Paris Notr-Dam kilsəsinin ximeraları () — Paris Notr-Dam kilsəsini bəzəyən, ximera görnüşlü heykəllər.
Kafedralın su novlarının uclarını təşkil edən qarqoyllardan fərqli olaraq, bu elementlər orta əsrlərdə mövcud olmamışdır. Onlar XIX əsrdə memar Ejen Violle-le-Dyuk tərəfindən kafedralın bərpası zamanı əlavə edilmiş neqotika üslublu memarlıq elementləridir.
Tarixi və təsviri
Ximera fiqurları fantastik, şeytani və çox vaxt qrotesk görnüşlü heykəllərdir. Onlar yalnız dekorativ məqsəd daşıyırlar. Bu fiqurlar tikilinin yuxarı hissəsində – əsas fasadın zirvəsində, iki qülləni birləşdirən və onların hər dörd tərəfi boyunca davam edən yuxarı qalereyanı taclandıran məhəccər üzərində, yəni Ximeralar qalereyasında yerləşirlər. Bu məhəccərin bütün künclərində şeytanlar, müxtəlif canavarlar və fantastik quş fiqurları dayaq və ya oturacaq kimi yerləşdirilmişdir. Bu elementlər orta əsrlərdə mövcud olmamış, XIX əsrdə memar Ejen Violle-le-Dyuk tərəfindən kafedralın bərpası zamanı əlavə edilmişdir.
Bu monumental, qrotesk, lakin hər şeydən əvvəl qorxunc ximera fiqurları orta əsrlərə xas fantastik mühiti yenidən yaratmaq məqsədi daşıyırdı. Bu əsərlər Ejen Violle-le-Dyukun özü tərəfindən layihələndirilmiş və onun hazırladığı eskizlər əsasında yaradılmışdır. O, ilhamını Onore Domyenin karikaturalarından, 1844-cü ildə nəşr olunmuş "Paris Notr-Dam kilsəsi" əsərinin illüstrasiyalı nəşrindən, özünün "Qədim Fransaya mənzərəli və romantik səyahətlər" illüstrasiyalarından, eləcə də XIX əsrə xas təsəvvür və nəzəriyyələrdən (evgenika, homofobiya, fizioqnomika və degenerasiya nəzəriyyəsi) götürmüşdür. Bu fiqurlar arasında meymunlar, vəhşi insanlar, təkbuynuzlu kretin və antisemit təbliğatın obrazları (məsələn, "Əbədi yəhudi" mifi) də yer alır.
Heykəllər XIX əsrdə Joffrua-Deşomun rəhbərliyi altında fəaliyyət göstərən, əsas ustası Viktor Pyanet olan on beş tanınmış heykəltəraşdan ibarət qrup tərəfindən hazırlanmışdır. Sənət tarixçisi Maykl Kamillin fikrincə, "orta əsr sənətkarı təsvir etmək tapşırıldığı cinləri məsxərəyə qoyurdu ki, onların şərindən qoruna bilsin".
Bu, memarın olduqca cəsarətli qərarı idi və nəticədə böyük uğur qazandı. Memar-bərpaçı artıq yalnız məhv edilmiş heykəlləri bərpa etməklə kifayətlənmirdi; o, eyni zamanda özünəməxsus yaradıcı təxəyyülə malik parlaq sənətkar olduğunu da nümayiş etdirirdi. Kafedralın yüksək hissəsində rahatlıqla yerləşdirilmiş bu qorxunc məxluqlar sanki böyük şəhəri seyr edir və orada gördükləri bütün eybəcərliklərdən zövq alırlar. Onların arasında ən məşhuru, şübhəsiz ki, Striks" () fiqurudur. Bu obraz hələ qədim romalıların belə qorxduğu, vampirə bənzər zərərverici gecə ruhunu təcəssüm etdirir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Memarlıq elementləri Kateqoriya:Naxışlar Kateqoriya:Neoqotik memarlıq Ximera