Yelena Qorolova (; ) — Qaraçı əslilli Çexiyalı hüquq müdafiəçisi və qadınların reproduktiv hüquqları fəalı. O, Ostravada sosial işçi kimi çalışır. 21 yaşında zorla sterilizasiya edildikdən sonra Qorolova qaraçı qadınlarının bədən muxtariyyəti hüquqları və məcburi sterilizasiya qurbanları üçün kompensasiya tələbi uğrunda kampaniyaya başladı. O, Birləşmiş Millətlər Təşkilatı qarşısında ifadə verdi və BBC-nin 100 nüfuzlu qadınından biri elan edildi. Məcburi sterilizasiya qurbanlarına kompensasiya ödəməyi vəd edən Çexiya qanunu qəbul edildikdən sonra o, doğum evlərində ayrı-seçkiliyə qarşı kampaniyaya yenidən diqqət yetirəcəyini açıqladı. Həyatı Yelena Qorolova 2 yanvar 1969-cu ildə Ostravada xadimə Eva və sürücü Emilin ailəsində anadan olub. Onun ailəsi əslən Slovakiyadan gəlsə də, iş üçün Çexiya Respublikasına köçmüşdülər. İbtidai məktəbi bitirdikdən sonra o, peşə liseyində metal emalı üzrə təhsil alıb və sonralar "Vítkovice Steel" zavodunda çalışıb. O, məktəbindəki bütün qaraçı uşaqlarının ali təhsil imkanları barədə məlumatlandırılmadan avtomatik olaraq peşə məktəblərinə göndərildiyini bildirib.

21 yaşında, ikinci oğlunu dünyaya gətirdikdən sonra xəstəxanada məcburi şəkildə sterilizasiya edilib. O, yenidən övlad sahibi olmağı ümid edirdi və bu prosedur üçün şüurlu razılığını verməyib. Qeysəriyyə əməliyyatına hazırlandığı və ağrıdan sayıqladığı bir vaxtda tibb bacısı ona imzalaması üçün bir kağız verib. Cərrahlar tərəfindən onun döl qişası süni şəkildə yırtılmış və uşaqlıq boruları kəsilib. O qeyd edib ki, həyat yoldaşı əvvəlcə sterilizasiyaya görə onu günahlandırıb və buna məcbur edildiyinə inanmadığı üçün bunu qəsdən etdiyini düşünüb, lakin sonda ona inanmağa qərar verib. Qorolova izah edib ki, böyük ailələrə dəyər verdikləri üçün qaraçılar arasında sterilizasiya olunmaq utancverici bir hal sayılır. Onun sözlərinə görə, bir çox digər qaraçı qadınlar məcburi sterilizasiyadan sonra həyat yoldaşları tərəfindən tərk ediliblər, çünki "ərləri daha çox uşaq istəyirdilər və arvadlarından utanırdılar". Fəaliyyəti Yelena Qorolova Çexiyada qaraçı qadınların məcburi sterilizasiyasına və onlara qarşı ayrı-seçkiliyə qarşı kampaniyalar aparıb, bu cinayətlərə görə təzminat ödənilməsini və maarifləndirmə işlərinin görülməsini müdafiə edib. 2005-ci ildə Gorolová məcburi sterilizasiyadan şikayət edən 87 çex qadından biri idi. Çexoslovakiyada 1971-ci ildən 1983-cü ilə qədər qaraçı və əlil qadınlar sistematik şəkildə iradələri əleyhinə bu tibbi metoda məruz qalırdılar. Gorolovanın dediyinə görə, həkimlər tez-tez onlara yalan danışaraq sterilizasiyadan sonra da uşaq sahibi ola biləcəklərini deyirdilər. Sosial işçilər isə qadınlara "müvəqqəti kontrasepsiya" üçün razılıq forması imzaladıqlarını deyir, yenidən hamilə qala biləcəklərinə söz verir, imza qarşılığında isə qida və ya paltaryuyan maşın üçün pul təklif edirdilər. Bəzən onları proseduru qəbul etməyə razı salmaq üçün hamiləlik fəsadlarından ölə biləcəkləri ilə qorxudurdular. Xəstəxanalar tez-tez qadınlara razılıq formalarını doğum sancıları zamanı və ya qeysəriyyə əməliyyatından sonra özlərinə gəlmədikləri anlarda imzalatdırırdılar. Onların bəziləri savadsız idi.

