Türkmənlərin Gürcüstana hücumları — XV–XVIII əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətinin Gürcüstan ərazisinə etdiyi səfərlər. Monqol hakimiyyətinin sona çatması ilə Qaraqoyunlu və Ağqoyunlu türkmənləri tarix səhnəsinə çıxmış, bu ərazidə 2 ayrı türkmənAzərbaycan türklərinin 18-ci əsrə qədər olan adı dövlətinin əsasını qoymuşdular. Türk və dünya tarixində əhəmiyyətli yerə sahib olan bu dövlətlər XV əsrdən başlayaraq Gürcüstan ərazisinə müxtəlif tarixlərdə səfərlər təşkil etmişdir.
Qaraqoyunluların Gürcüstana hücumları Bu dövrdə Qafqazda yerləşən Gürcüstan Teymurun səfərlərindən zəifləmiş və türk axınları üçün əlverişli bir əraziyə çevrilmişdi. Lakin Teymurun ölümü ilə mirasçıları arasında şiddətli mübarizə başladı. Bu vəziyyətdən istifadə edən gürcü kralı II Konstantin Gürcüstan sərhədlərində qalan simvolik türk əsgərlərini öldürtdü və idarəetməni yenidən təşkil etdi. Teymurilərin burada hökmranlığının sona çatmasından sonra Baqratilərdən olan I Aleksandr (1412–1442) Gürcüstanda hökmranlıq quraraq gürcü birliyini yaratmağa nail olsa da, sonradan Gürcüstan üç krallığa (Kartliya, Kaxetya, İmereti) və beş knyazlığa bölündü. Teymurun hücumlarından zəifləyən gürcü çarlığı yenidən dirçəlməyə başladı. Lakin bu dirçəliş çox çəkmədi. Qısa müddət sonra Gürcüstan sərhədlərinə yeni bir güc peyda olmuşdu. Bu güc Şərqi Anadoluda meydana çıxan Qaraqoyunlular idi. Bu dövrdə Qaraqoyunlu türkmən başçıları Teymurun və varislərinin zəifləməsindən istifadə edərək, özlərini "Azərbaycan şahları" elan etmişdilər. 1405-ci ildə Əmir Teymurun ölümündən sonra Əbu Bəkr Mirzə Qara Yusiflə vuruşmaq üçün Naxçıvana gəldi. 1406-cı ildə baş vermiş I Şənbi-Qazan döyüşü Qara Yusifin üstünlüyü ilə sona çatdı və Əbu Bəkr Sultaniyyəyə qaçdı. Qara Yusif irəliləyərək Təbrizə daxil oldu. Qara Yusif Şahruxu məğlub etdikdən sonra Bağdadı ələ keçirdi və Yaxın Şərqdə yeni aparıcı qüvvə kimi özünü təsdiq etdi.
Teymurilərlə Qaraqoyunlular arasında hökmranlıq uğrunda mübarizə Gürcüstana da təsir etmişdi. Türkmənlərlə gürcülər arasında gedən müharibədə gürcü kralı VII Giorgi 1407-ci ildə Somxetidə köçəri türkmənlər tərəfindən öldürüldü, 15 min gürcü əsgəri isə əsir düşdü. Onun ölümündən sonra gürcü taxtına kiçik qardaşı Konstantin çıxdı. Bu ərəfədə Qaraqoyunlu Qara Yusif 1411-ci ildə onun əmrlərinə qulaq asmayan İraqi Əcəm valisi Bistam bəyi cəzalandırmaq üçün Ərdəbilə göndərdiyi əsgərlərin uğursuzluğa düçar olduğu xəbərini eşitdi və özü buraya yürüş etdi. Sentyabr ayında isə Sultaniyyəyə yola düşdü. Bistama və qardaşlarına ona itaət etmələri barədə xəbər göndərsə də, onlar buna əhəmiyyət vermədilər. Nəticədə Qara Yusif əsgərlərinə şəhəri dağıtmağı əmr etdi. Bu ərəfədə Şirvanşah İbrahim, Şəki hakimi Seyid Əhməd və Gürcü kralı Konstantin Qara Yusifə qarşı ittifaqa girmişdilər. İttifaq xəbəri Qara Yusifə çatdıqda o 17 noyabrda Qarabağa gəldi və Şirvanşah İbrahimə elçilər göndərib sülh təklif etdi. Lakin Şeyx İbrahim onun bu təklifini geri çevirdi. Nəticə də 19 dekabr 1412-ci ildə Qara Yusif Kür çayını keçərək müttəffiq qüvvələri üzərinə hücuma keçdi.
