"Freedom" — Gürcüstan müğənnisi Mariam Şengeliyanın debüt sinqlı. Mahnının musiqisi Keti Qabisianiyə, sözləri isə Buka Kartoziyaya məxsusdur, bəstənin prodüserliyini də Qabisiani öz üzərinə götürmüşdür. Kompozisiya 17 mart 2025-ci il tarixində işıq üzü görmüş və 2025 Avroviziya Mahnı Müsabiqəsində Gürcüstanı təmsil etmişdir.

Tarixi və yaradılması "Freedom" mahnısının musiqisi Keti Qabisiani, sözləri isə Buka Kartoziya tərəfindən yazılmışdır. Mətn baxımından mahnı azadlıq, ümid, vətən və qətiyyət ismarışlarını ötürərək, gələcək yola inam hissi aşılayır. Mavi və buludsuz səma, həmçinin sakit, lakin fırtınalı dəniz təsvirləri mahnının emosional yükünü daha da gücləndirir. Kompozisiyada azadlığa və vətənə olan təmiz, sarsılmaz sevgi vurğulanır, Şengeliya isə ifasında bundan başqa bir sərvət axtarmadığını ifadə edir.

Videoçarx və təbliğat "Freedom" mahnısının videoçarxının rejissoru Kaxa Buxraşvili, bədii rəhbərləri isə Şako Popiaşvili və Nino Tsulaiadır. Klip, təmsilçiliyin elan edilməsi ilə eyni vaxtda, Avroviziya Mahnı Müsabiqəsinin rəsmi "YouTube" kanalında təqdim olunmuşdur.

Tənqidçilərin mövqeyi "Freedom" musiqi tənqidçiləri tərəfindən əsasən mənfi rəylərlə qarşılanmışdır. "Wiwibloggs" saytının bir neçə tənqidçisinin rəylərinin xülasəsində mahnı 10 mümkün baldan 3,07 balla qiymətləndirilmişdir. Bununla da bəstə, sözügedən saytın həmin il "Avroviziya"da yarışan 37 mahnı arasında keçirdiyi illik reytinq səsverməsində sonuncu — 37-ci pillədə qərarlaşmışdır. "Vulture" nəşrindən Con O'Brayen də mahnını "kakofonik bir qarışıq" adlandıraraq 37-ci və sonuncu yerə layiq görmüşdür. "ESC Beat" platformasından Doron Lahav kompozisiyanı 37 mahnı arasında 34-cü yerdə qərarlaşdıraraq, onun "həzm olunmasının çətin olduğunu" və "iki fərqli mahnını birləşdirmək cəhdinə" bənzədiyini qeyd etmişdir. Finlandiyanın "Yle" yayım şirkətindən Eva Frants bəstəyə 10 baldan 3 bal verərək, onu "həddindən artıq dağınıq və artistik" kimi xarakterizə etmişdir.

İstinadlar

Kateqoriya:2025 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:2025-ci ilin mahnıları Kateqoriya:2025-ci ilin sinqlları