"Asteromata" – Yunanıstan müğənnisi Klavdiyanın ifa etdiyi mahnıdır. Kompozisiya "Arcade" qrupu və Klavdiya tərəfindən qələmə alınmış, onun prodüserliyini isə "Arcade" öz üzərinə götürmüşdür. Mahnı 31 yanvar 2025-ci il tarixində işıq üzü görmüş və Avroviziya 2025 mahnı müsabiqəsində Yunanıstanı təmsil etmişdir. Sözügedən kompozisiya Yunanıstan musiqi qrafiklərində 3-cü pilləyə qədər yüksəlmiş və "IFPI Greece" tərəfindən platin sertifikatına layiq görülmüşdür.

Yaradılması "Asteromata" mahnısı "Arcade" kollektivi və Klavdiya Papadopulu tərəfindən yazılmışdır. Mahnı yunan və digər mühacirlərin, eləcə də onların harada olmalarından asılı olmayaraq doğma vətənləri ilə qoruyub saxladıqları xüsusi bağdan bəhs edir. Kompozisiyada ana ilə onun itkin düşmüş övladı arasında bir-birinə təsəlli verən məcazi bir dialoq canlandırılır. Müsahibələrinin birində mənşəcə Pont yunanlarından olan Klavdiya qeyd etmişdir ki, mahnının əsas qayəsi müxtəlif səbəblərdən doğma yurdunu tərk etmək məcburiyyətində qalan insanların xatirəsini ehtiramla yad etmək, dinləyiciyə ümid və dözümlülük mesajı ötürməkdir.

Digər bir müsahibəsində ifaçı vurğulamışdır ki, çoxsaylı universitet tələbəsinin həyatına son qoyan 2023-cü il Tempi dəmir yolu qəzası da mahnının fəlsəfəsinə və övlad itkisi mövzusunun işlənməsinə öz təsirini göstərmişdir.

2025 Avroviziya Mahnı Müsabiqəsi Daxili seçim "Ethnikos Telikos 2025" milli seçim turu Yunanıstan Radio və Televiziya Korporasiyası (ERT) tərəfindən ölkəni həmin ilin Avroviziya müsabiqəsində təmsil edəcək ifaçını müəyyənləşdirmək məqsədilə təşkil olunmuşdur. 10 yanvar 2025-ci il tarixində "ERT1" telekanalının "Proian se eidon" proqramının yayımı zamanı Klavdiyanın "Asteromata" (Αστερομάտα) mahnısı ilə Yunanıstanın "Ethnikos Telikos 2025" adlı milli finalında iştirak edəcəyi açıqlanmışdır. 30 yanvar 2025-ci il tarixində keçirilən seçim yarışmasında bu kompozisiya həm yerli və beynəlxalq münsiflər heyətinin, həm də tamaşaçıların səsverməsində birinci yeri tutaraq milli finalın qalibi olmuşdur. Bununla da mahnı Avroviziya mahnı müsabiqəsində Yunanıstanı təmsil etmək hüququ qazanmışdır.

Müsabiqədə 2025 Avroviziya Mahnı Müsabiqəsi İsveçrənin Bazel şəhərində yerləşən "St. Jakobshalle" kompleksində təşkil olunmuşdur. Müsabiqə 13 və 15 may 2025-ci il tarixlərində keçirilən iki yarımfinal və 17 may 2025-ci il tarixində baş tutan final mərhələsindən ibarət olmuşdur. 28 yanvar 2025-ci ildə reallaşan püşkatma nəticəsində Yunanıstan ikinci yarımfinal mərhələsində çıxış etmək imkanı əldə etmişdir. Müsabiqənin yekununda Yunanıstan təmsilçisi 6-cı yerdə qərarlaşmışdır.

İstinadlar

Kateqoriya:2025 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:2025-ci ilin mahnıları Kateqoriya:2025-ci ilin sinqlları Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsi mübahisələri