempionatında çıxış etdi. 1/16 final mərhələsində Rusiya nümayəndəsi Konstantin Tsoini 5:0, 1/8 final mərhələsində Polşa təmsilçisi Grzegorz Bulanı 6:3, 1/4 final mərhələsində Qazaxıstan nümayəndəsi Kairbəy Berihovu 3:0, 1/2 final mərhələsində isə Türkiyə təmsilçisi Halil İbrahim Erciyası 7:2 hesabları ilə məğlub edən Rövşən Bayramov, çempionatın final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə o, Cənubi Koreya nümayəndəsi Yun-Min Yon ilə üz-üzə gəldi və rəqibi üzərində 9:0 hesabı ilə inamlı qələbə qazanaraq gənclər arasında Dünya Çempionatının qızıl medalına sahib oldu.
2004–2006-cı illər: Qazanılan birinci nailiyyətlər 16 yaşında gənclər arasında Dünya Çempionatının qalibi olmağı bacaran Rövşən Bayramov, 2004-cü ilin mart ayında Dünya Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Nəticədə o, 14-cü pillənin sahibi oldu.
Daha sonra Rövşən Bayramov Avropa Çempionatlarında debüt etdi. Həmin ilin 8–11 aprelində İsveçin Haparanda şəhərində baş tutan çempionatda o, birinci görüşdə Bolqarıstan nümayəndəsi Venelin Venhovu 4:0 hesabı ilə məğlub eləsə də, növbəti görüşdə Türkiyə təmsilçisi Bayram Özdəmirə 1:3 hesabı ilə məğlub oldu. Nəticədə Rövşən Bayramov Avropa Çempionatını 8-ci pillədə başa vurdu.
Rövşən Bayramov növbəti turnirinə iyul ayında gənclər arasında Avropa Çempionatı çərçivəsində qatıldı. Sloveniyada baş tutan çempionatda o, birinci görüşdə Yunanıstan nümayəndəsi Apostolos Manulisidisi 12:2, növbəti görüşdə isə Gürcüstan təmsilçisi Mirian Nişnianidzeni 6:5 hesabları ilə məğlub eləsə də, növbəti görüşdə Ukrayna nümayəndəsi Daniel Krimova gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə 7:8 hesabı ilə məğlub oldu və nəticədə gənclər arasında Avropa Çempionatında 5-ci pillənin sahibi oldu.
Daha sonra Rövşən Bayramov Bolqarıstanın Albena şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı. Nəticədə o, turniri 8-ci pillədə başa vurdu.
2005-ci ildə Rövşən Bayramov əvvəlcə gənclər arasında Dünya Çempionatında çıxış etdi. İyul ayında Litvanın Vilnüs şəhərində baş tutan turnirin 1/6 final mərhələsində o, Bolqarıstan nümayəndəsi Tomi Stoyanov üzərində 1:36 dəqiqə ərzində təmiz qələbə qazansa da, 1/8 final mərhələsində Özbəkistan təmsilçisi Şirəli Şadmanova 0:2 hesabı ilə məğlub oldu. Şirəli Şadmanov turnirin final görüşünə vəsiqə qazandıqından Rövşən Bayramov, təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupda o, əvvəlcə Ukrayna nümayəndəsi Vüqar Rəhimovu 2:1, sonra isə Misir təmsilçisi İbrahim Əl Səid Kərimi 2:0 hesabları ilə məğlub etdi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu görüşdə isə Rövşən Bayramov Türkiyə güləşçisi Həşim Bayqar ilə üz-üzə gəldi və rəqibini 2:0 hesabı ilə məğlub etdi. Bununla da o, gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.
