Həsrət Valeh oğlu Cəfərov () — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi; "Paris 2024" — XXXIII Yay Olimpiya Oyunlarının bürünc medalçısı; Avropa Çempionatlarının qalibi (2023 və 2024); Dünya Çempionatının finalçısı (2023), VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı.

Həsrət Cəfərov 2023-cü ildə Zaqreb şəhərində (Xorvatiya), 2024-cü ildə isə Buxarest şəhərində (Rumıniya) baş tutan Avropa Çempionatlarında qızıl medalların sahib olub. 2017-ci ildə U17 Avropa Çempionatının, 2021-ci ildə U20 Dünya və Avropa Çempionatlarının, həmçinin U23 Dünya Çempionatının qalibi olub. Avropa Gənclər Olimpiya Festivalı, MDB Oyunları, İslam Həmrəyliyi Oyunları da daxil olmaqla bir sıra beynəlxalq turnirlərin qalibi olub. Karyerası ərzində isə ümumi olaraq mübarizə apardığı 22 beynəlxalq turniri 11 qızıl, 1 gümüş və 7 bürünc medalla başa vurub.

Azərbaycan idmanında xidmətlərinə görə 2024-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

1 mart 2026-cı il tarixinə olan məlumata görə, 480 xal göstəricisi ilə Azərbaycan idmançılarının reytinqində birinci yeri tutur.

Həyatı Həsrət Valeh oğlu Cəfərov 5 oktyabr 2002-ci ildə Goranboy rayonunun Qaradağlı qəsəbəsində anadan olub. Qardaşından ilhamlanaraq altı yaşından güləşlə məşğul olmağa başlayıb. Əvvəl doğma Qaradağlı qəsəbəsində məşq edib, 2015-ci ildən isə məşqlərinə Respublika Olimpiya İdman Liseyində (ROİL) davam edib. Şəxsi məşqçisi əməkdar bədən tərbiyəsi və idman xadimi Vaqif Feyzullayev olub. 2020-ci ildən Həsən Əliyevin nəzarəti altında məşq edir. 2020-2024-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil alıb.

Ailəlidir.

Karyerası Həsrət Cəfərov birinci uğuruna 2016-cı ildə Hövsanda yeniyetmələr arasında şəhər birliyinin qızıl medalına sahib olmaqla imza atdı.

2017-ci il: U17 Avropa çempionluğu Həsrət Cəfərov 2017-ci ilin aprelində yeniyetmələr arasında Azərbaycan Güləş Federasiyasının Kubokunun qalibi oldu. İyunda isə o, Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə baş tutan beynəlxalq turniri gümüş medalla başa vurdu.

Həsrət Cəfərovun beynəlxalq səviyyədə debütü 2017-ci ilin 24-30 iyulunda Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan 17 yaşlı güləşçilər arasında Avropa Çempionatı oldu. Həsrət Cəfərov 1/8 final mərhələsində Moldova nümayəndəsi Leonid Moroz ilə üz-üzə gəldi. Həmin görüşdə Cəfərov rəqibinə 5:2 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Belarus güləşçisi Artyom Klitsunov oldu. Bu görüşdə Cəfərov rəqibinə 5:0 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Rumıniya nümayəndəsi Konstantin Tudor oldu. Həmin görüşdə Həsrət Cəfərov rəqibi üzərində 1:33 dəqiqə ərzində 12:0 hesabı ilə inamlı qələbə qazandı və çempionatın final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi İtaliya güləşçisi Daniel Pramatarov oldu. Final görüşündə sona bir dəqiqə qala (3:08) Həsrət Cəfərov rəqibi üzərində təmiz qələbə qazanaraq 17 yaşlı güləşçilər arasında Avropa Çempionatının qalibi oldu.

Həmin il Həsrət Cəfərov həm də ardıcıl olaraq 2-ci dəfə yeniyetmələr arasında şəhər birinciliyinin qalibi oldu.

