Kseniya Aleksandrovna (; ) — Rus çarı III Aleksandrın ən böyük qızı, böyük knyaginya. O, eyni zamanda son çar II Nikolayın bacısıdır.

Həyatı

İlk illəri 1875-ci ildə Sankt-Peterburqdakı Aniçkov sarayında dünyaya gəldi. Atası çareviç Aleksandr, rus çarı II Aleksandrın varisi və Rusiya taxt-tacının vəliəhdi idi. Anası isə onun ilk xanımı, Danimarka kralı IX Kristianın qızı Mariya Fyodorovnadır. Doğulduğu əsnada babası II Aleksandr taxtda idi. Onun 1881-ci ildə sui-qəsd nəticəsində öldürülməsinin ardından atası III Aleksandr adıyla taxta çıxdı. Ancaq siyasi olaraq gərgin bir dövr idi və bu səbəblə, atası bütün ailə üzvlərini təhlükəsizlik tədbiri kimi Qış sarayından Qatçina sarayına köçürdü. Beləcə, uşaqlıq və ilk gənclik illəri burada bacı və qardaşlarıyla birlikdə keçdi. Özündən yaşca böyük 2 qardaşı kimi, Kseniya da mükəmməl saray təlim-tərbiyəsi və təhsili aldı. Ana dili rusca başda olmaqla, ingilis, fransız və alman dillərini öyrəndi. Yay istirahətlərini babası IX Kristianın şəxsi mülkü olan Fredensborq qəsrində bütün ailə üzvləriylə birlikdə keçirirdi. Bu ziyarətlərdən birində, dayısı Yunanıstan kralı I Georqun qızı və ömürboyu ən yaxın sirdaşı olacaq Yunanıstan şahzadəsi Mariya ilə tanış oldu.

Evliliyi Uşaqlıq illərindən bəri heyran olduğu böyük knyaz Aleksandr Miaxiloviçə aşiq idi. Knyaz onun atasının əmisi oğlu idi və üstəlik özündən 11 yaş böyük idi. Hələ 15 yaşında ikən evlənmək istəsələr də, yaşının az olması səbəbilə ailə bu evliliyə etiraz etdi. Nəhayət, bəy namizədinin atası böyük knyaz Mixail Nikolayeviçin səyləriylə, çar ailəsi bu evliliyə icazə verdi və 12 yanvar 1894-cü ildə cütlüyün nişanı elan olundu. Bir-birinə aşiq olan cütlük 6 avqust 1894-cü ildə Peterhof sarayında evləndi. Ancaq cütlük hələ balayı səyahətində ikən çar III Aleksandrın səhhəti pisləşdi və 1 noyabr 1894-cü ildə vəfat etdi. Kseniyanın böyük qardaşı II Nikolay taxta çıxdı. Cütlüyün bu nigahdan 7 övladı doğuldu.

Birinci Dünya müharibəsi illəri Xeyriyyə işləriylə yaxından məşğul oldu. Hamisi olduğu bir çox xeyriyyə cəmiyyətinə maddi dəstək verdi. Xüsusilə Krımda yayılan vərəm epidemiyası səbəbilə bölgədəki hospitallara tez-tez ziyarətlər etdi. Sankt-Peterburqda öz adını daşıyan və 350 tələbəyə təmənnasız təhsil verən Kseninskiy İnstitutunu təsis etdi.

Knyaginya Kseniya və anası dul çariça Mariya Fyodorovna Birinci Dünya müharibəsini hazırlıqsız qarşıladı. Belə ki, müharibə başladığı əsnada Knyaginya Kseniya Fransada, anası dul çariça Mariya Fyodorovna isə Londonda idi. Hər ikisinin də Kaledə görüşməsi və alman imperatoru II Vilhelmin şəxsi yardımıyla, dəmiryolu vasitsilə gizlicə Rusiyaya yola salınmasına qərar verildi. Ancaq Rusiya istiqamətindəki bütün dəmiryolu xətləri bağlandı və plan baş tutmadı. Onların yeri aşkarlandı və Berlinə gətirildilər. Yaşanan siyasi skandalın ardından, qatarın öncə Danimarkaya, ordan isə Finlandiya istiqamətində Rusiyaya getməsinə icazə verildi.

Rusiyaya qayıtdıqdan sonra müharibənin fəsadlarıyla məşğul olan Knyaginya Kseniya öz şəxsi dəmiryolu qatarını hospitala çevirdi və beləcə, ön cəbhədəki yaralıların müalicəsi və əgər lazım olara, onların arxa cəbhəyə daşınmasına yardımçı oldu. 1915-ci ildə qardaşı II Nikolayın ordu komandanlığına şəxsən keçmək fikrinə qarşı çıxdı və onu bu fikirdən daşındırmaq üçün anası Mariya Fyodorovnayla Çarskoye seloya yollandı. Ancaq ana-qızın bütün səyləri boşa çıxdı. Müharibə illərində çariça Aleksandra Fyodorovnanın dövlət idarəsindəki səriştəsizliyi haqqında qardaşına dəfələrlə məktub yazsa da, onun bu səyləri də nəticəsiz qaldı.

