Teodor Menzel (; dekabr 1878, Münhen, Almaniya – 10 mart 1939) — alman şərqşünası və türkoloq.
Həyatı və təhsili Teodor Menzel 1878-ci ilin dekabrında Almaniyanın Münhen şəhərində anadan olmuşdur. Erkən yaşlarından humanitar elmlərə maraq göstərmiş, əvvəlcə iki il Şərq filologiyası üzrə təhsil almış, daha sonra hüquq və şərqşünaslıq sahələrinə yönəlmişdir. Münhen Universitetinin hüquq fakültəsində təhsil almış, bir müddət hüquq sahəsində təcrübə keçmiş, daha sonra Berlində Şərq Dilləri üzrə birillik hazırlıq proqramında təhsilini davam etdirmişdir.
Menzel Yaxın Şərq ölkələrində tərcüməçi və bələdçi kimi fəaliyyət göstərmək üçün tələb olunan imtahanları uğurla vermiş və praktik şərqşünaslıq sahəsində də təcrübə qazanmışdır.
Elmi fəaliyyəti 1904-cü ildən etibarən Menzel "ikinci vətənim" adlandırdığı Odessa şəhərinə köçmüşdür. Həmin dövrdə Odessa çoxsaylı yəhudi icması ilə yanaşı, elmi və mədəni mühitin mühüm mərkəzlərindən biri idi.
Bu illərdə Georg Yakobun Türkische Bibliothek nəşrlər seriyasını təsis etməsi Menzelin türkologiya istiqamətində elmi maraqlarının genişlənməsinə təsir göstərmişdir. O, 1905-ci ildə Erlangen Universitetində Georg Yakobun rəhbərliyi ilə Mehmet Tevfiq: ein Jahr in Stambul mövzusunda dissertasiya müdafiə edərək türk ədəbiyyatı üzrə doktorluq elmi dərəcəsi almışdır.
Menzelin İstanbulun qış məclisləri, halvaçı söhbətləri, məhəllə qəhvəxanaları və burada toplanan müxtəlif sosial təbəqələrin həyatı ilə bağlı tədqiqatları folklor və etnoqrafiya baxımından əhəmiyyətli mənbələrdən hesab olunur.
1909-cu ildə Georg Yakobla birlikdə Türkiyəyə səfər edən Menzel İstanbul və Qərbi Anadoluda bəktaşiliklə bağlı tədqiqatlar aparmışdır. O, Yakob tərəfindən nəşr edilən və Osmanlı və xalq ədəbiyyatından tərcümələri də əhatə edən Türkische Bibliothek seriyasının 1914–1929-cu illərdə Berlində nəşr edilmiş XXIV cildinin hazırlanmasında iştirak etmişdir.
Menzel lisey illərində ivrit dilini, universitet təhsili dövründə isə ərəb dilini öyrənmişdir. Türk dilinə xüsusi maraq göstərmiş, Odessa muzeylərində mühafizə olunan türkdilli epiqrafik mətnlər üzərində araşdırmalar aparmışdır.
Birinci Dünya müharibəsi və Odessa dövrü Birinci Dünya müharibəsi illərində Menzel ruslar tərəfindən əsir götürülərək Astraxan şəhərinə göndərilmişdir. 1918-ci ilin yayında, müharibənin başa çatmasından sonra əsirlikdən azad edilmişdir.
Ailəsini görmək üçün yenidən Odessaya qayıdan Menzel burada pedaqoji fəaliyyətə başlamışdır. Odessa Universitetində dosent vəzifəsinə təyin edilmiş, 1921-ci ildə Arxeologiya fakültəsində türk dili üzrə professor vəzifəsini tutmuşdur.
1922-ci ildə Almaniyaya qayıdan Menzel Kiel Universitetində müəllim kimi fəaliyyət göstərmiş, 1924-cü ildə islam filologiyası üzrə dosent, 1926-cı ildə isə ştatdankənar professor olmuşdur.
Elmi fəaliyyəti ilə əlaqədar olaraq Kiçik Asiya, Krım, Suriya, Fələstin, Misir, Tunis, Əlcəzair və Türkiyə daxil olmaqla bir sıra Şərq ölkələrində elmi ezamiyyətlərdə olmuşdur.
Kiel Universitetində fəaliyyəti Menzel 1929-cu ildə müəllimi Georg Yakobun rəhbərlik etdiyi Kiel Universitetinin Şərqşünaslıq Araşdırmaları Mərkəzinə direktor təyin edilmiş, islam filologiyası üzrə ordinar-professor vəzifəsini icra etmiş və 1937-ci ilə qədər bu vəzifədə çalışmışdır.
