Aleksandr Petroviç Sumarokov(; ) — rus şairi.

Həyatı 1717-ci il noyabrın 25-də Finlandiyanın şərq quberniyalarından biri olan, tarix boyu Lappenranta və Vilmanstrand adlanan şəhərdə dünyaya göz açmış Aleksandr Petroviç Sumarokov qədim əsilzadə soyuna mənsub idi. Atası Pyotr Pankratyeviç I Pyotrun qoşunlarında zabit olmuş, sonra mülki xidmətə keçərək, Peterburqda yaşayırdı. Ailədə Aleksandrdan başqa onun daha iki oğlu və üç qızı vardı.

Sumarokovun uşaqlığı Moskvada keçmişdi. Hələ uşaq ikən Aleksandrda ədəbiyyata böyük maraq oyanmış, kiçik yaşlarından qədim rus və Avropa ədəbiyyatının ən yaxşı əsərləri ilə tanış olmuşdu.

Uşaqlıqda Aleksandra ana dilində savadı milliyyətcə macar olan İvan Zeykin öyrətmişdi. O, rus dilini gözəl bilirdi və I Pyotr ona şahzadə Alekseyin oğlu balaca Pyotrun – öz nəvəsinin təhsili ilə məşğul olmasını əmr etmişdi. İvan Zeykin sonralar ev müəllimi olmuşdu.

Peterburqda rus zadəganlarının (dvoryanlarının) tələbinə uyğun olaraq, çariça Anna İvanovna xüsusi imtiyazlı zadəgan məktəbi yaratmışdı. Sumarokov təhsilini Quru Qoşunlarının şlyaxet (yəni əsilzadə) kadet korpusu adlanan həmin məktəbdə almışdı. 1732-ci ildə kadet korpusu açılanda, buraya on altı yaşında daxil olmuş Aleksandr Petroviç, məktəbi 1740-cı ildə bitirmişdi.

I Pyotr əsilzadə uşaqlarını xidmətə icbari qaydada aşağı rütbələrdən – soldat, matros qismində başlamağı əmr etmişdi, bu isə əsilzadələrin qüruruna toxunurdu. I Pyotra hər kəsdənəvvəl işlək adamlar – şturmanlar, mühəndislər, həkimlər, topçular, gəmiqayıranlar tələb olunurdu. Onun yaratdığı məktəblər praktiklər (işgüzar, bacarıqlı, təcrübəli deməkdir-R. Mirzəzadə) buraxırdı. Şlyaxet korpusu həmin vaxtlar imperiyada çatışmayan inzibatçılar, rəislər, rəhbərlər hazırlayırdı.

Şlyaxet korpusunun sinifləri təmtəraqlı adla Cəngavər Akademiyası adlanır, lakin əsgəri yeriş və tüfəng fəndləri hesaba alınmasa, bu akademiyada çox az şey öyrədilirdi. Əksərən iyirmi yaş həddini aşmış

kadetlər (orta hərbi məktəb tələbəsi – R. Mirzəzadə)özləri də elmlərə baş vurmağa səy göstərmirdilər. Gənclərə mükəmməl şəkildə fransızca danışmağı, rəqs etməyi, at minməyi, qılınc oynatmağı öyrədirdilər.

Sumarokov oxumağı və öyrənməyi sevirdi və korpusda keçirdiyi illər hədər getməmişdi. Xarici dilləri öyrənmiş, alman və fransız müəlliflərinin kitablarını oxumuşdu. Onun oxuduğu illərdə hələ rus dilinin qrammatikası dərsliyi yox idi. Belə bir dərsliyi çox illər ötəndən sonra – 1755-ci ildə Lomonosov yazmışdı. Korpusda rus dili professoru da yox idi – bu vəzifə daim vakant (boş yer, tutulmamış vəzifə) qalırdı. Kadetlərə onların doğma dilini iki alman – Erix Vesman və Hendrix Erik tədris edirdi. Sumarokov təkbaşına məşğul olurdu, çünki bunun təməli artıq ev təhsilində qoyulmuşdu.

