"Mafia III" — "Hangar 13" şirkəti tərəfindən hazırlanmış və "2K" tərəfindən 2016-cı ildə yayımlanmış açıq dünya janrında döyüş-macəra videooyunu. Bu, 2016-cı ilin oktyabr ayında "PlayStation 4", "Windows" və "Xbox One" platformaları üçün, 2017-ci ilin may ayında "macOS", 2021-ci ilin oktyabr ayında isə "Google Stadia" üçün buraxılmışdır. Bu oyun "Mafia II" oyununun sikveli və "Mafia" seriyasının üçüncü hissəsidir.
Oyunun hadisələri 1968-ci ildə Nyu-Orlean şəhəri əsasında yaradılmış uydurma Nyu-Bordo şəhərində cərəyan edir. Süjet xətti keçmiş cinayətkar və Vyetnam müharibəsi veteranı Linkoln Kleyin hekayəsindən bəhs edir. Ona satqınlıq etmiş və ögey ailəsini qətlə yetirmiş Sal Markano və onun rəhbərlik etdiyi mafiyanın yerli qolunu məhv etmək üçün yenidən cinayət həyatına qayıtmaq məcburiyyətində qalır. Kley eyni zamanda, tədricən öz cinayət imperiyasını qurur və şəhərdəki digər cinayətkar təşkilatların hakimiyyətini ələ keçirir. Bu məqsədə nail olmaq üçün o, şəhərin rayonlarına nəzarəti ələ keçirməli və həmin əraziləri öz tərəfdaşları olan Kassandra, seriyanın əvvəlki hissəsinin baş qəhrəmanı Vito Skaletta və ya Tomas Berk arasında bölüşdürməlidir. Digər tərəfdən, o, Con Donovan və Ceyms Ballardın köməyindən də istifadə edir.
"Mafia III" oyununun hazırlanmasına "Mafia II" satışa çıxarıldıqdan qısa müddət sonra başlanılmış, lakin ilkin mərhələdə müəyyən problemlərlə qarşılaşılmışdır. 2014-cü ildə komandanın bir hissəsi və resurslar Çexiyadan ABŞ-nin Kaliforniya ştatının Novato şəhərinə köçürülmüşdür. Orada "Hangar 13" adlı yeni studiya yaradılmış və oyunun inkişaf etdirilməsi prosesi yenidən başladılaraq davam etdirilmişdir. Layihənin rəhbəri vəzifəsini Heyden Blekmən, baş ssenarist vəzifəsini isə Bill Harms yerinə yetirmişdir. Musiqi tərtibatı ilə bəstəkar Kreyq Yanssonun dəstəyi ilə Cim Bonni və Cessi Harlin məşğul olmuşdur. Oyun üçün bəstələnmiş 26 orijinal musiqi parçası ilə yanaşı, 1960-cı illərin sənətçilərinə məxsus yüzə yaxın lisenziyalı mahnıdan da istifadə edilmişdir.
1968-ci ilin Nyu-Orlean şəhərini yenidən canlandırmaq qərarına gəldikdən sonra yaradıcı heyət seriyanın əvvəlki layihələrindən təsirlənmiş və əvvəlki oyunların əsas strukturunu qoruyub saxlamaq məqsədilə oyunu Linkoln personajı ətrafında dizayn etmişdir. İnkişaf işlərinin böyük hissəsini açıq dünyanın yaradılması təşkil etmişdir və komandanın bir neçə üzvü dizayn heyəti üçün görüntülər toplamaq məqsədilə Luiziana ətrafında sahə tədqiqatları aparmışdır. Oyunun musiqi tərtibatında həmin dövrdə fəaliyyət göstərmiş müxtəlif musiqiçilər tərəfindən bəstələnmiş lisenziyalı mahnılardan istifadə olunmuşdur.
Buraxıldıqdan sonra oyunun hekayəsi, personajları, mühiti, qaranlıq mövzuları və musiqisi rəğbətlə qarşılanmış, ümumilikdə isə fərqli rəylər almışdır. Bir çox tənqidçilər oyunun döyüş və idarəetmə mexanizmlərini də yüksək qiymətləndirmişdir. Bununla belə, bəzi oyun mexanizmləri və texniki nasazlıqların mövcudluğu tənqidlərə səbəb olmuşdur. Dünya miqyasında yeddi milyon nüsxəsi satılan oyun kommersiya uğuru qazanmışdır. Aleks Ernandes Linkoln personajını səsləndirmiş və bu ifasına görə bir neçə mükafata namizəd göstərilmişdir. Eyni zamanda, 2016-cı ilin oktyabr ayında "Mafia III: Rivals" adlı ödənişsiz mobil oyun istifadəyə verilmişdir, lakin onun serverlərinin fəaliyyəti 2019-cu ildə dayandırılmışdır.
