Zəngəzur ekspedisiyası, Zəngəzur əməliyyatı, Azərbaycanın Zəngəzura hücumu və ya Zəngəzur uğrunda döyüş — Azərbaycan Xalq Cümhuriyətinin nizami qüvvələrinin Qarabağdan Zəngəzura təşkil etdiyi hücum əməliyyatı. Hücumun məqsədi Türkiyə ilə Azərbaycan arasındakı sonuncu əngəli də ortadan qaldırmaq idi. Hücum zamanı Naxçıvandakı milis dəstələrinin və yenə burada olan iki Türk taqımını da bu əməliyyat istiqamətində hücuma keçmişdir.
Hərbi toqquşma heç bir tərəfin qəti üstünlüyü olmadan bitməklə bərabər ölkələr arasındakı hərbi münaqişənin də sonlanması ilə nəticələnməmişdir. Həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də Ermənistan Demokratik Respublikasının sonrakı mövcudluğu dövründə, hər iki ölkənin bolşeviklər tərəfindən işğalının ilkin mərhələsində Zəngəzur məsələsi də öz aktuallığını saxlamışdır.
Ümumilikdə Zəngəzur uğrunda gedən proseslər Ermənistan və Azərbaycan arasında davam etməkdə olan və daha geniş əraziləri ehtiva edən mübarizənin və hərbi münaqişənin yalnız bir hissəsi idi.
Zəmin
Rus inqilablrı və bölgəyə təsiri 1917-ci ildə Rusiyada baş verən inqilablardan sonra Zəngəzur Gorusda yerləşən millətlərarası şura tərəfindən idarə edilirdi. Lakin iki xalq arasında münasibətlərin getdikcə gərginləşməsi nəticəsində həmin ilin sonunda müsəlmanlar Dondarlı kəndində ayrıca bir idarə qurmağa qərar verdilər.
Zəngəzurda və digər erməni-azərbaycanlı əhalinin yaşadığı ərazilərdə millətlərarası münaqişə 1918-ci ildə başladı. 1918-ci ildə baş verən toqquşmaların nəticəsi olaraq, erməni hökumətindən asılı olmayan yerli erməni idarəçiliyi (Zəngəzur Mərkəzi Milli Şurası) Zəngəzurun böyük bir hissəsində təsis edildi. Yerli azərbaycanlılar isə Gorus və Tatevi Qafan və Mehridən ayıran Bargüşad sıra dağlarında və Gorusun şimalındakı dağlıq ərazilərdə öz varlıqlarını saxladılar.
1918-ci ilin oktyabr ayının sonlarında Andranik öz dəstəsini Gorus yaxınlığında toplayaraq Şuşaya doğru hərbi əməliyyatlara başladı. Lakin bu istiqamətdəki yol Zabux dərəsi və Həkəri çayı boyunca yerləşən 20 kənddən keçən dar bir vadi idi. Bu ərazini yaxşı tanıyan Sultan bəyin azərbaycanlı döyüşçülərdən ibarət dəstəsi həmin mövqeləri qoruyurdu. 29 noyabrda üç gün davam edən döyüşlərdə Andranikin dəstəsi ağır itkilər versə də, bir neçə yüksəkliyi və kəndi, o cümlədən Abdallar kəndini ələ keçirməyi bacardı. Ancaq çox keçmədən Şuşadan gələn britaniyalı kapitan Skvir və fransız kapitan Gasfield ona general Tomson tərəfindən imzalanmış əmr çatdırdılar. Əmrdə Andranikin dərhal bütün düşmənçilik hərəkətlərini dayandıraraq Gorusa dönməsi tələb olunurdu. Hovannisian, 1971a.
