Əbu Ömər İsa ibn Ömər ibn Abdullah əs-Səqəfi əl-Bəsri ən-Nəhvi (; ) — Bəsrə dilçilik məktəbinin ilk nümayəndələrindən biri, dil və qiraət alimi.

Həyatı Bəsrədə anadan olduğu ehtimal edilir. Xalid ibn Vəlidin mövlasıdır (azad olunmuş kölə). Bəsrədə, Bənu Səqif qəbiləsində yaşadığı üçün nisbəsi Səqəfidir.

Abdullah ibn Əbu İshaqdan, İbn Kəsirdən və İbn Müheysindən qiraət öyrənmişdir. Həsən əl-Bəsri isə Əccac ibn Rübədən hədis rəvayət etmişdir. Bəsrə dilçilik məktəbinin banilərindən olan Əbu Əmr ibn Əlanı bəzi mənbələr onun müəllimləri, bəziləri isə tələbələri sırasında göstərirlər.

Nəsəb (nəsil) və əxbar (tarixi rəvayətlər) sahələrində də məlumat sahibi olan İsa ibn Ömərin fəsix ərəb dili ilə danışdığı, işlək olmayan, unudulmuş (qərib) sözlərdən çox istifadə etdiyi və buna görə də nitqinin çətin başa düşüldüyü qeyd edilir. Onun tərcümeyi-halını verən bəzi mənbələrdə bu suni üslubuna və işlətdiyi qərib sözlərə dair nümunələr də göstərilmişdir.

Əhməd ibn Musa əl-Lului, Harun ibn Musa ən-Nəhvi, Səhl ibn Yusif və Ubeyd ibn Əqil ən-Nəhvi kimi şəxslər ondan qiraət rəvayət etmişlər. Həmmad ibn Sələmə, Xəlil ibn Əhməd, Xələf əl-Əhmər, Qutrub, Əbu Ubeydə ət-Teymi və Əsmai kimi dil alimləri isə onun tələbələri arasında olmuş, Sibəveyhi uzun müddət onunla birlikdə çalışmış və ondan çox faydalanmışdır.

Qeyd edilir ki, İsa ibn Ömər xalq arasında daha geniş işlənən dili əsas götürərək ilk nəhv kitabını yazmışdır. O, bu əsərində özünə qədər aparılmış tədqiqatları sistemləşdirmiş, təsnif etmiş və təkmilləşdirmiş, ümumi dil istifadəsindən kənarda qalan ifadələri isə "lüğət" adlandırmışdır. Sibəveyhi kimi alimlər də öz əsərlərində bu metodu əsas götürmüşlər.

Nəhv elminə dair yetmişdən artıq əsər yazdığı rəvayət olunan İsa ibn Ömərin mənbələrdə yalnız "əl-Cəmi" və "əl-İkməl" (və ya "əl-Mukmil") adlı iki kitabının adı çəkilir. Onun tələbəsi Xəlil bir beytində bu iki əsəri tərif etmişdir. Bəzi mənbələrdə Sibəveyhinin "əl-İkməl" əsərinə əlavələr edərək onu genişləndirdiyi və sonradan öz adına çıxardığı iddia olunsa da, Sabah Abbas əs-Salim bunun doğru olmadığını bildirir.

İsa əs-Səqəfinin vəfat tarixi əksər mənbələrdə hicri 149-cı (766) il kimi göstərilir. Çünki Əsmainin rəvayətinə görə, İsa ibn Ömər Əbu Əmrdən beş il əvvəl vəfat etmişdir. Lakin Zəhəbi bu tarixin səhv olduğunu müdafiə edir. Çünki bu tarix doğru qəbul edilərsə, otuz üç yaşında vəfat etdiyi deyilən Sibəveyhinin İsa ibn Ömərdən dərs alması xronoloji baxımdan mümkün olmur.

Zəhəbiyə görə, bu ziddiyyəti aradan qaldırmaq üçün İsa ibn Ömərin hicri 160-cı ildən sonraya qədər yaşamış olması lazımdır. Bu xronoloji problemə fərqli bir həll təklif edən Həməvi isə Sibəveyhinin qırxdan artıq yaşda vəfat etdiyini bildirən rəvayəti daha inandırıcı hesab edir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:İslamşünaslar