O dövrdə Rusiyada çox az sayda kitab nəşr olunurdu, nəşr edilənlər isə Pyotrun Rusiyada tədrisə daxil etdiyi elmləri öyrənənlər üçün dərs vəsaitləri idi. Sumarokovun əlinə hardansa 1730-cu ildə nəşr edilmiş və heç də dərslik olmayan balaca bir kitabça keçmişdi. "Acizanə surətdə xahiş edirəm, lütfkarlıq göstərib mənə acığınız tutmasın ki, — deyə müəllif ön sözdə yazırdı, — mən onu slavyan dilində deyil , demək olar sadə bir rus dilində, bizim öz aramızda danışdığımız dildə tərcümə etmişəm".

Sumarokov tezliklə öyrənir ki, Pol Talmanın kitabçadakı "Sevgi adasına səfər"ini fransız dilindən həştərxanlı keşiş oğlu, xaricə getməyə və Sorbonnada universitet kursu bitirməyə imkanı olmuş Vasili Kirilloviç Trediakovski tərcümə edib və onu öz şeirləri ilə dolğunlaşdırıb. Yoldaşlarını sorğu-suala tutan Sumarokov öyrənir ki, şeiri burada çoxları, məsələn, Adam Olsufyev, Otto Rozen, Mixail Sobakin də sevir və özləri də şeirlər yazırlar. Sumarokov onlarla dostlaşır. Onun yeni tanışları təntənəli günlərdə oxunması üçün heca vəznində qafiyələr quraşdırırlar.

1735-ci ildə Trediakovskinin "Rus dilində şeirlər yazılmasının yeni və qısa üsulu" adlı balaca bir risaləsi işıq üzü görür, Sumarokov onu diqqətlə oxuyur və müəllifin fikirləri onu qane edir. Trediakovski şeirlərin quruluşu üçün misralarda hecaların bərabər sayını deyil, hər sətirdə vurğuların bərabər sayını , vurğulu və vurğusuz hecaların sıralanmasını təklif edir, yəni rusca şeirlər qoşulmasında tonik prinsipi irəli sürürdü.

Sumarokov korpusda oxuduğu zaman dostları və müəyyən günlər, tədbirlər üçün odalar yazmağa başlamışdı. 1740-cı ildə imperatriça Anna İohannovna üçün kadet korpusu adından yazılmış iki təbrik odası ayrıca nəşrlə çap olunmuşdu.

Sumarokov zadəgan ideoloqu kimi, zadəgan sinfini dövlətin əsas sütunu hesab edirdi. Lakin o, bunu mədəniyyəti az olan nadan və cahil zadəganlara istinad etmirdi. Ədib ziyalı əsilzadələri üstün tuturdu. Onun fikrincə, öz şərəfli, ləyaqətli işləri, dövlətə vicdan və namusla xidmət etmələri ilə ad qazanan maariflənmiş adamlar zadəgan adına layiq olan şəxslər ola bilərdi.

İctimai baxışlarında Sumarokov təhkimçiliyin tərəfdarı idi. Təhkimçiliyi adalətli, qanuni bir üsul kimi qəbul edirdi. Fikirlərini öz düşüncələrinə uyğun şəkildə əsaslandıraraq, yazırdı: "Əgər biz qəfəsdə olan quşu buraxsaq, quş uçub gedər, əgər itin boynyndan zənciri açsaq, it hamını tutar". Onun fikrincə, kəndlilər həmişə "qəfəsdə" və "zəncirdə" saxlanmalı idilər, yalnız bu şərtlə zadəgan cəmiyyəti rahat həyat sürə bilərdi.

, 1773–1775-ci illərdə Rusiyada baş verən kəndli üsyanı Sumarokovu qəzəbləndirmişdi. Üsyanın başçısı Puqaçyov haqqında yazdığı şeirlərində şair kəndli üsyanının rəhbərini zalım, qəddar, qaniçən adlandırır və onun edam olunmasını alqışlayırdı. Sumarokov öz faciələrində toxunduğu bu mövzuya "Birinci və baş strelets (strelets – xüsusi daimi qoşunda xidmət edən və xüsusi imtiyazlara malik olan hərbi qulluqçu deməkdir-R. Mirzəzadə) qiyamı", "İkinci strelets qiyamı", "Müxtəsər Moskva salnaməsi" və s. kimi bir neçə məqalə və oçerk həsr etmişdi.

