Rəşad Sahil oğlu İsmayılov () — Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri (2026-cı ildən).

Həyatı Rəşad Sahil oğlu İsmayılov 27 avqust 1979-cu ildə anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsi üzrə bakalavr və magistr pillələrini bitirmişdir.

Rəşad İsmayılov əmək fəaliyyətinə 2000-ci ildə "Zəhmət" kiçik müəssisəsində hüquqşünas kimi başlamışdır. 2005–2006-cı illərdə "Star LTD" MMC-də hüquqşünas vəzifəsində, 2006-cı ildə Azərbaycan Respublikası Auditorlar Palatasının Gəncə Şəhər auditor təşkilatında hüquqşünas-mütəxəssis vəzifəsində işləmişdir.

2006–2009-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin hüquq şöbəsində hüquq məsləhətçisi və böyük hüquq məsləhətçisi vəzifələrində çalışmış, 2009-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində böyük hüquq məsləhətçisi olmuşdur.

Rəşad İsmayılov 2010–2012-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmir xidmətində hüquqşünas vəzifəsində çalışmış, 2012–2013-cü illərdə həmin idarənin hüquq və təşkilati təminat şöbəsinin hüquq ekspertizası sektorunda baş məsləhətçi, 2013–2016-cı illərdə isə həmin sektorun müdiri olmuşdur.

Rəşad İsmayılov 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin Hüquq və nəzarət şöbəsi müdirinin müavini, daha sonra şöbə müdiri vəzifələrində çalışmışdır. 2018-ci ildən etibarən fəaliyyətini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində davam etdirmiş, 2019-cu ilədək komitənin aparatının hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019–2024-cü illərdə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli Sərəncamı ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilmişdir. 5 fevral 2025-ci ildən 10 fevral 2026-cı ilədək nazir səlahiyyətlərini müvəqqəti icra etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycanın ekologiya və təbii sərvətlər nazirləri