Qəzəblənən Qara Yusif bu hücum nəticəsində müttəfiqləri məğlub etdi. Bu ərəfədə Şirvan hakimi Şeyx İbrahim qaçarkən yıxıldı və qolunu sındırdı. Onu tanımayan bəzi türkmənlər əsir götürərək Qara Yusifin yanına gətirdilər. Döyüşün sonunda Şeyx İbrahimin qardaşı Bəhlül və Şirvan qazısı Mövlana Zahiruddin bağışlanaraq həbs edildi. Gürcü kralı Konstantin bir çox əsgəri və qardaşı ilə birlikdə əsir götürülərək öldürüldü. Bu parlaq qələbədən sonra Qara Yusif 1413-cü il fevralın 1-də Təbrizə gəldi. Qaraqoyunluların gürcülər üzərində qələbəsi ilə 1413-cü ildə Konstantinin yerinə oğlu I Aleksandr keçdi. 1416-cı ildə Qara Yusif yenidən Gürcüstana daxil oldu və Axıska şəhərini ələ keçirdi. Səfər nəticəsində kişilərin çoxu öldürdü, qadın və uşaqları əsir düşdü. Beləliklə, Qara Yusifin Qafqazda apardığı bu səfərlər nəticəsində Gürcüstanın bir hissəsi Qaraqoyunlular tərəfindən fəth edildi. 1431-ci ildə Mirzə İsgəndər Gürcüstana səfər etdi. Lakin buradan qardaşı Cahanşah üzərinə yürüdü. Qarışıqlıqdan istifadə edən Aleksandr Baqration Cahanşaha Qaraqoyunlulara hər il ödədikləri vergini ödəməkdən imtina etdiyini bildirən təhqiramiz məktub göndərdi. Məktuba qəzəblənən Türkmən hökmdarı Gürcüstan üzərinə yürüş etdi. O ilk əvvəl Qars ovasına gələrək 3 gün burda qaldı. Cahanşahın bu səfərində onu alimlər müşaiət etmişdi. Qaraqoyunlu hökmdarının bir çox piyada və süvari ilə səfərə çıxdığı xəbərini eşidən gürcü kralı Abxaziyaya qaçdı. Səfərinə davam edən Cahanşah isə 1440-cı ildə mart ayında 20 minlik ordu ilə Gürcüstana daxil oldu. Bütün ələ keçirilən əsirlər öldürüldü. Şamşulde şəhəri tutuldu, burada yaşayan və müqavimət göstərən 4 minə yaxın gürcü zərərsizləşdirildi. Daha sonra Tiflisə irəlilədi. Burada da 8 min nəfər qətlə yetirildi, 9 min insan əsir düşdü. Ərdəbil şeyxlərinin təklifi ilə burada yaşayan gürcü əhalisinin üzərinə dinlərini dəyişdirmək ümidi ilə ağır vergilər qoyuldu. Gürcüstan səfərindən dönərkən oğlu Həsən Əlinin Arran və Gürcüstana hakim təyin etdi.
Qaraqoyunlu hökmdarı Cahanşah 1444-cü ildə Gürcüstana ikinci səfərini təşkil etdi. Nəticədə, yeni Baqration kralı IV Vaxtanq və Atabəylərdən olan Axıska başda olmaqla Samiçxe bölgəsini ələ keçirdi, kralı vassal aslılığına saldı. Gürcüstanı dağıdıb, bir çox şəxsi əsir aldı. Gürcü mənbələri iddia edir ki, kral Vaxtanqla baş verən bu döyüşün nəticəsiz qalıb və Cahanşah bu səbəbdən Gürcüstandan geri çəkilib. Qaraqoyunlu hökmdarı Cahanşah Gürcüstanın müsəlman qonşu ölkələri kimi burada etdiyi iki səfərlə ordusunun fəallığını qorumaqla yanaşı, xeyli qənimət də ələ keçirmişdir.
