Hüseyn bəy Həsən bəy oğlu Ququşov — Mənbələrdə həmçinin Hüseyn bəy Kuquşev kimi qeyd olunur. () — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti ordusunda xidmət etmiş hərbi xadim, piyada qoşunları polkovniki, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun 4-cü Quba Piyada Alayının komandiri.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2 cilddə. Təkmilləşdirilmiş 2-ci nəşr. 2-ci cild, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2014, səh. 159
Həyatı Hüseyn bəy Ququşov 28 yanvar (yeni təqvimlə 9 fevral) 1884-cü ildə Rusiya imperiyasının Qars vilayətinin Ərdəhan şəhərində, əslən Penza quberniyasından olan əsilzadə müsəlman tatar hərbçi ailəsində anadan olmuşdur.
Hərbi xidməti
Rusiya imperiyası dövrü Ququşov Rusiya imperiyası ordusunda xidmətə başlamış və 153-cü Bakı piyada alayında zabit kimi fəaliyyət göstərmişdir. 1909-cu il 1 yanvar tarixində həmin alayın podporuçiki idi. Sonrakı illərdə müxtəlif zabit rütbələri alaraq xidmətini davam etdirmişdir. 1914-cü il 4 avqust tarixində o, artıq piyada qoşunlarının poruçiki rütbəsində 153-cü Bakı piyada alayının 4-cü batalyonunun 16-cı rotasının kiçik zabiti idi. Həmin tarixdə Aleksandropol şəhərinə ezam olunaraq 222-ci ehtiyat piyada batalyonunda rota komandiri vəzifəsində xidmət etmişdir. 1917-ci il Oktyabr inqilabından və Qafqaz cəbhəsinin dağılmasından sonra Ququşov Rusiya ordusundan tərxis edilmiş və Qafqazda qalmışdır. O, Aleksandropoldan Bakı şəhərinə köçmüşdür.
Azərbaycan Xalq Cümhuriyyəti ordusunda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin formalaşdırılması prosesində Ququşov fəal iştirak etmişdir. 28 dekabr 1918-ci ildən etibarən o, 2-ci Azərbaycan Piyada Alayında kiçik qərargah zabiti vəzifəsinə təyin edilmişdir. 1919-cu il 1 mart tarixində Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyi tərəfindən Naxçıvan bölgəsində hərbi hissələrin formalaşdırılması və zabit kadrlarının hazırlanması məqsədilə 12 zabit ezam edilmiş, həmin qrupun rəhbərliyi isə 2-ci Bakı Piyada Alayının zabiti podpolkovnik Hüseyn bəy Ququşova həvalə olunmuşdur.
1919-cu ildə 4-cü Quba Piyada Alayında xidmət etmiş və həmin ilin 14 iyulunda alayın komandir vəzifəsini icra edən şəxs təyin edilmişdir. 7 dekabr 1919-cu ildə isə o, rəsmi olaraq 4-cü Quba Piyada Alayının komandiri vəzifəsinə təsdiq olunmuşdur. Bu vəzifədə 1920-ci ilin aprel ayına qədər xidmət etmişdir.Hüseyn bəy Ququşov bu alayın komandiri kimi Qarabağda daşnak-erməni üsyanının yatırılmasında iştirak etmişdir.
21 mart 1920-ci ildə Azərbaycan hökumətinin qərarı ilə göstərdiyi xidmətlərə görə ona piyada qoşunları polkovniki rütbəsi verilmişdir.
Hüseyn bəy Ququşov, həmçinin Şəki və Naxçıvanda da cümhuriyyət dövründə hərbi xidmət keçmişdir.
Həbs olunması və ölümü 1920-ci ildə Azərbaycanın sovetləşdirilməsindən sonra Ququşov Qırmızı Ordu tərəfindən əsir götürülmüşdür. O, Rusiyanın şimalına göndərilmiş, Arxangelsk və Pertomin düşərgələrində saxlanılmışdır. 15 aprel 1921-ci ildə piyada qoşunları polkovniki Hüseyn bəy Həsən bəy oğlu Ququşov Arxangelsk yaxınlığında güllələnmişdir.
Ailəsi Atası Həsən ağa Ququşov Rusiya İmperiyası Ordusunun polkovniki olmuş, sonralar Azərbaycan Xalq Cümhuriyyəti Ordusunda da xidmət etmişdir. Həsən ağa 25 noyabr 1919-cü ildə Qusarda vəfat etmişdir. Onun vəfatı münasibətilə 4-cü Quba Piyada Alayının hərbi qarnizon mollası Mirzə Axund Mahmudzadə qarnizon əsgərləri adından alay komandanına başsağlığı vermişdir.
Hüseyn bəyin qardaşları İsgəndər Həsən oğlu Ququşov (1886–1922-dən sonra), Yusif bəy Həsən oğlu Ququşov (1888–1922-dən sonra), İlyas bəy Həsən oğlu Ququşov (1890–1938) və Süleyman Həsən oğlu Ququşov (1892–1920) Rusiya İmperiyası Ordusunun zabitləri olmuşlar. İsgəndər və Yusif Ququşovlar Birinci Dünya müharibəsində iştirak etmiş, İsgəndər Ququşov IV dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edilmişdir. İlyas və Süleyman Ququşovlar isə Birinci Dünya və Rusiya vətəndaş müharibələri dövründə hərbi xidmətlərini davam etdirmişlər.
Mənbə İstinadlar
Ədəbiyyat
Qeydlər
Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Azərbaycan tatarları Kateqoriya:Ərdəhanda doğulanlar Kateqoriya:Repressiyaya uğramış hərbi xadimlər