Bununla belə, Sumarokov kəndlilərə həddindən artıq zülm edən istismarçı mülkədarları qətiyyətlə ifşa edir, "Ev quruculuğu" adlı məqaləsində bu zalımların yeyib-içdiklərini insan qanı və göz yaşları adlandırırdı.

Sumarokov 1746-cı ildə böyük knyaginya (knyaz arvadı) Yekaterina Alekseyevnanın kamer-yunkeri (saray rütbəsidir) olan İohanna Xristina Balk ilə evlənmiş, iyirmi il onunla yaşamış və bu evlilikdən onun Yekaterina və Praskovya adlı iki qızı doğulmuşdu. Onun karyera yüksəlişi öz qaydasında gedirdi: 1751-ci ildə polkovnik rütbəsi, 1755-ci ilin Milad bayramında briqadir rütbəsi almışdı.

1766-cı ildə Sumarokovun ailəsində böyük qalmaqal başlanır. O, arvadından ayrılır və öz faytonçusunun qızı Vera Proxorova ilə faktiki nikaha girir. Ondan oğlu və qızı doğulur. Onların kilsədə nikahlanma mərasimi yalnız 1774-cü ildə mümkün olur, bundan sonra imperatriçanın sərəncamı ilə Sumarokovun uşaqları qanuni sayılır və əsilzadələr zümrəsinə daxil edilir.

Zadəgan adətlərinə zidd çıxaraq, əsilzadə qızı olan arvadından ayrılıb təhkimli kəndli qızı ilə rəsmi şəkildə evlənməsi hərəkəti Aleksandr Petroviçin bütün qohumlarının, hətta doğma anasının belə qəzəbinə səbəb olur. Təəssüf ki, dünyadakı parlaq istedad, zəngin yaradıcılıq qabiliyyəti olan böyük təfəkkür sahiblərinin əksəriyyəti öz ruhuna, qəlbinə yaxın, onu dərk edən və daxili aləmini dəyərləndirə bilən xanım, yaxud kişi – ömür-gün yoldaşı tapmaqda çox vaxt əziyyət çəkmişlər. Onları ailədə, nəsildə ən yaxın, doğma sayılan adamlar da belə dərk edə, dərin hisslərini anlaya bilməmişlər.

İnsan və qanun – rus maarifçiliyinin təməl daşını qoyanların, rus klassisizminin ilk təşəbbüsçüləri olan Kantemir, Trediakovski, Lomonosov və Sumarokovun siyasi — etik təsəvvürlərinin əsasında məhz bu anlayış dayanırdı. Lakin belə bir təyin eyni hüquqla XVIII yüzilin ortalarında – rus klassizminin formalaşdığı və özünü təsdiq etdiyi dövrdə rus ictimai fikrinin bütün təmsilçilərinə də şamil oluna bilərdi.

Bununsa əsası I Pyotrdan gəlirdi. Pyotr xalqını, ölkəsini çox sevirdi. (Bu barədə bir neçə məqalələrimdə bəhs etmişəm). Hətta müxtəlif sahələr üzrə bəzi dövlət nizamnamələrini bilavasitə özü hazırlamışdı. Peterburq isə sevimli şəhər kimi onun qanı, canı idi.

Pyotr deyərdi: "Allah əcəldən aman versə, ömrüm uzun, canım sağlam olsa, elə edəcəyəm ki, Peterburq Amsterdamdan heç də geri qalmasın".

Doğrudan da Pyotr Peterburq üçün çox şeylər etdi. Şəhərin abadlaşdırılması, yaşıllaşdırılması, gözəl memarlıq nümunələri olan binaların tikilməsi, gəmiçilk, dənizçilik sahəsində yeniliklər, təhsil ocaqlarının açılması, elmlər akademiyasının yaradılmasına hazırlıq və s. bu kimi yüzlərlə işlər çarın böyük xidmətlərinin yalnız bir hissəsini təşkil edirdi.