Sentyabr ayında isə Rövşən Bayramov Dünya Çempionatlarında debüt etdi. Macarıstanın Budapeşt şəhərində baş tutan çempionatda o, 1/16 final mərhələsində Almaniya nümayəndəsi Sergey Shriphanı 2:1, 1/8 final mərhələsində isə Litva təmsilçisi Svajunas Adomaitisi 2:0 hesabları ilə məğlub etdi və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə Rövşən Bayramov 2004-cü ildə Afina Olimpiadasının qalibi olan Macarıstan nümayəndəsi İstvan Majoros ilə üz-üzə gəldi. Rəqibinə 0:2 hesabı ilə məğlub olan 18 yaşlı Rövşən Bayramov, debüt Dünya Çempionatını 7-ci pillədə başa vurdu.
Rövşən Bayramov 2006-cı ildə birinci turnirinə aprel ayında Rusiyada baş tutan Avropa Çempionatında qatıldı. Rövşən Bayramov Avropa Çempionatında əvvəlcə Rusiya nümayəndəsi Nazir Manhiyevi 2:0, sonra isə Gürcüstan təmsilçisi Revaz Laşxini 2:1 hesabları ilə məğlub etdi və yarım-final mərhələsinə adladı. Bu mərhələdə o, Bolqarıstan güləşçisi Venelin Venhov ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu. Bürünc medal uğrunda görüşdə isə Rövşən Bayramov Türkiyə güləşçisi Bayram Özdəmir ilə qarşılaşdı. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün nəticəsində Rövşən Bayramov rəqibi üzərində 2:1 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının bürünc medalına sahib oldu.
Dünya Çempionatından əvvəl Rövşən Bayramov, iyun ayında baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri turnirində mübarizə apardı və turnirin qalibi oldu.
2005-ci ilin əsas turniri sentyabr ayında Çinin Quançjou şəhərində baş tutan Dünya Çempionatı idi. Bir il əvvəl Dünya Çempionatı 7-ci pillədə başa vuran Rövşən Bayramov, bu səfər turnirin medalına sahib olmağı hədəfləyirdi. Bayramov birinci görüşdə Macarıstan nümayəndəsi Tibor Olah ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rövşən Bayramov 2:1 hesabı ilə qalib gəldi və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə o, Qırğızıstan təmsilçisi Rinat Usubyanov ilə qarşılaşdı və rəqibi üzərində 2:0 hesabı ilə asan qələbə qazanaraq 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə Rövşən Bayramov Qazaxıstan nümayəndəsi Yerbol Konıratov ilə üz-üzə gəldi. Həmin görüşdə də 2:0 hesabı ilə qalib gələn Rövşən Bayramov, Dünya Çempionatının 1/2 final mərhələsinə adladı. Bu mərhələdə o, son Dünya Çempionatının finalçısı olan Cənubi Koreya təmsilçisi Parh Yeun-Çul ilə qarşılaşdı. Həmin görüşdə Rövşən Bayramov 2:0 hesabı ilə qələbə qazanaraq Dünya Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə o, 2005-ci ildə Dünya Çempionatının qalibi olan İran güləşçisi Həmid Soryan ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rövşən Bayramov rəqibinə 0:2 hesabı ilə məğlub oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu. Bununla da o, Natiq Eyvazov və Fərid Mansurovda sonra Dünya Çempionatının medalına sahib olan üçüncü Azərbaycanlı yunan-roma güləşçisi oldu.
Daha sonra Rövşən Bayramov Hərbçilərin Dünya Çempionatında mübarizə apardı və çempionatın həlledici görüşündə Bayram Özdəmir üzərində qələbə qazanaraq turnirin qalibi oldu.
2006-cı il ərzində Avropa Çempionatının bürünc medalına, Dünya Çempionatının isə gümüş medalına sahib olan Rövşən Bayramov, Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən ilin ən yaxşı güləşçisi elan edildi. Həmçinin Gənclər və İdman Nazirliyinin (GİN) versiyasına görə 2006-cı ilin ən yaxşı 10 idmançısından biri, məhz Rövşən Bayramov oldu.