Fevral inqilabı illəri Nəhayət, gedişatın pisləşdiyini anlayan Knyaginya Kseniya ailəsiylə birlikdə Krıma köçdü və burada Aytudor sarayında məskunlaşdı. Burada ikən son illərdə çar ailəsinin başına fəlakətlər gətirən Rasputinin qətlə yetirilməsi xəbərini aldı və bundan utanc hissi yaşadı. Belə ki, qatillərdən biri də öz kürəkəni Feliks Yusupov idi. 1917-ci ilin yanvarında Kiyevdəki anasına yazaraq gedişatın pisləşdiyini bildirdi və qardaşı II Nikolaya xəbərdarlıq etməsi üçün ona Sankt-Peterburqa getməyi təklif etdi. Ancaq anasının bundan imtina etməsinin ardından 19 fevral 1917-ci ildə Sankt-Peterburqa təkbaşına qayıtdı. Şəxsi xatiratında yazdıqlarına görə, o əsnada şəhərdə iğtişaşlar davam edirdi və fəhlələr kütləvi tətil elan etmişdilər. Çörək qıtlığı vardı. Qardaşının olduğu qatarın 1 martda dayandırıldığı və müvəqqəti hökumət tərəfindən əsir alındığı xəbərini aldı. Qardaşıyla görüşmək istəsə də, buna nail ola bilmədi. Nəhayət, 6 apreldə Krımdakı ailəsinin yanına qayıtmağa məcbur oldu.

Sürgün illəri Müvəqqəti hökumət tərəfindən devrilən və ailə fərdləriylə birlikdə Tobolskda göz həbsində tutulan qardaşı II Nikolaya məktublar yazdı. Ancaq 1918-ci ilin iyununda kiçik qardaşı Mixailin, bir ay sonra isə həbsdəki qardaşı II Nikolay və ailəsinin vəhşicəsinə güllələnməsi xəbərini aldı. Qızıl Ordunun Krıma yaxınlaşması xəbərini aldıqdan sonra Britaniya kraliçası olan xalası Kraliça Aleksandraya məktub yazaraq kömək istədi. Britaniyanın müdaxiləsiylə, Knyaginya Kseniya və anası dul çariça Mariya Fyodorovna 11 aprel 1919-cu ildə Rusiyadan qaçdılar. Britaniya kralı V Corc, onlarla birlikdə 16 Romanov ailə üzvünü gəmiylə öncə Maltaya, ardından isə Britaniya torpaqlarına qaçırdı. Qalan ömrünü İngiltərədə yaşasa da, anası bir müddət sonra bacısı Olqa ilə birlikdə Kopenhagenə köçdü.

17 may 1920-ci ildə, son çarın böyük bacısı və varisi olaraq onun İngiltərəki mülklərini miras aldı. Mərhum qardaşının qızı Anastasiya olduğunu və qətliamdan gizlicə xilas edildiyini iddia edən fırıldaqçı Anna Andersonu ifşa etməklə məşğul oldu. 1928-ci ildə anasının vəfatından sonra dul çariçasının cəvahiratları və mülklərinin satışından xeyli gəlir əldə etdi. 1933-cü ildə əri böyük knyaz Aleksandr Mixailoviç vəfat etdi. 1937-ci ilin martında Hempton Kortda yaşamağa başladı və 20 aprel 1960-cı ildə burada vəfat etdi.

Şəcərəsi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriİrina Aleksandrovna15 iyul 189526 fevral 1970 (74 yaşında)Feliks Yusupov (22 fevral 1914)İrina Feliksovna YusupovaAndrey Aleksandroviç24 yanvar 18978 may 1981 (84 yaşında)Yelizaveta Sasso-Ruffo (12 iyun 1918)Kseniya Andreyevna RomanovaMixail Andreyeviç RomanovAndrey Andreyeviç RomanovNadin Makduqal (21 sentyabr 1942)Olqa Andreyevna RomanovaFyodor Aleksandroviç23 dekabr 189830 noyabr 1968 (69 yaşında)İrina Paley (3 iyun 1923)Mixail Fyodoroviç RomanovNikita Aleksandroviç17 yanvar 190012 sentyabr 1974 (74 yaşında)Mariya Vorontsova-Daşkova (19 fevral 1922)Nikita RomanovAleksandr RomanovDmitriy Aleksandroviç15 avqust 19017 iyul 1980 (78 yaşında)Marina Sergeyevna (25 oktyabr 1931)Nadejda Dmitriyevna RomanovaŞeyla Kişolm (20 oktyabr 1954) -Rostislav Aleksandroviç24 noyabr 190231 iyul 1978 (75 yaşında)Aleksandra Pavlovna (1 sentyabr 1928) (boşanma: 1944)Rostislav Rostislaviç RomanovAlis Eylken (24 noyabr 1944) (boşanma: 11 aprel 1951)Nikolay Rostislaviç RomanovHedviq Mariya Gertrud (19 noyabr 1954) -Vasiley Aleksandroviç7 iyul 190724 iyun 1989 (81 yaşında)Nataliya Aleksandrovna Qolitçina (31 iyul 1931)Marina Vasileyevna Romanova

Qalereya

Mənbə

Ədəbiyyat

Korneva, Galina; Tatiana Cheboksarova (2006). Empress Maria Fyodorovna's Favourite Residences in Russia and Denmark. Saint Petersburg: Liki Rossii. . Van der Kiste, John; Coryne Hall (2002). Once a grand duchess: Xenia, sister of Nicholas II. Stroud: Sutton. . OCLC 49593798.

Zeepvat, Charlotte (2004). The camera and the Tsars: the Romanov family in photographs. Stroud: Sutton. p. 98. ISBN 0-7509-3049-7 Maylunas, A.; Mironenko, S. (1997). A Lifelong Passion: Nicholas and Alexandra. New York: Doubleday. pp. 61–63. ISBN 0385486731

İstinadlar