Yallı — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biridir.

2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir.ich.unesco.org Yalli (Kochari, Tenzere), traditional group dances of Nakhchivan

Etimologiya Azərbaycanın güney bölgələrində "yallı"ya "halay" da deyilir guney Azərbaycanın qərbi Azərbaycan əyalətində jəlman da adlanır. (Al/Hal) kökündən törəmişdir. Birlik və atəş mənaları ehtiva edir. Monqol "halah" feli sərbəst buraxmaq, rahatlaşdırmaq mənalarına gəlir. Mançurca "hələ" feli də eyni anlama gəlir.

Tarixi Yallı (Halay), türk və altay xalq mədəniyyətində mərasim rəqsidir. Kökləri miladdan əvvəlki dövrlərə gedən bir oyundur. Həyatın enerjisini, dövrünü, həmrəyliyi, hərəkəti, dayanıb davam etməyi və ritmi ehtiva edər.(Al Hal) sözcüyünün odla yəni həyati enerjiylə bağlı olması bu oyuna verilən əhəmiyyəti göstərir. Primitiv formasının adı Allı olaraq bilinər. Qobustan adlı bölgədə qayalara çəkilən köhnə çağlara aid şəkillərdə bu oyunun təsvir edildiyi görülməkdədir. Elley (Allay) adlı ilk ata ilə də əlaqəli görünməkdədir. Yakutlar bu rəqsə Ohokay deyərlər.

"Yallı" sözünün arxaik sinonimlərindən biri Çöppüdür. "Çöpü" sözünə Azərbaycan şairi Qətran Təbrizinin (1012–1088) "Divan"ındakı beytlərin birində rast gəlinir. Beytin izahında "Çöppü" sözünün yallıyabənzər, kollektiv oyun olduğu bildirilir. Deməli, Q. Təbrizinin XI əsrdə yaşadığını nəzərə alsaq, ondan əvvəlki əsrlərdə də Qobustan qayaüstü rəsmlərində təsvir edilən rəqslərə bənzər "Çöppü" adlı kütləvi oyunun icra edildiyi ehtimalı özünü doğruldur.Abbasqulu Nəcəfzadə. Azərbaycan idiofonlu çalğı alətləri . Bakı, 2010, səh. 38.

Yallı — rəqs sənətinin ilkin formasıdır.

Azərbaycan xalq musiqisinin, musiqi folklorumuzun çox geniş yayılmış və qədim tarixə malik olan janrlarından biri də rəqslərdir. Rəqs sənətinin çoxəsrlik tarixə malik olması faktı xalq rəqslərimizin əsas qollarından biri sayılan "yallı"nın yaranması ilə bağlıdır. Azərbaycanda "yallı"nın dərin kökləri haqqında bir çox mənbələr, arxeoloji qazıntılar, tarixi ərazilər bizə mühüm və maraqlı məlumatlar açıqlayır. Belə ki, Qobustan ərazisindəki qayaüstü təsvirlər, Ordubad ərazisində Gəmiqaya dağındakı əl-ələ verib dövrə ətrafında rəqs edən insan şəkilləri, arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif əşyaların üzərindəki yallı oynayan insan rəsmləri, tarixçilərin, alimlərimizin illərlə apardıqları elmi araşdırmalar Azərbaycanda mərasim rəqsi sayılan "Yallı"nın tarixini eramızdan əvvəl V minnilliyə aid olduğunu sübuta yetirmişdir.