2018-ci il: U17 Avropa və Dünya Çempionatlarında "bürünc" 2018-ci ilin fevralında Həsrət Cəfərov yeniyetmələr arasında Azərbaycan Çempionatını qızıl medalla başa vurdu. Apreldə isə o, Kocaelidə baş tutan XXI beynəlxalq Zəfər Turnirinin qalibi oldu.

Həsrət Cəfərovun 2018-ci ilin 14-20 mayında KYRM-nın Skopye şəhərində baş tutan 17 yaşlılar arasında Avropa Çempionatı mübarizə apardı. Təsnifat mərhələsindən azad olan Həsrət Cəfərov turnirin 1/8 final mərhələsində Türkiyə nümayəndəsi Mühremin Ağtaş ilə üz-üzə gəldi. Rəqib 2017-ci ildə U17 Avropa Çempionatını üçüncü, U17 Dünya Çempionatını isə beşinci pillədə başa vurmuş güləşçi idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəfərov rəqibinə 3:2 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Ukrayna güləşçisi Vladimir Voytoviç oldu. Bu görüşdə Həsrət Cəfərov rəqibi üzərində 3:08 dəqiqə ərzində 10:1 hesabı ilə inamlı qələbə qazandı və çempionatın yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Rusiya nümayəndəsi Artyom Morozov oldu. Həmin görüşdə Həsrət Cəfərov rəqibinə 3:7 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda dörüşdə davam etdi. Bu görüşdə onun rəqibi ötən il Sarayevo şəhərində analoji turnirdə qələbə qazandığı Belarus güləşçisi Artyom Klitsunov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəfərov bu səfərdə rəqibinə qalib gəldi (4:2). Bununla da Həsrət Cəfərov titulunu qoruya bilməsə də, 17 yaşlı güləşçilər arasında Avropa Çempionatını bürünc medalla başa vurdu.

İyunda isə Cəfərov Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə baş tutan yeniyetmələr arasında beynəlxalq turnirin bürünc medalına sahib oldu.

Həsrət Cəfərov üçün ilin əsas turniri 2-8 iyulda Xorvatiyanın Zaqreb şəhərində baş tutan 17 yaşlılar arasında Dünya Çempionatı oldu. Dünya səviyyəli turnirlərdə debüt edən Cəfərov turnirin təsnifat mərhələsindən azad idi. 1/8 final mərhələsində onun rəqibi Özbəkistan nümayəndəsi Lazizxon Uzbeyov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Həsrət Cəfərov rəqibinə 4:9 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Həsrət Cəfərov bürünc medal uğrunda təsəlliverici qrupda mübarizə apardı. Birinci görüşdə onun rəqibi Litva güləşçisi Adamos Grigaliunas oldu. Həmin görüşdə Cəfərov rəqibi üzərində 7:1 hesabı ilə qələbə qazandı və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həlledici görüşdə isə o, Ermənistan nümayəndəsi Robert Karapetyan ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Həsrət Cəfərov rəqibinə 4:2 hesabı ilə qalib gəldi. Bununla da Cəfərov 17 yaşlılar arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.

2019-cu il: EYOF çempionluğu Həsrət Cəfərov 2019-cu ilin 20-27 iyulunda Azərbaycanın ev sahibliyində baş tutan XV Avropa Gənclər Yay Olimpiya Festivalında mübarizə apardı. Təsnifat mərhələsindən azad olan Cəfərov turnirin 1/8 final mərhələsində Litva nümayəndəsi Donatas Rindeihis ilə üz-üzə gəldi. Həmin görüşdə Həsrət Cəfərov rəqibi üzərində vaxtından əvvəl 12:0 hesabı ilə inamlı qələbə qazandı və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Belarus güləşçisi Nihita Muraşha oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəfərov rəqibinə 13:5 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi İtaliya nümayəndəsi Andrea Setti oldu. Bu görüşdə Cəfərov rəqibinə 6:0 hesabı ilə qalib gəldi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya güləşçisi Məhəmməd Gigiyev oldu. Final görüşündə Həsrət Cəfərov rəqibi üzərində 7:0 hesabı ilə inamlı qələbə qazandı və XV Avropa Gənclər Yay Olimpiya Festivalının qalibi oldu.

