Jan-Teofil Leklerk (; ) — Fransa siyasətçisi və jurnalisti, Fransa inqilabının iştirakçısı, "quduzlar" hərəkatının rəhbərlərindən biri. O həmçinin, Ozalı Leklerk () kimi də tanınmışdır.

Həyatı Mühəndis ailəsində anadan olmuşdur. Kordelyerlər klubunun üzvü olmuşdur. Martinikada inqilabi hərəkatda (1790–1791-ci illərdə) iştirak etmiş, oradan sürgün olunduqdan sonra Fransaya geri dönmüşdür. Həddindən artıq radikal baxışlarına görə yakobinçilər klubundan xaric edilmişdir.

1793-cü ilin əvvəllərində Liondakı inqilabi çıxışlarda iştirak etmişdir. Parisdə yakobin diktaturasının qurulması ilə nəticələnən 31 may — 2 iyun 1793-cü il üsyanının iştirakçısı olmuşdur.

Jan-Pol Maratın qətlə yetirilməsindən sonra onun siyasi xələfi olmuşdur. 20 iyul 1793-cü ildən etibarən özünün "Xalqın dostu" qəzetinin səhifələrində şəhər yoxsullarının vəziyyətinin yaxşılaşdırılmasını və əks-inqilabla mübarizənin gücləndirilməsini tələb etmiş, kütləvi inqilabi terrorun tətbiqinə çağırışlar etmişdir. 1793-cü ilin avqustunda ilkin tələbat mallarının ticarətinin milliləşdirilməsi layihəsini irəli sürmüşdür. "Bataqlıq" fraksiyasının nümayəndələrinin və dantonistlərin Konventdən çıxarılmasını tələb etmiş, 1793-cü ilin sentyabrında isə Konvent üzvlərinin yenidən seçilməsi tələbini dəstəkləmişdir.

2 apre 1794-cü ildə Leklerkin keçmiş sevgilisi Kler Lakomb ilə birlikdə "İnqilabçı Respublikaçı Qadınlar Cəmiyyəti"ni təsis etmiş Polina Leon ilə evlənmiş və elə həmin il həyat yoldaşı və Kler Lakomb ilə birlikdə həbs olunmuşdur. 1794-cü ilin avqustuna qədər həbsdə qalmışdır. Azadlığa buraxıldıqdan sonra daha təmkinli mövqe nümayiş etdirmişdir.

İstinadlar

Kateqoriya:Fransa redaktorları Kateqoriya:Fransa siyasətçiləri Kateqoriya:Fransa inqilabçıları