Premyeradan sonra orijinal məzmunu genişləndirən "Daha sürətli!", "Toxunulmamış daşlar" və "Zəmanənin əlaməti" kimi bir neçə yüklənə bilən məzmun (DLC) təqdim edilmişdir. Bundan əlavə, eksklüziv materialları ehtiva edən xüsusi buraxılışlar — "Deluxe Edition" və "Collector's Edition" satışı həyata keçirilmişdir. 2020-ci ilin may ayında, "Mafia" seriyasının ilk oyununun remeyki ilə eyni vaxtda, "2K Games" şirkəti bütün yüklənə bilən məzmun paketlərini ehtiva edən və "Mafia III: Definitive Edition" adlanan versiyasını təqdim etmişdir. Bu xüsusi buraxılış daha sonra 2020-ci ilin sentyabr ayında işıq üzü görən "Mafia: Trilogy" paketinə daxil edilmişdir. Seriyanın növbəti oyunu olan "Mafia: The Old Country" 2025-ci ildə nümayiş olunmuşdur.
Geympley "Mafia III" oyunçuların Linkoln Kley personajını üçüncü şəxs baxış bucağından idarə edərək Nyu-Bordo şəhərini kəşf edə bildikləri, açıq dünyada cərəyan edən döyüş-macəra janrında videooyundur. Hadisələr 1960-cı illərin sonlarında, Nyu-Orlean şəhərinin yenidən təsəvvür edilmiş versiyasında baş verir və on rayondan ibarətdir: Bayu-Fantom, Delrey-Hollou, Barkley-Mills, Frisko-Filds, Point-Verdan, Tikfou limanı, Sautdauns", River-Rou, Dauntaun və Frenç-Vard. Oyunçu "asan", "normal" və "çətin" olmaqla üç çətinlik dərəcəsindən birini seçmək imkanına malikdir.
Əsas süjeti təqib etməklə yanaşı, əlavə tapşırıqları, könüllü fəaliyyətləri yerinə yetirmək və müxtəlif əşyaları toplamaq mümkündür. Oyunda albom üzlükləri, Alberto Varqasın çəkdiyi rəsmlər, kommunist təbliğat posterləri, "Hot Rod", "Repent" və "Playboy" jurnalları, həmçinin paylayıcı qutular daxil olmaqla ümumilikdə 250 toplana bilən əşya mövcuddur. Sözügedən qutular, eləcə də kilidli qapılar xüsusi ling vasitəsilə açılır. Oyunda mağazadan oğurluq etmək kimi əlavə fəaliyyətlər də mövcuddur.
Oyunda qırma tüfəngləri, tapançalar, avtomatlar, tüfənglər, partlayıcılar və altı "xüsusi" silah növü də daxil olmaqla müxtəlif silahlar mövcuddur. Silahdan istifadə tərzi oyunçunun istəyindən asılı olaraq "köməksiz", "az köməkli" və "yüksək köməkli" olmaqla üç idarəetmə rejimində təklif olunur. Həmçinin, ehtiyac yarandıqda furqonla gələrək Linkolna kömək edən müttəfiqləri, eləcə də sursat, resurs və nəqliyyat vasitələri üçün təkmilləşdirmələr təmin edən silah alverçisini çağırmaq mümkündür. Oyunun digər bir xüsusiyyəti xəritədə hərəkət etmək üçün dövrün avtomobillərindən istifadə edilməsidir. Burada da iki idarəetmə rejimi — arkada və simulyasiya mövcuddur. Avtomobili sifariş etmək və ya birbaşa oğurlamaq mümkündür. Tərəfdaşların təklif etdiyi köməklərə qarşılıqlı xidmətlərlə cavab verilməlidir.
Personaj həlak olduqda ən yaxın sığınacaqda yenidən peyda olur. Bu halda oyunçu qazandığı pulu qoruyub saxlamaq üçün konsilyerini çağıra bilər. Linkoln zədə aldıqda, sağlamlıq göstəricilərini bərpa edən adrenalin iynələri mobil mağazadan və ya xəritənin müxtəlif yerlərində paylanmış ilk yardım çantalarından əldə edilə bilər. Alternativ olaraq, düşmənlərə zərrə qədər də hiss etdirmədən irəliləmək üçün gizlilik taktikalarından və düşmənləri aşkar etməyə, eləcə də obyektlərin yerini müəyyənləşdirməyə imkan verən "ağıllı baxış" sistemindən istifadə olunur. Oyun oyunçulara real sürücülük mexanikası və səsləri ilə dövrün avtomobillərini idarə etməyə imkan verir.
Döyüş sistemində Linkoln toqquşmalar üçün sığınacaq almaq, əlbəyaxa döyüş, atəşdən sonra sərsəmlətmə, əks-hücum, "amansız" və qaçış zamanı zərərsizləşdirmə kimi bir fərqli texnikaya malikdir. Alternativ olaraq, oyunçu düşmənlər tərəfindən fərq edilmədən bütün missiya boyunca gizli taktikalardan istifadə edə bilərlər. Oyunda düşmən atəşindən və ya aşkarlanmasından yayınmaq üçün obyektlərin arxasında gizlənməyə imkan verən örtük sistemi mövcuddur.
thumb|left|250px|Baş qəhrəman Linkoln Kley atəş açır. Oyunçunun əvvəlki buraxılışlarla müqayisədə daha geniş silah çeşidinə çıxışı var.