Ağqoyunluların Gürcüstana hücumları Ağqoyunlu dövlətinin saray tarixçisi Əbubəkr Tehraniyə görə, Ağqoyunlu türkmənlərinin Gürcüstan səfərləri Qutlu bəyin dövründə başlamışdır. Tehrani yazır: "Küfrlə İslam ordusu gecə ilə gündüz kimi üz-üzə gəldi. Nəhayət, İslam günəşinin qabaqcıl qoşunları qılınclarını çəkib düşərgəni tərk etdikdə, parlaq günəşin kölgəli vəsvəsəsi hidayət şərqindən başını göstərdiyi zaman, tünd qara kafir ümmətinin şamını və çırağını söndürən əsl səhər açıldı, müsəlmanların hücumu uyuyan kafirləri yuxulu paltarlarından çıxartdı Onların başlarından şübhə pərdəsini qaldırdı. Dini qüvvətləndirən əmirin bir zərbəsi ilə o kimsəsiz ordu məğlub oldu. Axısqa şəhəri tutuldu. Böyük miqdarda qənimət əldə etdilər. Alınacaqları götürdülər, yeyilənləri yedilər."
Bu səfərdə gürcüləri məğlub edən türkmən əmiri Axıskanı ələ keçirdi və çoxlu qənimət əldə etdi. Lakin bu dövrə Ağqoyunlu türkmənlərinin Gürcüstana hücum edəcək qüvvədə olmadığından Tehrani tərəfindən verilən bu məlumat bəzi tarixçilər tərəfindən şübhə ilə qarşılanır. Bir digər tarixçilər Ağqoyunluların Gürcüstana hücumlarının Uzun Həsən bəyin dövründə başladığını qeyd edilər. Lakin Uzun Həsən dövründə baş verən Gürcüstan səfərlərinin xronologiyasında uyğunsuzluq nəzərə çarpır. Çünki bu ekspedisiyalar müxtəlif mənbələrdə fərqli şəkildə qarşımıza çıxır. Uzun Həsən bəyin Qafqazda gürcülərə qarşı ilk fəaliyyəti 1458-ci ildə (gürcü mənbələrində 1456-cı il) həyata keçmişdir. Uzun Həsən Ərzincanı ələ keçirdikdən sonra 1458-ci ildə paytaxtı Amiddə əsgərləri ilə Gürcüstana səfər etmək üçün hazırlıq görməyə başlayır. Əli Şəkərin oğlu Pir Əlini azad edib, Cahanşahın yanına göndərir. O bu hərəkəti ilə səfər zamanı Qaraqoyunlular tərəfindən gələ biləcək hücumların qarşısını almağı hədəfləyirdi. Daha sonra Qarasu (Fırat) çayını keçərək Tarmuk yaylağına gəlir. Burada Sulan bəyi azad edib Qaraqoyunlu hökmdarı Cahanşahın yanına göndərdi. Bundan başqa o, süvari qüvvələri toplayaraq ordusunu gücləndirdi. Beləliklə Uzun Həsən istiqamətini Gürcüstana tərəf çevirdi. Bundan xəbər tutan gürcülərin bir qismi artıq kənd və şəhərlərini qoyub qaçmışdı. Bir digər qismi isə müdafiə qalalarının gücünə arxalanaraq yerlərini tərk etmədi. Uzun Həsən Gürcüstana daxil olduqdan sonra buradakı müsəlman əsirləri xilas etdi. Tərəflər arasındakı döyüş Samaqar qalası yaxınlığında baş tutdu. Qala əhalisi uzun müddət müqavimət göstərsə də Uzun Həsən qalanı tutmaq əzmindən dönmədi və əsgərlərinə əmr etdiki qala bürclərinə çıxsınlar. Lakin bu əsgərlər bir-birinin ardınca öldürüldüş Digər bir qrup isə qala qapısına yönəlib buranı tutdu. Çox keçmədən Samaqar qalası türkmənlər tərəfindən tutuldu. Yürüşə davam edən Uzun Həsən Etreker adlı kəndə gəldi. Buradakı gürcüləri əsir alaraq, bir çox heyvanı və ərzağı qənimət kimi ələ keçirdi. Uzun Həsənin bu səfərdəki məqsədi Axıskaya getmək idi. Lakin burada olarkən Şəbinqarahisar və Kemax qalalarının hakimlərinin üsyan etdiyindən xəbər tutub Ərzuruma qayıtmalı olur. Səfər nəticəsində əsir düşən gürcülərin bir qismi satıldı, bir qismi isə İslamı qəbul etdiyi üçün sərbəst buraxıldı. Ağqoyunlular çoxlu qənimət ilə geri döndülər. Uzun Həsən ilk Gürcüstan səfərindən sonra qışlağa çəkildi. 1459-cu ildə Məmlük sultanına elçi göndərərək 6 qalanı gürcülərdən aldıqları barədə məlumat verdi.