Münasibətlərin pisləşməsi Azərbaycan və Ermənistanın heç biri bölgəyə tam nəzarəti təmin edə bilmədi. Lakin 1919-cu ilin yanvar ayında Qafqazda yerləşən Britaniya komandanlığı Azərbaycan hökumətinin Xosrov bəy Sultanovu Qarabağ və Zəngəzurun general-qubernatoru təyin etməsini təsdiqlədi ki, bu da erməni tərəfinin etirazına səbəb oldu. Buna qarşı olaraq Azərbaycan tərəfi də öz etirazını bildirdi. Britaniya komandanlığı tərəfləri Paris Sülh Konfransının qərarını gözləməyə çağırırdı. thumb|Andronik Ozanyan və döyüşçüləri|308x308px
Ermənistanın Zəngəzur iddiaları Şərur-Naxçıvanın Britaniyalılar tərəfindən Ermənistana verilməsindən sonra daha da artdı. 2 martda Andranikin Zəngəzuru tərk etməsindən sonra Azərbaycan üçün regionun həssaslığı üzə çıxmağa başladı. Hər bir halda, hətta Andranikin Xüsusi Hücüm Diviziyasının ayrılmasından da əvvəl Zəngəzurun Mərkəzi Milli Şurası — yəni ermənilərin idarəetmə orqanı İrəvan hökumətindən silah və sursat tələb etdi. Xosrov bəyin qubernator təyin edilməsindən sonra bu tələblər daha da intensivləşməyə başladı. Eyni zamanda bu şura Xaçaznuni hökumətindən Zəngəzura müvəqqəti qubernator göndərməyi və nizami dəstə zabitləri təyin etməyi tələb edirdilər. Britaniya komandanlığının tələblərinə müqavimət göstərmək, hətta etiraz etmək üçün belə həddindən çox zəif olan erməni hökuməti yalnız Arsen Şahməzov adlı zabit göndərdi. 1919-cu ilin martın 6-da Gorusda Ermənistan hökumətinin Zəngəzurun Ermənistana qatılmasına yardım göstərmək üçün təyin etdiyi polkovnik-leytenant Arsen Şahməzov (Şahməziyan) peyda oldu. Üç həftə sonra o, Zəngəzur mahalının liderlərinin keçirdiyi konfransda iştirak edərək mahalın erməni rəhbərliyini yenidən təşkil edən qərarın qəbul olunmasına nail olub, Zəngəzur və Qarabağ Regional Şurasını formalaşdırdı. Lakin bu qurumun səlahiyyətləri yalnız Zəngəzurla məhdudlaşırdı. Əsas məqsədi Zəngəzurun Ermənistan tərkibinə daxil edilməsini təmin etmək olan bu şura daşnaklardan, bolşeviklərdən və müstəqillərdən ibarət idi — bunlardan 7 yerli lider, 5 isə Qarabağdan qovulanlardı. Nikolay Ovsepiyan mülki idarəçiliyin rəhbəri oldu, Şahməzov isə müvəqqəti komissar və İrəvanla əlaqələndirici zabit kimi fəaliyyət göstərirdi. Ermənilər Azərbaycan və hətta Britaniya komandanlığına qarşı mübarizə aparmağa hazırlaşdılar. Britaniya generalı Şattlvort və mayor Monk-Meysonun Azərbaycan hakimiyyətini tanıma tələbi nəticəsiz qaldı.
Aprel ayının ortalarından etibarən Zəngəzurda yerli müsəlmanlar (əsasən azərbaycanlı türklər, az miqdarda isə kürdlər) və ermənilər arasında toqquşmalar baş verdi. Nəticədə mərkəzi Zəngəzurda yaşayan bir çox azərbaycanlı qəzanın sərhədlərinə, şərqdəki düzənliklərə və ya İrana köçmək məcburiyyətində qaldı. Azərbaycanın hərbi əməliyyatları dayandırmaq tələbinə Ermənistan hökuməti mənfi cavab verdi. 21 iyunda "Azərbaycan" qəzeti Xosrov bəy Sultanovun məlumatını yayımladı ki, ermənilər keçidləri bağlamış və 150 min baş ev heyvanı ilə 10 min müsəlman köçəri dağlarda çarəsiz qalmışdır. Sultanov hökumətdən "on minlərlə insana qarşı öz vəzifələrini yerinə yetirməyə" icazə verməyi tələb etdi.