Digər tərəfdən, mafiya düşmənləri silahlarına və ya funksiyalarına görə bir neçə növə bölünür: ağır silahlı (qırma tüfəng), snayper (tüfəng), atıcı (avtomat silahlar), silahlı döyüşçü (kiçik silahlar və partlayıcılar) və ya gözətçi (köməkçi qüvvə çağıranlar). Bəzən oyunda zaman sıçrayışları baş verir. Bu, müxtəlif personajların keçmiş hadisələr və Linkoln haqqında digər məlumatlar barədə danışdığı müsahibələrə yol açır. Linkoln qeyri-qanuni fəaliyyətlərlə məşğul olarkən hər hansı bir yoldan ötən şəxs tərəfindən görüldükdə, həmin şəxs polisi məlumatlandırmaq üçün telefon köşkünə yollanır. Şahid bu əməli yerinə yetirməzdən əvvəl qətlə yetirilərsə, bunun qarşısını almaq mümkündür.
Oyunçu italyan mafiyasına məxsus yerlərə hücum edə və onları ələ keçirə bilər və yerli ərazidə əməliyyat aparmaq üçün öz leytenantlarından birini təyin edə bilər. Oyunçular hədəfləri haqqında daha çox məlumat əldə etmək üçün tacirləri məğlub etdikdən sonra onları sorğu-sual edə bilərlər. Daha sonra onların həyatını bağışlamaq və ya onları qətlə yetirmək seçimi mövcuddur. Həmçinin, məlumatları əldə etmək məqsədilə onları avtomobilə mindirərək "təhlükəli sürüş" etmək də mümkündür. Oyunçu hər dəfə bir ərazini nəzarətə götürdükdə, üstünlüklər əldə etmək müqabilində həmin ərazini köməkçilərindən birinə — Kassandra, Burk və ya Vito Skalettaya verməlidir. Bu, sözügedən üç şəxs arasında qısqanclıq yaradır.
Süjet
Məkan Əvvəlki hissədən təxminən iyirmi il sonrakı dövrü əhatə edən "Mafia III" oyununun hadisələri 1960-cı illərin sonlarında, ABŞ-nin uydurma Nyu-Bordo şəhərində cərəyan edir. Ölkənin cənub ştatlarında və sahil xəttində yerləşən bu şəhər adalar üzərindəki rayonlardan, sənaye komplekslərindən və limanlardan, çoxmərtəbəli ofis və yaşayış binalarından, gecəqondulardan, şəhərətrafı yaşayış evlərindən və tarixi məhəllələrdən ibarətdir. Bütün bu ərazilər dəmir yolları və geniş avtomobil yolu şəbəkəsi ilə bir-birinə bağlanır, böyük bir bataqlıq sahəsi isə şəhəri sahildən ayırır. Şəhər afroamerikalılar, irlandlar, italyanlar və haitililər daxil olmaqla müxtəlif mədəniyyətlərin qarışığından ibarətdir və əsasən bir mafiya cinayət ailəsi — Markano ailəsi tərəfindən idarə olunur. Bununla yanaşı, İrlandiya mafiyası, Haiti mafiyası, qaradərili mafiyası və ağdərili üstünlüyünü müdafiə edən radikal "Cənub İttifaqı" qruplaşması kimi daha kiçik təşkilatlar da şəhərdə fəaliyyət göstərir. Afroamerikan irqinə mənsub olan Linkoln Kley tez-tez o dövrdə ABŞ cəmiyyətindəki irqçilik atmosferinə məruz qalır.
Şəhərin memarlıq üslubları, mədəniyyəti və həyat tərzi də daxil olmaqla ümumi dizaynı, sözügedən tarixi dövrdə ABŞ-nin cənubunun, əsasən isə Nyu-Orlean şəhərinin real xüsusiyyətlərindən təsirlənərək formalaşdırılmışdır. Oyunun əsas süjeti bu məkanda cərəyan edir, onun yüklənə bilən məzmunları (DLC) isə Nyu-Bordo ətrafındakı əlavə məkanlarla oyun dünyasını daha da genişləndirir.
Personajlar
Linkoln Kley (Aleks Ernandes tərəfindən səsləndirilmişdir) oyunun baş qəhrəmanıdır. Gənc yaşlarında bir neçə il uşaq evində qaldıqdan sonra Perla və Semmi Robinson tərəfindən övladlığa götürülmüşdür. Vyetnam müharibəsində iştirak etmiş, daha sonra isə İtaliya mafiyası ailəsinə xəyanət etdikdən sonra onlardan intiqam almağa qərar vermişdir.
Con Donovan (Leyn Kompton tərəfindən səsləndirilmişdir) Linkolnun yaxın dostudur və onlar Vyetnam müharibəsi zamanı tanış olmuşdular. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində (CIA) çalışır və İtaliya mafiyası barədə məlumatlar təqdim etməklə Linkolnun intiqam planına kömək göstərmişdir. Ceyms Ballard (Qordon Qrin tərəfindən səsləndirilmişdir) Linkolnu yaxından tanıyan keşişdir. O həmçinin, Linkolnun övladlığa götürən dayısı və onun mənəvi atası hesab olunur.