Qobustandakı qayaüstü təsvirlərin yaranma tarixi üst Paleolit dövrünün orta Daş (Mezolit) dövrünə aid olunur. Buradakı qayaüstü təsvirlər ilk dəfə 1939-cu ildə aşkar edilmiş və ilk tədqiqat işi əməkdar elm xadimi İshaq Cəfərzadə tərəfindən aparılmışdır. Qobustanın qayaüstü təsvirlər kolleksiyası Böyükdaş, Kiçikdaş, Cingirdağ, Yazılıtəpə, Şonqar və Şıxqaya dağları sahəsində aşkar edilmişdir. Uzunluğu 15–20 km, eni isə 2 km olan bu ərazidə "petroqlif" üsulu ilə çəkilmiş (mənası; "daş üzərində naxış açma") 6 mindən çox təsvir əldə olunmuşdur ki, bu təsvirlərin bəzilərində əl-ələ tutub yallı gedən insan cizgilərinə rast gəlirik. Ordubadın Tivi və Nəsirvazlı kəndlərinin şimal-şərqində yerləşən, dəniz səviyyəsindən 3907m yüksəklikdə qərarlaşan Gəmiqaya dağındakı qayaüstü təsvirlər isə ilk dəfə 1960-cı illərdə qeydə alınmışdır. Buradan çoxlu sayda "qazma", "cızma", "döymə" üsulu ilə icra edilmiş (çəkilmiş) rəsmlər və piktoqrafik yazı nümunələri tapılmışdır. Gəmiqayada uzun müddət arxeoloji tədqiqatlar aparmış istedadlı alim-arxeoloq Vəli Əliyev tərəfindən öyrənilmiş qaya təsvirləri arasında bəzi rəsmlər "yallı" rəqsinin tarixindən xəbər verir. Təsvirlərin birində qayanın mərkəzi hissəsində od və günəş rəmzi sayılan kiçik dairə, onun ətrafında isə qollarını yuxarı qaldırıb rəqs edən insan rəsmləri həkk olunmuşdur.Gəmiqaya rəsmləri "Ədəbiyyat və İncəsənət" qəzeti. 2 avqust 1969-cu il

Qədim Midiya ərazisində aşkar edilən, boyalı qablar üzərində kişilərlə yanaşı qadınların da rəqs etdikləri təsvirlər, tək və kollektiv surətdə oynanılan rəqs şəkilləri çəkilmişdir"История Мидии", Баку. 1960. табло 36

Tarixdən bizə məlumdur ki, uzun əsrlər boyu Azərbaycanda atəşpərəstlik hökm sürmüşdür. Ümumiyyətlə, Azərbaycan hər zaman ərzin od məkanı, yanar odlar yurdu sayılmışdır. Heç bir biliyə malik olmayan, odun gücünə inanan ibtidai insanlar ov zamanı hansısa bir vəhşi heyvanın ovlanması sevincini və ya müxtəlif tapıntılarını, əldə etdikləri yeni nailiyyətlərini qeyd etmək üçün tonqallar qalayar, əl-ələ verib cərgə-cərgə, qrup halında odun ətrafında dövrə vuraraq müxtəlif rəqslər oynayardılar. Qədim dövrün bu adət-ənənələrindəki bəzi elementlər əsrlərin süzgəcindən keçə-keçə bu günümüzədək gəlib çatmış və indi də "yallı"larımızın ifası zamanı istifadə olunmaqdadır. Belə ki, keçmişdə günəşi, ayı, küləyi, odu və suyu müqəddəs sayan insanlar indi də baharın (Novruzun) gəlişini təntənə ilə qeyd edərək, bayram gününə kimi dörd çərşənbənin (su, od, torpaq, külək) hər birində tonqallar yandırır, odun üstündən tullanır, əl-ələ verərək tonqal ətrafında yallı gedirlər.

Yallılar qədim dövrlərdən bəri Azərbaycan ərazisinin indiki Şərur, Ordubad, Şahbuz, Şəki, Kəlbəcər, Laçın, Qazax və qərbi Azərbaycan ərazisi olan İrəvan bölgəsində çox geniş yayılmışdır. Bu bölgələrdə, əsasən toylarda və el şənliklərində yaşlı insanlardan başlayaraq uşaqlara kimi hər kəs dəstə tutub yallı gediblər. Ümumiyyətlə, "yallı" məfhumu Azərbaycan xalqının dilində çox qədim zamanlardan mövcuddur. Belə ki, "yal" sözü – dağın yüksəkliyində yerləşən düzəngah deməkdir. Azərbaycanda belə ərazilər saysızdır. Məsələn, Gəncənin 30 km cənubunda dağlıq yerdə sıra ilə düzülmüş sarı qayalıqda yerləşən düzəngah "Sarı yal" adlanır. Kəlbəcər və Laçın ərazisində Qırxqız yaylağı ilə Çilgəz dağının arasındakı düzəngaha "Gödək yal" deyirlər. Ümumiyyətlə, Azərbaycanda bu cür yer adları çoxluq təşkil edir. "Uzun yal", "Cıdır yalı", "Oyuqlu yal" və başqaları belə ərazilərdəndir.