İlin əsas turniri 28 iyul-4 avqustda Bolqarıstannın Sofiya şəhərində baş tutan 17 yaşlılar arasında Dünya Çempionatı oldu. Keçən il analoji turniri bürünc medalla başa vuran Həsrət Cəfərov bu səfər çempionluğa iddialı idi. Təsnifat mərhələsində onun rəqibi Qazaxıstan nümayəndəsi Əziz Qasımov oldu. Həmin görüşdə Cəfərov rəqibi üzərində 10:4 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə isə o, İran güləşçisi Danial Sohrabi ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəfərov rəqibinə 1:3 hesabı ilə məğlub oldu. Rəqib 1/2 final mərhələsində məğlub olduğu üçün Cəfərov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını da itirdi. Nəticədə Həsrət Cəfərov ötən il bürünc medalla başa vurduğu turniri bu səfər 24 güləşçi sırasında 12-ci pillədə başa vurdu.

2021-ci il: U20 və U23 Dünya Çempionatlarında zəfər Dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbilə 2020-ci il ərzində yeniyetmələr arasında Avropa və Dünya Çempionatları baş tutmadı. Pandemiyadan sonra Həsrət Cəfərovun birinci turniri 2021-ci ilin 16-24 mayında Skopye şəhərində baş tutan 23 yaşlılar arasında Avropa Çempionatı oldu. Təsnifat mərhələsində Cəfərovun rəqibi Rumıniya nümayəndəsi Vasile Dosoftei oldu. Həmin görüşdə Cəfərov rəqibinə 4:1 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə o, Gürcüstan güləşçisi Coni Xesuriani ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 1:1 hesabı ilə başa çatdı və qaydalara əsasən son xalı Həsrət Cəfərov qazandığına görə görüşün qalibi olaraq turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Macarıstan nümayəndəsi Krisztian Vancza oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəfərov rəqibinə 3:4 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam etdi. Həlledici görüşdə onun rəqibi təsəlliverici görüşün Avstriya və Fransa güləşçilərindən ibarət cütün qalibi olmalı idi. Amma Dünya Güləş Birliyi (UWW) həmin güləşçiləri çempionat ərzində heç bir görüşə çıxmadığına görə (zədə səbəbilə) turnirdən uzaqlaşdırdı. Bununla da Həsrət Cəfərov bürünc medal uğrunda görüşdə rəqibsiz qalib elan edildi və 23 yaşlılar arasında Avropa Çempionatının bürünc medalına sahib oldu.

Həsrət Cəfərovun növbəti turniri 28 iyun-4 iyulda Almaniyanın Dortmund şəhərində baş tutan 20 yaşlılar arasında Avropa Çempionatı oldu. Bir ay əvvəl 23 yaşlıların Avropa Çempionatını bürünc medalla başa vuran Həsrət Cəfərov bu turnirin ən iddialı güləşçilərindən hesab olunurdu. Təsnifat mərhələsindən azad olan Cəfərov 1/8 final mərhələsində Macarıstan nümayəndəsi Adam Pohileç ilə üz-üzə gəldi. Həmin görüşdə Cəfərov rəqibi üzərində 1:34 dəqiqə ərzində 8:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Bolqarıstan güləşçisi Niholay Dzezov oldu. Bu görüşdə də Həsrət Cəfərov rəqibi üzərində vaxtından əvvəl (2:22 dəqiqə ərzində) 11:3 hesabı ilə inamlı qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə o, Gürcüstan nümayəndəsi Luha Oçigava ilə üz-üzə gəldi. Həmin görüşdə Cəfərov rəqibinə 6:0 hesabı ilə qalib gəldi və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Türkiyə güləşçisi Serhat Kırıh oldu. Final görüşü də Həsrət Cəfərov üçün asan oldu. Cəfərov 1:38 dəqiqə ərzində rəqibi üzərində 9:0 hesabı ilə inamlı qələbə qazandı və 20 yaşlılar arasında Avropa Çempionatının qalibi oldu.