2007–2008-ci illər: Avropa çempionluğları və Olimpiada da uğur Rövşən Bayramov 2007-ci il ərzində Avropa və Dünya Çempionatlarında mübarizə apardı. Əvvəlcə o, 16–22 apreldə Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında çıxış etdi. Bir il əvvəl analoji turnirdə bürünc medala sahib olan Rövşən Bayramov, bu səfər çempionatın qalibi olmağı hədəfləyirdi. 1/8 final mərhələsində Yunanıstan nümayəndəsi Yoanis Sasaridis üzərində 2:0, 1/4 final mərhələsində isə Finlandiya təmsilçisi Ville Kaei üzərində 2:1 hesabları ilə qələbə qazanan Rövşən Bayramov, turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə isə o, Serbiya nümayəndəsi Kristiyan Fris üzərində təmiz qələbə qazanaraq çempionatın final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə Rövşən Bayramovun rəqibi Rusiya Federasiyasnın nümayəndəsi Zaur Kuraməhəmmədov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Kuraməhəmmədov 3:1 hesabı ilə, növbəti hissəsində isə Bayramov 4:0 hesabı ilə qalib gəldi. Bununla da ümumi hesab 1:1 oldu və qalib üçüncü hissədə məlum oldu. Həlledici hissənin 1:42-ci dəqiqəsində Rövşən Bayramovun fəndi rəqib üzərində təmiz qələbə qazanmaqla başa çatdı. Bununla da Rövşən Bayramov Avropa Çempionatının qalibi oldu. O, həmçinin Natiq Eyvazov və Vitali Rəhimovdan sonra Avropa Çempionatının qızıl medalına sahib olmağı bacaran üçüncü Azərbaycanlı yunan-roma güləşçisi oldu.
2007-ci ilin əsas turniri isə 16–24 sentyabrda Azərbaycanda baş tutan Dünya Çempionatı oldu. Həmin Dünya Çempionatında 1–8-ci pillələrin sahibi olan güləşçilər, 2008-ci ildə baş tutacaq XXIX Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqdı. Son Avropa Çempionatının qalibi Rövşən Bayramov, turnirin əsas favoritlərindən biri hesab olunurdu. O, birinci görüşdə 2006-cı il Avropa Çempionatının qalibi olan Ermənistan nümayəndəsi Roman Amoyan ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Amoyan 3:1 hesabı ilə, növbəti hissəsində isə Bayramov 2:1 hesabı ilə qalib gəldi. Bununla da ümumi hesab 1:1 oldu. Həlledici hissədə heç-heçə başa çatdı – 3:3. Qaydalara əsasən son xalı qazanan güləşçi görüşün qalibi hesab olunurdu. Nəticədə Rövşən Bayramov son xalı qazandığı üçün görüşdə qalib gəldi. Daha sonra o, 1/8 final mərhələsində Çin nümayəndəsi Jiao Huanfenqi 2:0 (7:0, 7:0) hesabı ilə məğlub etdi və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə Rövşən Bayramov 2 il əvvəl Çində Dünya Çempionatının yarım-final mərhələsində qalib gəldiyi Cənubi Koreya təmsilçisi Parh Yeun-Çul ilə qarşılaşdı. Amma bu səfər o, rəqibinə 0:2 (0:3, 0:3) hesabı ilə məğlub oldu. Jiao Huanfenq növbəti mərhələdə də qələbə qazanıb, finala vəsiqə qazandığı üçün Rövşən Bayramov təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə o, Rusiya güləşçisi Nazir Manhiyev ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Manhiyev 6:0 hesabı ilə, növbəti hissəsində isə Bayramov 3:1 hesabı ilə qalib gəldi. Bununla da ümumi hesab 1:1 oldu. Həlledici hissədə isə üstün tərəf Manhiyev oldu – 3:0. Bununla da Rövşən Bayramov Dünya Çempionatını 10-cu pillədə başa vurdu.