Xalq rəqslərimizin araşdırıcılarından Kamal Həsənov "yallı" sözünün mənasını açıqlayaraq yazır ki; "Yal – cərgədir, zəncir xəttidir. "Yallı"nı oynayanlar bir və ya iki cərgədə, bəzən də bir neçə cərgədə dururlar"."Qədim Azərbaycan xalq rəqsləri". 56-cı səh.

"Yallı" – həmrəylik rəmzidir. Azərbaycanın bəstəkarı Əfrasiyab Bədəlbəyli "yallı" oyununa yüksək qiymət verərək yazırdı ki; "Burada çox intişar edən "yallı" forması bütün bir elin, bir obanın kollektiv surətdə öz sevinc duyğularını, bacarıq və istedadını təmsil edən əzəmətli bir yaradıcılığın parlaq təzahürüdür".

Yaranışından ta bu günə kimi yallılar xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını və birliyini özündə əks etdirmişdir. Dünyanın bir çox xalqlarında da bu cür keyfiyyətləri özündə cəmləşdirən yallıya bənzər rəqslər mövcuddur. Rumınlarda "Arkan", bolqarlarda "Treskoxoro", moldavanlarda "Tabakaryaska", özbəklərdə "Lapar", gürcülərdə "Perxuli", fransızlarda "Branl", yunanlarda "Sertaki" və s. belə rəqslərdəndir.

"Yallı" – cərgəyə düzülərək dəstə ilə ifa olunan kütləvi rəqsdir. Oyun zamanı yallıya kollektivin önündə gedən iştirakçı (rəqqas) rəhbərlik edir. Ona xalq arasında "yallıbaşı" deyirlər. Yallıbaşı əvvəldən axıradək rəqsin ümumi gedişinə, iştirakçıların nizamlı hərəkətinə, hər bir ayaq hərəkətinin bütün iştirakçılar tərəfindən eyni qaydada yerinə yetirilməsinə, rəqsin düzgün başlamasına və vaxtında sona yetməsinə nəzarət edir. Bu işdə "yallıbaşı"ya ondan sonra gələn (ikinci rəqqas) iştirakçı "müavin" və dəstənin axırında duran sonuncu iştirakçı "ayaqçı" kömək edir. "Yallı"nı oynayarkən yallıbaşının və ayaqçının əlində yaylıq olmalıdır. Onlar əllərini yuxarı qaldıraraq yaylığı yelləməklə dəstənin əvvəlinin və axırının harda olduğunu bildirirlər.

"Yallı" dəstəsinə düzülən iştirakçıların sayı dəqiq müəyyən olunmur. Adətən yallı dəstəsinə 10–15 nəfər düzülür. Lakin bəzən, əsasən də, toy şənliklərində bu iştirakçıların sayı 20–30, hətta 40–50 nəfərə çatır. Yallı kollektivi həm kişilərdən, həm də qadınlardan ibarət ola bilər. Çox zaman bu rəqs qarışıq ifa olunur. Oyun zamanı iştirakçılar əl-ələ verərək və ya qollarını yana geniş açmaqla əllərini digər iştirakçının çiyninə qoyaraq rəqs edirlər. Bu zaman hər bir iştirakçı "yallıbaşı"nın etdiyi bütün hərəkətləri olduğu kimi, onunla bərabər eyni vaxtda təkrar etməlidirlər. Hər hansı bir hərəkəti düzgün oynamayan iştirakçı ya cəzalanır, ya da dəstədən kənarlaşdırılır.

Elə yallılar da var ki, orada iki dəstə iştirak edir. Üz-üzə dayanmış iki yallı dəstəsi ardıcıllıqla müxtəlif hərəkətlər nümayiş etdirirlər. Bir dəstənin etdiyi hərəkəti digər dəstə təkrar etməyə çalışır. Sonda hər iki dəstənin başçısı güləşirlər və qalib gələn başçı dəstələri birləşdirməklə onlara rəhbərlik edir.