Şəhərin Yay bağının yuxarı tərəfində olan iki bina paytaxtda böyük şöhrət qazanmışdı. Belə ki, Rusiyada birinci muzey və ölkədə birinci kütləvi kitabxana burada yerləşirdi. Mülkün sahibi Aleksandr Kikin edam edildikdən sonra onun palataları- ikimərtəbəli saray 1718-ci ildə dövlət tərəfindən müsadirə edilmişdi. Pyotr həmin evdə muzey və kitabxana yaradılması barədə sərəncam vermişdi.

Çar muzeyin eksponatlarının bir qismini xaricdən aldırmışdı, bir qismi də onun fərmanları ilə Rusiyanın müxtəlif yerlərindən paytaxta gətirilmişdi. Alınan eksponatların sayı ildən-ilə çoxalırdı.

Muzeydə qədim toplar da saxlanılırdı. Çar, Rusiyanın Hollandiyadakı səfiri Boris İvanoviç Kurakinə iki dəfə sərəncam vermişdi ki, isveçlilərin əvvəlki müharibələrdə qənimət olaraq ələ keçirdikləri qədim rus toplarını Avropa ölkələrindən alsın. İsveç boşalmış xəzinəsini həmin topları satmaqla doldurmaq istəyirdi. Pyotrunsa səxavətinə adam təəccüb qalırdı, adətən qəpiyin də qədrinin bilən Pyotr, muzey üçün eksponatlar aldıqda xəsislik etməməyi məsləhət görürdü. O, Kurakinə yazırdı: "Cəhd edin, topları alın, yoxsa qədim toplar başqalarının əlinə keçər. Pul sarıdan xəsislik etməyin".

Pyotr muzeyin eksponatlarını zənginləşdirmək üçün daha bir mənbədən istifadə edir. Hələ XVII əsrdə hökumət faydalı qazıntılar, başlıca olaraq, nəcib metallar axtarıb tapmaq, habelə Rusiya ilə birləşmiş yeni torpaqları təsvir etmək üçün xüsusi ekspedisiyalar göndərirdi. Ən dəyərli ekspedisiyalardan biri 1720-ci ildə rus xidmətində olan alman təbibi və botaniki doktor Daniel Qotlib Messerşmidtin başçılığı ilə Sibiri tədqiq etmək üçün yeddi il müddətinə oraya göndərilir. Messerşmidtə tapşırılır ki, ölkənin coğrafiyasını öyrənsin, orada yaşayan xalqları təsvir etsin, aborgenlərin dillərinin öyrənilməsi, qədim abidələrin toplanması ilə məşğul olsun.

Messerşmidt muzey üçün Sibirdə yaşayan bir çox quşların və heyvanların müqəvvalarını, habelə orada yaşamış xalqların qədim abidələrini, etnoqrafiyaya dair kolleksiyalar göndərir. Nəticədə muzey öz eksponatlarının sayına və rəngarəngliyinə görə, Pyotrun ömrünün axırına yaxın Avropada az qala ən zəngin muzey şöhrəti qazanır.

Avstriya prezidenti Veber hələ 1716-cı ildə həmin muzey haqqında yazırdı: "Həqiqətən adam təəccüblənməyə bilmir ki, bu qədər qiymətli əşyanı belə qısa müddətdə toplamaq necə mümkün olmuşdur?" Kitabxana barədə isə yazılmışdı: "İndinin özündə də çox-çox dəyərli olan kitabxana daim zənginləşməkdə davam edərsə, bir neçə ildən sonra kitabların sayına görə olmasa da, sanbalına görə Avropanın ən məşhur kitabxanaları ilə bir cərgədə duracaqdır".

1725-ci ildə Peterburq kitabxanası o dövrün miqyaslarına görə ən zəngin kitab xəzinələrindən biri sayılırdı, nadir kitablarla zənginliyinə görə isə başqa kitabxanalardan heç də geri qalmırdı. Onun fondunda 11 minə yaxın kitab saxlanılırdı.

Muzey və kitabxana 1719-cu ildə sərbəst istifadə üçün fəaliyyətə başlamışdı. Yarandıqları gündən çar həm muzeyə, həm də kitabxanaya

maarif ocağı kimi baxırdı. O, deyirdi: "Mən istəyirəm ki, adamlar tamaşa etsinlər və öyrənsinlər".