“Şayıflı” Su Elektrik Stansiyası — Azərbaycan Respublikasının Zəngilan rayonunda, Araz çayının sol qolu olan Oxçuçay üzərində yerləşən su elektrik stansiyası. Stansiya “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa edilmişdir.

Tarixi “Şayıflı” Su Elektrik Stansiyasının açılışı 18 may 2024-cü ildə baş tutmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.

“Şayıflı” Su Elektrik Stansiyası Oxçuçay üzərində kaskad üsulla tikilən və ümumi gücü 42 meqavat olan Zəngilan su elektrik stansiyaları silsiləsinin tərkib hissəsidir. Bu silsiləyə “Cahangirbəyli”, “Zəngilan”, “Şayıflı” və “Sarıqışlaq” Su Elektrik Stansiyaları daxildir.

Texniki xüsusiyyətlər və infrastruktur Stansiyanın qoyuluş gücü 10,5 meqavatdır. İl ərzində təxminən 30 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur. Bu göstərici təqribən 7 milyon kubmetr təbii qaza qənaət edilməsinə və 14 min tonadək karbon qazı emissiyasının azalmasına imkan verir.

Maşın zalında Avropa istehsalı olan iki ekoturbin və generator quraşdırılmışdır. Turbinlər çayda su səviyyəsi azaldıqda avtomatik dayanmaqla ekoloji axımın qorunmasını təmin edir.

Oxçuçay üzərində yerləşən SES-lərin su ilə təmin edilməsi məqsədilə dəniz səviyyəsindən təxminən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu inşa edilmişdir. Baş suqəbuledicidən çıxan suyun 35 faizi çay məcrasında saxlanılaraq, kaskad üsulla tikilən stansiyalara yönəldilir və istifadə olunduqdan sonra yenidən çaya buraxılır.

Layihə çərçivəsində dib sutullayıcı, suaşıran, lilötürücü və balıq keçidi qurğuları yaradılmış, tikinti və istismar mərhələlərində ekoloji normalara riayət edilmişdir. Stansiyada mikro SCADA sistemi, yüksəkgərginlikli elektrik verilişi xətləri və optik kabel xətti qurulmaqla məsafədən idarəetmə təmin olunmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan su-elektrik stansiyaları Kateqoriya:Zəngilan rayonu