2006-cı ildə Qorolova Birləşmiş Millətlər Təşkilatının Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsinin 36-cı sessiyasında Çexiyada qadın hüquqları mövzusunda çıxış etdi. Qorolova və digər fəallara yerli xəstəxanaların işçiləri ilə görüşməyə icazə verildi və burada onlar məcburi sterilizasiyada iştirak edən həkimlərlə "üzləşdilər". O, Məcburi Sterilizasiyadan Zərər Çəkmiş Qadınlar Qrupunun sözçüsü və Çexiyanın "Vzájemné soužití" (Birlikdə Yaşayış) təşkilatının üzvüdür. "Vzájemné soužití" təşkilatının məqsədi dövlət uşaq evlərində yaşayan uşaqları bioloji ailələri ilə yenidən qovuşdurmaqdır. Gorolovanın sözlərinə görə, qrup həm qaraçı, həm də qeyri-qaraçı uşaqlar və ailələrlə işləyir. 2009-cu ildə Çexiya hökuməti sterilizasiyalara görə üzr istəsə də, qurbanlara təzminat təklif etmədi.

2013-cü ilin aprel ayına qədər pasiyentin məcburi olmayan şüurlu razılığı olmadan edilən sterilizasiya Çexiyada qanunsuz elan edildi və bunu tətbiq edən xəstəxanalar cinayət və mülki məsuliyyətə, o cümədən qurbana təzminat ödənilməsi cəzasına məruz qala bilərdi. 2021-ci ildə Çexiya Parlamenti tərəfindən məcburi sterilizasiya qurbanlarına maliyyə təzminatının ödənilməsinə icazə verən 297/2021 nömrəli qanun təsdiqləndi və qüvvəyə mindi. Gorolová bəyan etdi ki, "heç bir məbləğ bizə yenidən uşaq sahibi olmaq şansını qaytarmayacaq, lakin təzminat ədalət üçün vacibdir". Gorolovanın sözlərinə görə, qanun xəstəxanadan sterilizasiyanın baş verdiyinə dair sənəd tələb edir, lakin Çexiyadakı xəstəxanaların bu cür sənədləri on ildən sonra məhv etməsi faktı nəzərə alınmayıb ki, bu da bir çox qadının onlara çatacaq təzminatı almasına mane olur.

Müvafiq qanun qəbul edildikdən sonra Gorolová bildirdi ki, növbəti məqsədi doğum evlərindəki ayrı-seçkiliyə qarşı mübarizə aparmaqdır. 2018-ci ilin noyabrında o, BBC tərəfindən ilin 100 ilhamverici və nüfuzlu qadınından biri kimi tanındı. 2021-ci ildə o, ABŞ-ın Çexiyadakı səfirliyi tərəfindən hər il təqdim olunan Alisa Q.Masarik İnsan Hüquqları Mükafatına layiq görüldü. 2025-ci ilin aprelində Gorolová "Xartiya 77" Fondu tərəfindən Frantişek Krieqel mükafatı ilə təltif edildi.

Şəxsi həyatı Yelena Qorolova anadan olduğu şəhərdə sosial işçi kimi çalışır. Onun mənzili 2024-cü ildə Mərkəzi Avropada baş verən daşqınlar zamanı dağılıb. Çexiya hökumətinin Qaraçı Azlıqlarının İşləri üzrə komissarı Lüsi Fukova, Yelena Qorolovaya və ailəsinə yeni evə köçməkdə kömək etmək məqsədilə insan hüquqları fəalı Qvendolin Albert tərəfindən təşkil edilən fonda ianə verməyə çağırıb.

İstinadlar

Xarici keçidlər „Manžel si myslel, že jsem o sterilizaci požádala já sama,“ říká Elena Gorolová (podcast Kvóty, A2larm, 13. 4. 2021)