Yallı rəqsi incəsənətin sintetik forması olaraq instrumental, vokal musiqi və ifaçılıq kimi bir neçə sənəti özündə birləşdirir.

Yallılar xoreoqrafik məzmununa görə iki yerə bölünür. Bunlardan birincisi "süjetli yallılar"dır. Bu növ yallıların xoreoqrafik quruluşu və ifa tərzi müəyyən bir süjeti tərənnüm edir. Belə yallılar teatrlaşmış xalq oyunları olduğu üçün "oyun-yallı" adlanır. "Qazı-qazı", "Çöp-çöpü", "Köçəri", "Dırqoyu" kimi yallılar buna nümunədir. Məsələn, "dırqoyu" yallısında qanadı qırılmış quşun süjeti göstərilir. Quş qanadı sındığından uça bilmir, lakin buna baxmayaraq tez-tez onu qaldıraraq hərəkətə gətirmək istəyir.

Digər yallılar isə müəyyən əhval-ruhiyyəni, xüsusən qəhrəmanlığı, gümrahlığı, gəncliyi və cəldliyi ümumi şəkildə tərənnüm edən "rəqs-yallılar"dır. Bu yallılara "tənzərə", "siyaqutu", "dönə", "ürfanı" və başqaları daxildir.

Yallılar musiqi müşayiətinə görə də iki yerə bölünürlər. Mahnı (reçitativ) müşayiəti ilə ifa olunan yallılar. Musiqi (instrumental) müşayiəti ilə ifa olunan yallılar.

Mahnı ilə müşayiət olunan yallılarda instrumental ifa yoxdur. Daha doğrusu, belə yallılar əvvəllər musiqi çalğısı olmadan, yalnız mahnı kimi oxunurdu. Belə ki, rəqsi oynayan dəstənin bütün iştirakçıları hansısa bir şeiri, mətni xorla, mahnı kimi ifa etməklə yallı gedirdilər. Bu zaman oynayanlar oxuduqları mahnının ritmini ayaq hərəkətlərinə əsasən təyin edirdilər. Çox maraqlıdır ki, hər bir yallı öz ayaq hərəkətlərinə uyğun ritmə və ritmik quruluşlara malikdir. Bu səbəbdəndir ki, bir çox yallılar "ikiayaq", "üçayaq" və "dördayaq" adlanırlar. Sonralar yallı oyununa yalnız bir zərb aləti (çubuqla çalınan nağara) əlavə olunmuşdur. Təkcə zərb alətinin müşayiəti ilə oxunaraq oynanılan yallılar öz quruluşu etibarilə "halay"ların quruluşuna çox yaxındır.

Musiqi məzmununa mətn (şeir) əlavə edilərək mahnı kimi ifa olunan yallılardan "Qaladan-qalaya", "Tirmə-şal" ("Arzumanı" kimi də adlanır), "Tello", "Ləyli xani", "Hoynare", "Güleynare", "Mərcanlar" və başqalarının adlarını çəkmək olar. Bu yallılardakı mahnıların mətni, əsasən kəndlilərin əmək fəaliyyətini, onların gündəlik həyat tərzini, cəsarətini, qəhrəmanlığını, sevgisini tərənnüm edir. Belə mahnıların sözləri xalq tərəfindən yaranmış və bu gün də özünün xüsusi bədii-poetik məziyyətləri ilə seçilərək qoşma və bayatılardan ibarət olmuşdur. Bu gün xalq arasında artıq yallı kimi deyil, mahnı kimi məşhurlaşan, yuxarıda adlarını çəkdiyimiz rəqslər müxtəlif mənbələrdə, məcmuələrdə məhz, xalq mahnısı kimi göstərilmişdir. Məsələn, "Tello" yallısını Qafar Namazəliyev 1985-ci ildə nəşr etdirdiyi "Azərbaycan xalq mahnı və təsnifləri" kitabında xalq mahnısı kimi təqdim etmişdir. Onun musiqisi aşağıdakı mətnlə oxunur. I bənd: Araz üstə, buz üstə, Tello, Kabab yanar köz üstə, Tello. Qoy məni öldürsünlə, Tello, Bir ala göz qız üstə, Tello.

Nəqərat Aman Tello, Tellocan, Tello. Canım Tello, Tellocan, Tello.

II bənd: