Əbu Məhəmməd Abdullah ibn Əbdülhəkəm əl-Maliki (; ) — Malik ibn Ənəsin tələbəsi, Məhəmməd ibn Abdullah ibn Əbdülhəkəmin və Əbdürrəhman ibn Əbdülhəkəmin atası. Müctəhid.
Həyatı Hicri 150 (767) ildə İsgəndəriyyədə anadan olub. Bu tarix bəzi mənbələrdə hicri 154-cü (771) və 156-cı (773) ildir.
Abdullah ibn Əbdülhəkəm ilk təhsilini atasından və yaşadığı ərazidəki alimlərdən almışdır. Hicaz, Suriya, İraq və Yəmənə elmi səfərlər etmiş, Əşhəb əl-Qeysidən, İbn Vəhbdən, İbn əl-Qasımdan hədis və fiqh təhsili almışdır. Malik ibn Ənəsdən "Muvatta"nı dinləmiş və rəvayət etmişdir. O, həmçinin Əsəd ibn Furat, əş-Şafii, Əbdürrəzzaq əs-Sənani, Süfyan ibn Uyeynə, Leys ibn Səddən və başqa alimlərdən də hədis təhsili almışdır.
Ondan oğulları — Məhəmməd, Əbdürrəhman, Əbdülhəkəm, Sədlə yanaşı İbn əl-Məvvaz, əd-Dərimi, Səhnun və başqaları hədis rəvayət etmişdir.
Abbasi xəlifəsi Məmun, qardaşı Mötəsimi Misirə vali təyin etmişdir. Bundan narahat olan bəzi nüfuzlu şəxslər Qazı İbn əl-Münkədirdən Məmuna şikayət məktubu ünvanlamasını tələb etmişlər. Bu məktubdan xəbər tutan Mötəsim, qəzəblənmiş və Qazı İbn əl-Münkədiri vəzifədən azad etmiş, məktubun yazılmasında rolu olduğu iddiası ilə Abdullah ibn Əbdülhəkəmi də həbs etdirmişdir. Halbuki Abdullah ibn Əbdülhəkəm məktubun yazılmasında tərəfdar olmamışdır.
Abdullah ibn Əbdülhəkəm həbsdə olarkən xəstələnmiş və hicri 214-cü (829) ildə, İbn Hibbana görə isə hicri 213-cü ildə vəfat etmişdir.
Maliki məzhəbindəki yeri Abdullah ibn Əbdülhəkəm, öz dövründə Malik ibn Ənəs fiqhini və metodikasını ən yaxşı bilən alimlərdən biri hesab olunurdu. O, müəllimlərinin hökm çıxararkən izlədiyi metodu çox yaxşı bilməsi və bu metodu yeni ortaya çıxan məsələlərə tətbiq etməsi ilə diqqəti cəlb etmişdir.
Əşhəb əl-Qeysinin vəfatından sonra Misirdə Maliki məzhəbinin əsas fətva mənbəyi olmuşdur. Abdullah ibn Əbdülhəkəm verdiyi fətvalar və yazdığı əsərlər vasitəsilə Malik ibn Ənəs və onun tələbələrinin fiqhini özündən sonrakı nəsillərə çatdırmış, Maliki məzhəbinin formalaşmasında mühüm xidmət göstərmişdir. Onun "əl-Müxtəsərül-kəbir" adlı əsəri Bağdad Malikiləri tərəfindən mədrəsələrdə əsas dərs vəsaiti kimi istifadə olunmuşdur.
Qazı İyad qeyd edir ki, "əl-Muvatta" və "əl-Müdəvvənə" əsərlərindən sonra Maliki məzhəbinə aid kitablar arasında Abdullah ibn Əbdülhəkəmin müxtəsərləri qədər maraq görən başqa bir əsər olmamışdır. Lakin onun Malik ibn Ənəsdən nəql etdiyi rəvayətlər məzhəb daxilində İbn əl-Qasım, Əşhəb əl-Qeysi və onların bənzəri alimlərin rəvayətləri qədər etibarlı hesab edilməmişdir.
Abdullah ibn Əbdülhəkəmin yaxın dostu olan əş-Şafii hicri 199-cu (815) ildə Bağdaddan Misirə gəldikdə onun evində qonaq qalmış, Misirdə yaşadığı müddətdə Abdullah ibn Əbdülhəkəmdən böyük dəstək görmüş və elə onun yanında vəfat etmişdir. Abdullah ibn Əbdülhəkəm əş-Şafiinin kitablarını yazıya köçürmüş, həmçinin oğlu Məhəmmədi də onun dərslərinə göndərmişdir.
Əsərləri Mənbələrdə adı çəkilən əsərlərdən bəziləri bunlardır:
Sirətü (Mənaqibü) Ömər ibn Əbdiləziz alə mə rəvahül-İmam Malik ibn Ənəs və əshabüh. Əl-Müxtəsərül-kəbir fil-fiqh. Əl-Müxtəsərül-əvsat. Əl-Müxtəsərüs-səğir. Əl-Məsəil və əcvibətühə.
İstinadlar
Kateqoriya:Müctəhidlər Kateqoriya:Misir yazıçıları