Şahzadə Eduard Avqust (; ) — Britaniya və İrlandiya kralı III Georqun oğlu, Kent hersoqu.
1767-ci ildə Bukingem sarayında dünyaya gəldi. Atası Britaniya kralı III Georq, anası isə Meklenburq-Strelitzli Şarlottadır. Adını yenicə vəfat etmiş əmisi York və Albani hersoqu Şahzadə Eduarddan aldı. 30 noyabrda Sent-Ceyms sarayında vəftiz edildi. Dayısı Böyük Meklenburq-Strelitz hersoqu II Karl, bibisi Braunşveyq hersoginyası Şahzadə Avqusta və atasının bibisi Şahzadə Mariya onun vəftiz valideynləri oldu.
Atası onun Göttingen Universitetində təhsilini davam etdirməsini istəsə də, York və Albani hersoqu olan böyük qardaşı Frederik Avqustun tövsiyəsilə atası bu fikrindən daşındı. Öz istəyilə, 1785-ci ildə Hannover ordusunda hərbi təlim-tərbiyə gördü. 30 may 1786-cı ildə Britaniya ordusunda fəxri zabit rütbəsi aldı. 1788-1789-cu ildə Cenevrə Universitetində qısa təhsil aldı. Burada ikən mason təşkilatına üzv oldu. 1790-cı ildə icazəsiz vətəninə döndü və cəza olaraq, o ənsada nigahdan kənar eşq yaşadığı məşuqəsi madam Culya de Sent-Laurentlə birgə Cəbəllüttariqə sürgün edildi. Ertəsi il isə Kanadaya göndərildi və bu bölgəni ziyarət edən ilk Britaniya monarx ailəsi üzvü oldu.
1793-cü ilin oktyabrında general-mayor rütbəsinə yüksəldi.
1798-ci ilin sonlarında atından düşüb yaralandı. Bu hadisədən qısa müddət sonra bağışlandı və Britaniyaya dönməsinə icazə verildi. 24 aprel 1799-cu ildə Kent hersoqu ünvanı aldı. Həmin ilin mayında isə general rütbəsinə yüksəldi və Şimali Amerikadakı Britaniya birliklərinin baş komandanı seçildi.
23 mart 1802-ci ildə Cəbəllüttariq baş komandanı təyin edildi. Nizam-intizamsızlığı ilə bilinən bu birliklərə qarşı qısa zamanda sərt tədbirlər aldı. Belə ki, çox keçmədən əsgərlər üsyan edərək iğtişaşlara səbəb oldular. Beləcə, 1803-cü ilin mayında Londona geri çağırıldı. Vəzifəsini ölümünədək davam etdirsə də, bir daha bölgəni ziyarət etməsi şəxsi təhlükəsizliyi baxımından qadağan edildi.
1817-ci ilin noyabrında atası III Georqun yeganə rəsmi varisi olan nəvəsi Uelsli Şarlotta Avqusta gənc yaşda vəfat etdi. Beləcə, taxtın gələcəyi təhlükəyə düşdü. Belə ki, böyük qardaşları Uels şahzadəsi Georq Avqust, York və Albani hersoqu Frederik Avqust və Kumberland hersoqu Ernest Avqust evli olsalar da, xanımlarından ayrı idilər və rəsmi nigahdan doğulan övladları yox idi. Kiçik qardaşı Susseks hersoqu Avqust Frederikin evliliyi isə qeyri-monarxial olduğu üçün övladları rəsmi olaraq tanınmırdı. O əsnada həyatda olan bacıları isə hələ evlənməmişdi və yaş etibarilə övlad sahibi olma ehtimalları çox az idi. Nəticə etibarilə, parlament kralın subay olan oğulları Klarens hersoqu Vilhelm Henri, Kent hersoqu Eduard Avqust və Kembric hersoqu Adolf Frederikin ən qısa zamanda evlənib varislər dünyaya gətirməsini tələb edildi.
Aparılan danışıqların ardından Eduard Avqust üçün Saksen-Koburq-Zaafeld hersoqu I Ernestin bacısı Viktoriya gəlin namizədi seçildi. Qısa zamanda nişanlanan cütlüyün toy mərasimi 29 may 1818-ci ildə Koburqda və 11 iyulda Surreydə baş tutdu. Seçilən gəlin namizədi mərhum qardaşı qızı Uelsli Şarlotta Avqustanın baldızı və 2 uşaqlı dul bir xanım idi.
Cütlüyün bu nigahdan yeganə övladı dünyaya gəldi: Viktoriya Aleksandrina (1819-1901)
23 yanvar 1820-ci ildə Devonda pnevmoniya səbəbilə vəfat etdi. Cənazəsi Vindzor qalasındakı Müqəddəs Corc kilsəsinə dəfn olundu.
Mənbə
Ədəbiyyat
Naftel, W.D. (2005). Prince Edward's Legacy: The Duke of Kent in Halifax: Romance and Beautiful Buildings. Halifax, Nova Scotia: Formac Publishing. ISBN 978-0-88780-648-3
İstinadlar Kateqoriya:Birləşmiş Krallıq şahzadələri Kateqoriya:Britaniya masonları Kateqoriya:XIX əsr Birləşmiş Krallıq şəxsləri Kateqoriya:XIX əsr hərbçiləri Kateqoriya:XVIII əsr Birləşmiş Krallıq şəxsləri Kateqoriya:Masonlar