Mirzəyev Müşfiq Mustafa oğlu () — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, bölmə komandiri, Birinci Qarabağ müharibəsi şəhidi.
Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Həyatı Mirzəyev Müşfiq Mustafa oğlu 3 yanvar 1970-ci ildə Ermənistan SSR-in Cermuk şəhərində anadan olmuş, tam orta təhsilini də həmin şəhərdə almışdır.
Ailəsi 1988-ci ildə Mingəçevir şəhərinə köçmüşdür.
O, 1988–1990-cı illərdə keçmiş Sovet Ordusu sıralarında Monqolustanda həqiqi hərbi xidmət keçmişdir.
Döyüşlərdə iştirakı Müşfiq Mirzəyev 1992-ci ilin mart ayından Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Hərbi xidmət dövründə çavuş rütbəsində olmuş, bölmə komandiri vəzifəsini icra etmişdir. Müxtəlif mənbələrdə onun "Yeraz Mişa" ləqəbi ilə tanındığı qeyd olunur. Erməni dilini bilməsi səbəbindən kəşfiyyat xarakterli əməliyyatlarda iştirak etmiş, müxtəlif döyüş tapşırıqlarını yerinə yetirmişdir.
O, Çardaqlı, Mehmana, Çıldıran, Arqomer, Koçakort, Vaquas və Vəngli istiqamətlərində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. 1993-cü ilin fevralında Vaquas istiqamətində gedən döyüşlər zamanı xidmət etdiyi rota 5 fevral tarixində mühasirəyə düşmüş, beş gün davam edən döyüşlərdən sonra mühasirədən çıxmışdır. Müşfiq Mirzəyev 13 fevral 1993-cü ildə ağır yaralanmış, aldığı yaralardan 16 fevral 1993-cü ildə vəfat etmişdir.
Xatirəsi Müşfiq Mirzəyev Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
Sonralar Mingəçevir şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən "Dostluq" parkına onun adı verilmişdir.
Təltifləri (09.10.1994) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)
İstinadlar
Kateqoriya:1993-cü ildə vəfat edənlər Kateqoriya:Cermukda doğulanlar Kateqoriya:Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Kateqoriya:"Azərbaycan Bayrağı" ordeni ilə təltif edilənlər