İrma Szirmai (; ) — Macarıstanlı pasifist (sülh tərəfdarı) və feminist. Feminist Assosiasiyasının (macarac:Feministák Egyesülete) təsisçi üzvlərindən biri kimi, o, 1907-ci ildən etibarən birliyin "Ana və Uşaq Müdafiəsi Komitəsi"nə rəhbərlik edib. 1906–1913-cü illərdə mətbuat komitəsində fəaliyyət göstərib və 1913-cü ildə Budapeştdə keçirilən Beynəlxalq Qadın Seçki Alyansının (IWSA) Yeddinci Konfransının işini asanlaşdırmaq üçün təşkil edilmiş tərcüməçilər qrupuna sədrlik edib. O, həmçinin dövlətin Qəyyumluq Şurasında müavin kimi çalışıb, xəstələrə kömək etmək və onlara lazımi xidmətləri göstərmək üçün kimsəsiz uşaqlara və doğum evlərini ziyarət edib. Sadiq bir pasifist olaraq, 1915-ci ildə Qadınların Beynəlxalq Sülh və Azadlıq Liqası (WILPF) yaradıldıqda bu təşkilata qoşulub. Macarıstandakı fəaliyyəti ilə yanaşı, Szirmai IWSA (Beynəlxalq Qadın Seçki Alyansı) və WILPF-in çoxsaylı beynəlxalq konqreslərində iştirak edib, qadınların vətəndaşlığı və nikahdankənar analarla bağlı beynəlxalq komitələrdə təmsil olunub.
1925-ci ildən etibarən o, Feminist Assosiasiyasına həmsədrlik edib, lakin 1927-ci ildə qızının vəfatından sonra istefa verib. 1930-cu illərdə o, yenidən təşkilatın həmsədri vəzifəsinə qayıdıb. Təşkilat İkinci Dünya müharibəsi zamanı qadağan edilsə də, 1946-cı ildə Szirmai tərəfindən yenidən bərpa olunub. 1949-cu ildə hökumət tərəfindən yenidən məcburi şəkildə ləğv edilməsinə baxmayaraq, birlik 1958-ci ildə Szirmainin ölümünə qədər onun rəhbərliyi altında gizli şəkildə fəaliyyətini davam etdirib.
Həyatı İrma Reynitz 24 dekabr 1867-ci ildə Macarıstan krallığının Budapeşt şəhərində, Paulina (qızlıq soyadı Prager) və doktor Jozef Reynitzin ailəsində anadan olub. Onun ailəsi yəhudi mənşəli idi. O, Fiumedəki neft emalı zavodunun direktoru olan Oskar Szirmai (1858–1943) ilə ailə həyatı qurmuşdu. Onların Cozef (1891–1971) və Oliver Szirmai (1899–1972) adlı iki oğlu və Yuliya (1927-ci ildə vəfat edib) adlı bir qızı var idi.
Fəaliyyəti Feminist Assosiasiyası 1904-cü ildə Beynəlxalq Qadınlar Şurasının (ICW) filialı kimi yaradılıb. İrma Szirmai təşkilatın yaradılmasından qısa müddət sonra ona qoşulub və 1907-ci ildə "Ana və Uşaq Müdafiəsi Komitəsi"nin sədri olub. XX əsrin əvvəllərinə qədər ölkədə uşaq evlərini idarə edən və ya atılmış uşaqları təmin edən rəsmi dövlət təşkilatı olmadığı üçün bu qayğı özəl birliklər tərəfindən həyata keçirilirdi. Macarıstanda uşaqların müdafiəsi ilə bağlı ilk qanunvericilik 1901-ci ildə qəbul edildi və bu qanun azyaşlı uşaqlara dövlətin qayğı göstərməli olduğunu şərtləndirdi. 1903-cü ildə Dövlət Uşaq Sığınacağının ilk meneceri təyin edildi və Budapeştdə dövlət tərəfindən idarə olunan uşaq evi təsis olundu. Binanın tikintisinə 1905-ci ildə başlanıldı və müəssisə 1906-cı ildə fəaliyyətə başladı. İrma Szirmai dövlətin Qəyyumluq Şurasında müavin kimi çalışır, uşaq evi və doğum evini müntəzəm olaraq ziyarət edirdi. Onun "Ana və Uşaq Müdafiəsi Komitəsi"ndəki fəaliyyəti Şura işi ilə üst-üstə düşürdü, çünki komitə ziyarət etdikləri xəstələr haqqında ətraflı qeydlər aparırdı. Yeni analara məsləhətlər vermək və tibb bacılarına təlim keçməklə yanaşı, komitə hüquqi məsləhət, işə düzəltmə, uşaq bağçası müavinətləri, himayədar ailəyə yerləşdirmə və evsiz qalmış qadınlar üçün qısamüddətli mənzil kimi xidmətlər də təklif edirdi.
İlk vaxtlar Feminist Assosiasiyası qadınların seçki hüququ ilə maraqlanmırdı. Həm 1907, həm də 1908-ci il illik toplantılarında seçki komitəsinin yaradılması rədd edilmişdi. Rozika Şvimmer qadınların səs vermə ehtiyacı haqqında mühazirə ilə çıxış etdikdən sonra, 1909-cu il ümumi yığıncağında Beynəlxalq Qadın Seçki Alyansı (IWSA) ilə uyğunlaşdırılmış seçki komitəsinin yaradılması təsdiqləndi. İrma Szirmai və xanım Aleksander Seqvari seçki komitəsi üçün hesabatların hazırlanmasında iştirak etdilər.
