Kseniya Zoqu ( ) — alban şahzadəsi olmuşdur. O, Camal Paşa Zoqu və onun ikinci həyat yoldaşı Sadiyə Toptaninin qızı və Albaniya kralı I Zoqun altı bacısından üçüncüsü olmuşdur. 1928-ci ildə onun qardaşı monarx olduqda, ona və bacı-qardaşlarına Zoqu şahzadəsi statusu verilmişdir. O, 1928–1939-cu illərdə Albaniya Qızıl Xaç Cəmiyyətinin və "Gruaja Shqiptare" qadın təşkilatının sədri olmuşdur.
Həyatı Şahzadə Kseniyanın (Senije) I Zoqun sevimli bacısı olduğu təsvir edilmiş və bildirilmişdir ki, bu sevgi qarşılıqlı olmuşdur. Kraliça ananın ölümündən sonra, Şahzadə Kseniya qardaşının 1938-ci ildə kraliça Jeraldina ilə evliliyinə qədər birinci xanımın təmsilçilik vəzifələrini icra etmişdir.
İctimai həyatı İctimaiyyət arasında nadir hallarda görünən iki böyük bacısı Şahzadə Adilə Zoqu və Nafiyə Zoqudan fərqli olaraq, kral dörd kiçik bacısına krallığın təmsil olunmasında rəsmi rollar vermişdir. Kralın hakimiyyətinin ilk illərində şahzadələr kral sarayı kompleksində ənənəvi təcrid olunmuş həyat sürmüş və nadir hallarda ailə dairəsindən kənarda görünmüşlər, lakin bu, 1936-cı ildə Şahzadə Kseniyanın toyu zamanı dəyişmişdir. Onun toyu ictimai bir hadisə olmuş və həmin ildən etibarən kral müntəzəm olaraq rəsmi kral balları təşkil etmiş və dörd kiçik bacısının rəsmi kral təmsilçiliyi tapşırıqları ilə ictimaiyyət qarşısında görünməsini təmin etmişdir: Kseniyaya səhiyyə, Ruhiyə Zoquya təhsil, Müzəyyən Zoquya mədəniyyət, Məcidə Zoquya isə idman sahəsində tapşırıqlar verilmişdir. Onları bu vəzifəyə hazırlamaq üçün fortepiano, rəqs, dil və atçılıq dərsləri verilmiş və onlar Qərbi Avropaya bir neçə səfərə göndərilmişlər; onlar burada bahalı alış-veriş səfərləri ilə tanınmışlar. Kral 1937-ci ildə hicabı qadağan etdikdə, o, bacılarının ictimaiyyət qarşısında çadrasız görünməsinə və digər qadınlar üçün rol modeli olaraq Qərb dəbində geyinməsinə əmin olmuşdur.
Şahzadə Kseniya 1928-ci ilin oktyabrında kral tərəfindən Albaniya Qızıl Xaç Cəmiyyətinin sədri təyin edilmişdir. Elə həmin il kral Albaniyadakı bütün qadın təşkilatlarını ləğv etmiş və onları dövlət tərəfindən idarə olunan tək bir qadın təşkilatı — "Gruaja Shqiptare" ilə əvəz etmişdir. Bu təşkilata Albaniya Qızıl Xaç Cəmiyyətinin sədri başçılıq etməli, o isə öz növbəsində monarx tərəfindən təyin olunmalı idi və bunun nəticəsində Şahzadə Kseniya "Gruaja Shqiptare"nin sədri olmuşdur. Bu dövlət qadın təşkilatının vəzifəsi müstəqil fəaliyyət göstərməkdən çox, qadın hüquqları çərçivəsində rəsmi siyasəti dəstəkləmək olmuşdur. Bununla belə, 1928-ci ilin Mülki Məcəlləsi qadınların bərabər vərəsəlik və boşanma hüququna malik olduğunu bildirdiyi, əvvəlcədən razılaşdırılmış və məcburi nikahları, poliqamiyanı ləğv etdiyi və qadınlara təhsil və peşəkar həyat hüququ verdiyi üçün hökumətin siyasəti radikal olmuşdur. Şahzadə Kseniyanın rəhbərliyi altında "Gruaja Shqiptare" 20 şəhərdə yerli şöbələr qurmuş, öz qəzetini nəşr etdirmiş və rejimin qadın siyasətini dəstəkləyən bir çox layihələrə, xüsusən də təhsillə bağlı layihələrə dəstək vermişdir; reallıqda isə, görülən işlər şəhərlərin kosmopolit elitasından kənarda böyük bir uğur qazana bilməmişdir.
Kral 1930-cu illərin sonlarında özünə həyat yoldaşı axtararkən, bacısına Avropa zadəganları arasında gəlin tapmaq üçün Avropadakı ballarda iştirak etmək tapşırığı verilmişdir. 1937-ci ildə Şahzadə Kseniya, kralın xahişi ilə, gələcək Albaniya kraliçası Jeraldinanı Tirana kral sarayında keçirilən Yeni il balına dəvət etmiş və kral orada ona evlilik təklifi etmişdir.
1938-ci ildəki kral toyundan əvvəl ən kiçik üç şahzadə ABŞ-yə səfər etmiş və orada onlara böyük diqqət yetirilmişdir, lakin Kseniya onları müşayiət etməmişdir.
Sürgün Şahzadə Kseniya 1939-cu ildə İkinci Dünya müharibəsinin başlaması ilə kral ailəsinin qalan üzvləri ilə birlikdə Albaniyanı tərk etmiş və 1940-cı ildə sabiq monarxı izləyərək Böyük Britaniyaya sürgünə getmişdir. O və Adilə istisna olmaqla digər bacıları 1946-cı ildə Misirə Zoqun ardınca getmişlər. Misirdə o və xüsusilə Şahzadə Müzəyyən oradakı alban koloniyası ilə əlaqə saxlamışlar. 1955-ci ildə o və ailənin qalan üzvləri Zoqun ardınca onun vəfat edəcəyi Fransaya getmişlər. O, ölümünə qədər bacıları ilə birlikdə Fransada yaşamışdır.
Şahzadə Kseniya 1936-cı ildə II Əbdülhəmidin oğlu Şahzadə Mehmed Abid (1905–1973) ilə evlənmiş və 1949-cu ildə ondan boşanmışdır. Onların övladı olmamışdır.
Mənbələr Charles Fenyvesi, Splendor in exile, Washington, New Republic Books, 1979. Anastas Frashëri, Cila ka qënë N. M. Saj Sadije Zogu [H. M. Kraliça Ana Sadiyə Zoqu kim idi], Tirana, " Tirana ", 1935. Patrice Najbor, Histoire de l'Albanie et de sa Maison Royale 1443–2007, 5 vol., Je Publie, 2008.
İstinadlar
Kateqoriya:1903-cü ildə doğulanlar Kateqoriya:1969-cu ildə vəfat edənlər Kateqoriya:Zoqu ailəsi Kateqoriya:XX əsr Albaniya qadınları Kateqoriya:Albaniyanın qadın hüquqları müdafiəçiləri Kateqoriya:Albaniyanın qadın şahzadələri