1919-cu ilin ilk aylarında britaniyalı zabitlər Zəngəzura təzyiq etməyə başlayaraq Azərbaycanın hakimiyyətinin müvəqqəti əsaslarla tanınmasını tələb etdilər. Aprelin sonunda Zəngəzur rəhbərliyi ilə razılaşmanın mümkün olmayacağı aşkarlandıqda, general Şattlvort Xosrov bəy Sultanovun Zəngəzur qubernatoru kimi tanınmasını istəyərək Gorusa getdi. Ancaq bu məqsədinə nail ola bilməyən Şattlvort, Bakıya geri döndü. İki həftə sonra general Tomson britaniyalı bölmələrə erməni təbliğatçılarını həbs etməyi əmr etdi. Lakin təhdidlər və bombardmanlar nəticə vermədi, əksinə, erməni döyüşçüləri arasında döyüş ruhunu artırdı. Şattlvort, Ermənistan hökumətini Zəngəzur məsələlərinə müdaxilədən çəkinməyə, amma eyni zamanda erməni agentlərini maliyyələşdirməyə ittiham etdi. Mayın 19-da o, bölgəni tərk etdi.
Nəticədə ingilislər Qarabağın Azərbaycanın tərkibinə daxil olması şərti ilə Zəngəzurda status-kvonun qorunmasını dəstəkləməyə başladılar. Mayın 29-da general Kori Şuttlevorta bildirdi ki, Azərbaycan hökumətinin Zəngəzurda öz administrasiyasını güc yolu ilə qurma cəhdini hərbi təcavüz kimi qiymətləndirəcək. O, Ermənistanın baş naziri Xatisyana da yerli hakimiyyətin Zəngəzurda olması ilə barışmağı tapşırdığını qeyd etdi. General Kori bunu ermənilərə böyük güzəşt kimi dəyərləndirirdi.
Azərbaycanda 1919-cu ilin yayında digər cəbhələrdə qazanılan qələbələrdən sonra Zəngəzur üzərində nəzarəti təmin etməyə hazırlıqlar başlandı. Qarabağ üzərində nəzarətin təmin edilməsindən bir həftədən də az vaxt keçmişdi ki, Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə Qarabağın və Lənkəranın azad edilməsini və Naxçıvan sakinlərinin Azərbaycanla birləşmək uğrunda mübarizəsini tərifləyərək, Zəngəzuru azad etməyin və Culfa yolunu açmağın vaxtının gəldiyini bəyan etdi. Bu arada, Britaniya komissarlarının narazılığına baxmayaraq, Azərbaycanda bəzi türkçü çevrələr həm İstanbuldakı sultan hökuməti, həm də Anadoludakı türk millətçiləri ilə əməkdaşlığı artırırdılar. Noyabr ayında erməni kəşfiyyatı Azərbaycanın Türkiyədəki nümayəndəsi Mir Yusif bəy Vəzirovun 30 türk zabiti topladığını və Zəngəzur uğrunda mübarizə ilə bağlı gənc türklərlə müzakirələr apardığını bildirirdi. Britaniya kəşfiyyatı tezliklə bu məlumatı təsdiq etdi və Vəzirovun Türkiyənin xarici işlər naziri ilə müdafiə ittifaqı barədə danışıqlar apardığını əlavə etdi.
Azərbaycan yerli erməni qüvvələrinin (sonrakı məlumatlara görə, orada erməni nizami qoşunları da var idi) Zəngəzurdakı mövqelərinə zərbə endirmək üçün hərbi hazırlığa başladı və artıq oktyabr ayının sonuna qədər Cəbrayılda və Araz çayının vadisində bir neçə min nəfərdən ibarət ekspedisiya qoşunu döyüş hazırlığı vəziyyətində idi. Hacı Şamlı tayfası dağlardan Gorus üzərinə hücum etməyə, türk zabiti Xəlil bəyin başçılığı ilə Naxçıvan partizanları isə dərələrdən keçərək Sisiyana doğru irəliləməyə hazır idi.