İrma Szirmai həmçinin 1906-cı ildən 1913-cü ilə qədər mətbuat komitəsində fəaliyyət göstərib. 1913-cü ildə Budapeştdə Beynəlxalq Qadın Seçki Alyansının Yeddinci Konfransı keçirildi. İrma Szirmai konqresi təşkil edən icraiyyə komitəsinin üzvlərindən biri idi və tərcüməçilər qrupuna sədrlik edirdi. O, 1915-ci ildə Haaqada keçirilən təsis konqresinə dəstək məktubu göndərərək, doğum evlərindəki işinin çox ağır olması səbəbindən iştirak edə bilməyəcəyini izah etdi. Konqresə qatılan macar nümayəndələr onu Qadınların Beynəlxalq Sülh və Azadlıq Liqasına (WILPF) birləşən Macarıstan pasifist komitəsinin təsisçi üzvləri siyahısına daxil etdilər.
İrma Szirmai rəsmi nümayəndə kimi bir çox beynəlxalq qadın konqreslərində, o cümlədən WILPF-in 1921-ci il Vyana, IWSA-nın 1923-cü il Roma və WILPF-in 1926-cı il Dublin toplantılarında iştirak etdi. 1925-ci ildən 1927-ci ilə qədər İrma Szirmai Vilma Qlüklix ilə birlikdə Feministlər Birliyinin həmsədri oldu. 1927-ci ildə Qlüklix vəfat etdi, həmin il İrma Szirmainin qızı da dünyasını dəyişdi və o, sədrlikdən uzaqlaşdı. Bundan sonra təşkilata Yevgeniya Miskoltsi Meller rəhbərlik etdi, lakin 1930-cu illərdə o, sədrlik vəzifəsini Szirmai ilə böldü. 1929-cu ildə İrma Szirmai IWSA (Beynəlxalq Qadın Seçki Alyansı) tərkibində iki komitədə çalışırdı. Bunlar "Evli Qadınların Vətəndaşlığı üzrə Komitə" və "Nikahdankənar Ana və Onun Övladı üzrə Komitə"lər idi. Bunların hər ikisi Szirmai üçün vacib feminist məsələlər idi. O bəyan edirdi ki, "qadınların emansipasiyası (azadlığı) anaların həyat keyfiyyəti məsələsindən, dolayısı ilə uşaqların rifahından ayrılmazdır".
Hələ 1905-ci ildə Beynəlxalq Qadınlar Şurası (ICW) qadınların vətəndaşlığı məsələsinin həllini tələb edirdi. Çünki beynəlxalq səviyyədə ayrı-ayrı dövlətlər qadının ərə getdikdə öz vətəndaşlığını itirib həyat yoldaşının vətəndaşlığını qəbul etməsini tələb edirdi. Birinci Dünya müharibəsinin sonuna qədər üç böyük beynəlxalq qadın təşkilatı — ICW, IWSA və WILPF — öz filiallarını qadınların fərdi vətəndaşlığına bir insan hüquqları məsələsi kimi yanaşmağa yönəltdilər. Eyni şəkildə, XX əsrdə tək anaların üzləşdiyi problemlər mənəvi məsələlərdən çıxaraq hüquqi əsaslı çağırışlara çevrildi. Kişilərin öz uşaqlarını təmin etməsinə necə nail olmalı, qadınlar öz reproduktiv sağlamlıqlarını necə idarə edə bilər, analar təhsil və məşğulluğa bərabər çıxışı necə əldə edə bilər və nikah və boşanmanı tənzimləyən qanunlar qadınlara necə kömək edə bilər. Szirmai qadınların özlərini və uşaqlarını dolandıra bilən fərdlər kimi inkişaf etmələrini təmin etmək üçün onların tam hüquqlu və tam müstəqil olmalarını müdafiə edirdi.
1941-ci ildə hökumət Feministlər Birliyini pasifist mövqeyi və rəhbərliyinin yəhudi əleyhinə qanunları pozması səbəbindən qadağan etmək üçün fəaliyyətə başladı. Təşkilatın lisenziyası 1942-ci ildə ləğv edildi. Bir neçə il qeyri-qanuni fəaliyyət göstərsə də, sonda Meller Gestapo tərəfindən həbs edildi və 1944-cü ildə qətlə yetirildi. Müharibə bitdikdən sonra, 1946-cı ildə birlik Szirmainin sədrliyi ilə yenidən bərpa olundu. Szirmai 1949-cu ildə Kopenhagendə keçirilən WILPF toplantısında iştirak edə bilməsə də, konqresə şəxsi mesajını göndərdi. Elə həmin il Matyaş Rakoşinin hökuməti Feministlər Birliyinin ləğv edilməsi haqqında əmr verdi. Məcburi bağlanmaya baxmayaraq, Szirmai beynəlxalq feminist əlaqələrini saxlayır, onların nəşrlərini qəbul edir və Macarıstan Xalq Respublikasının qurulması nəticəsində yaranan humanitar böhranların və 'təmizləmələrin' (repressiyaların) sülh yolu ilə həllində iştirakı təşviq edirdi. Təşkilat Szirmainin ölümünə qədər onun rəhbərliyi altında gizli şəkildə fəaliyyətini davam etdirdi.
Ölümü və irsi Szirmai 6 may 1958-ci ildə Budapeştdə tramvay qəzası nəticəsində vəfat edib. Onun vəfatı zamanı Feminist Assosiasiyasının həyatda qalan sonuncu təsisçi üzvü olduğu qeyd edilib. Szirmai uşaqların müdafiəsi, təhsil və sosial iş sahəsindəki aktivliyi ilə, eləcə də Feminist Assosiasiyasının ən görkəmli qadın liderlərindən biri kimi xatırlanır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Avstriya-Macarıstan şəxsləri Kateqoriya:XIX əsr macar yəhudiləri Kateqoriya:XX əsr macar yəhudiləri