Artan gərginlik fonunda, oktyabrın 26-da Azərbaycan və Ermənistan hökumətləri Bakıda 1919-cu il noyabrın 20-də keçirilməsi nəzərdə tutulan ikitərəfli konfrans barədə razılığa gəldilər. Lakin hər iki ölkənin hökumətləri arasında rəsmi yazışmalar ləng keçərkən, mübahisəli bölgələrdəki gərginlik səngimirdi. Xosrov bəy Sultanov rus, türk (azərbaycan) və erməni dillərində vərəqələr yayaraq, "qara qüvvələr"i bir neçə kəndi dağıtmaqda və minlərlə günahsız insanı didərgin salmaqda ittiham etdi və zəngəzurlu erməniləri regionu xaosa və yoxsulluğa sürükləyən "patriot" adlandırılan şəxslərdən qurtulmağa çağırdı. Sultanov Zəngəzurda azərbaycan hakimiyyətinin qurulmasının qırğın və ermənilərin əsarət altına alınması ilə müşayiət olunacağına dair şayiələri təkzib edərək, buna nümunə kimi Qarabağı göstərdi. O, həmçinin Zəngəzurun da Qarabağ kimi Yevlax yolundan asılı olduğunu və hər hansı halda təcriddə mövcud ola bilməyəcəyini vurğuladı:
Mən sizə, Zəngəzur xalqına, fəhlələrə və kəndlilərə müraciət edirəm… anarxist və macərapərəst elementlərlə əlaqənizin olmadığını göstərin. Mən sizə şəxsi toxunulmazlığı və əmlakın qorunmasını təmin edirəm və hər zaman sözümü tutmuşam. Lakin, əgər cinayətkar elementləri dəstəkləməyə davam etsəniz, sizi Azərbaycan Respublikasının hakimiyyətini tanımağa məcbur edəcək kifayət qədər gücə malik olduğumu bilin və bu halda qan tökülməsinin məsuliyyəti sizin üzərinizdə olacaqdır.
Bu vaxt, yəni oktyabr ayının ikinci yarısında, Azərbaycan ABŞ-ın Zaqafqaziyadakı nümayəndəsi polkovnik Reyin Şərur-Naxçıvanda neytral zona yaratmaq planını rədd etdi, çünki başlanğıcda razılıq erməni qoşunlarının Zəngəzurdan çıxması şərtilə verilmişdi, lakin onların hərbi qüvvələrinin artdığı müşahidə olunurdu.
Bu arada, Gorusda erməni administrasiyası və hərbi komandanlıq döyüş hazırlıqlarına başladı. Regional hökumət Zəngəzurun Qarabağın utancverici taleyini təkrarlamayacağını bəyan edərək, oktyabrın 26-da ümumi səfərbərlik elan etdi. Kəşfiyyat xəbər verdi ki, Azərbaycanın müdaxiləsi noyabrın əvvəlində başlayacaq.
Oktyabrın 29-da Azərbaycan ekspedisiya qoşunlarının komandanı general Cavad bəy Şıxlinski kapitan İbrahimovun başçılığı altında ön dəstəyə Tuğdakı erməni mövqelərinə doğru irəliləməyi və Gorus yolunun açılması barədə ultimatum verməyi əmr etdi. Noyabrın 3-də Yapon (Ovanes Paronyan) İrəvana teleqrafla hərbi əməliyyatların qaçılmaz olduğunu bildirdi. Zəngəzur uğrunda döyüş saatlar içində başladı. thumb|Qarabağ və Zəngəzurun qubernatoru|308x308px
Hərbi əməliyyatlar Zəngəzurda yaranmış çətin vəziyyəti nəzərə alan Azərbaycan hökuməti, erməni-daşnak silahlı dəstələrinin Zəngəzur bölgəsində azərbaycanlılara qarşı törətdikləri qırğınların qarşısını almaq və onların Qarabağ istiqamətindəki hücumlarını dayandırmaq məqsədilə 1919-cu il oktyabrın 30-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qoşun birləşmələri daxilində Zəngəzur Ekspedisiya Hərbi Dəstəsini yaratdı. Bu hərbi dəstəyə 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlınski rəhbərlik edirdi. Dəstə iki qrupa ayrılmışdı: birinci qrupa general-mayor Davud bəy Yadigarov, sağ və sol dəstələrdən ibarət ikinci qrupa isə polkovnik Levestam başçılıq edirdi. Müxtəlif istiqamətlərdə irəliləyən birinci, sağ və sol dəstələr Dığ yaşayış məntəqəsinə doğru hərəkət etməli idilər.