Onun təşəbbüsü ilə burada İslam adlı elmi jurnal nəşr olunmuşdur. Həmin il Almaniya Arxeologiya İnstitutu onu epiqrafik tədqiqatlarına görə institutun katibliyinə üzv seçmişdir.
Epiqrafiya sahəsində çoxsaylı araşdırmalar aparan və hələ nəşr edilməmiş böyük ərəbdilli kitabə kolleksiyasına malik olan Menzelin türk dilinə marağı onu türkologiyanın tanınmış simalarından birinə çevirmişdir. Bu marağın formalaşmasında müəllimi Georg Yakobun xüsusi rolu olmuşdur.
Menzel Georg Yakob və Paul Hornla yanaşı türk dilinin elmi və mədəni əhəmiyyətini araşdıran, etnologiya, klassik poeziya və müasir ədəbiyyatla məşğul olan alimlərdən biri olmuşdur. Georg Yakobun 70 illiyi münasibətilə 1932-ci ildə Leypsiqdə nəşr edilən Festschrift Georg Jacob toplusunun redaktoru olmuşdur.
Friedrich Giese ilə birlikdə Avropada türkologiya elminin inkişafına töhfələr vermişdir. Folklor Menzelin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. Mehmed Tevfiqin İstanbulda bir il əsərinə elmi yanaşması da onun tədqiqatlarının mühüm istiqamətlərindən biri hesab olunur.
Türkoloji fəaliyyəti Menzel türk xalqlarının tarixi ilə də məşğul olmuşdur. O, tarixçi və şərqşünas Vasili Bartoldun əsərlərindən tərcümələr etmiş, onun Cahannamə əsəri üzərində uzun illər çalışmışdır. Lakin Menzelin vəfatı əsərin tamamlanmasına imkan verməmiş, sonradan bu işi Frans Taşner davam etdirmişdir.
Birinci Türkoloji Qurultay Menzel 1926-cı il 26 fevral – 6 mart tarixlərində Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayında Almaniyanın nümayəndəsi kimi iştirak etmişdir.
Öz qeydlərində Menzel həmin dövrdə İstanbulda tədqiqat apardığını və qurultaya dəvətnaməni rəsmi şəkildə qəbul edən ilk xarici nümayəndə olduğunu qeyd etmişdir. Fuad Köprülüzadə ilə söhbəti zamanı da qurultaya dəvət almış, daha sonra dəvət S. Ağamalıoğlunun rəsmi teleqramı ilə təsdiqlənmişdir.Menzel, Theodor. Der 1. Turkologische Kongress in Baku. Der Islam, cild 16, 1927.
Menzelin nümayəndəlik vəsiqəsində 32 nömrəsinin olduğu və səsvermə hüququnun qeyd edildiyi bildirilir.
Qurultayın əsas müzakirə mövzularından biri türk xalqları arasında əlifba islahatı məsələsi olmuşdur. Bununla yanaşı, terminologiya, dil siyasəti və tədris məsələləri də müzakirə edilmişdir.
Menzel qurultay çərçivəsində rus və Avropa türkoloqları ilə türk dünyasının ziyalıları arasında elmi əlaqələrin qurulmasında iştirak etmişdir. O, ümumən latın qrafikasına keçidi dəstəkləsə də, ərəb əlifbasından latın əlifbasına keçidin sürətli həyata keçirilməsinə ehtiyatla yanaşmışdır.
Menzelin qurultay haqqında qeydləri onun Bakıdakı müşahidələrini və qurultayın fəaliyyəti ilə bağlı təəssüratlarını əks etdirir. Bu qeydlər 1927-ci ildə Der Islam jurnalında dərc edilmişdir.
İrs Menzelin I Ümumittifaq Türkoloji Qurultayı haqqında qeydləri qurultayın keçirildiyi dövrün elmi-mədəni mühitinin öyrənilməsi baxımından mənbə kimi istifadə olunur.
Onun türkologiya, şərqşünaslıq, folklor, epiqrafiya və türk xalqlarının tarixi ilə bağlı tədqiqatları elmi irsinin əsas istiqamətlərini təşkil edir.
Ölümü Menzel 1934–1936-cı illərdə Kiel Universitetində Dil, Tarix və Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1937-ci ildə Almaniyada yəhudi əsilli dövlət qulluqçularının vəzifədən uzaqlaşdırılması siyasəti çərçivəsində təqaüdə göndərilmişdir.
Teodor Menzel 10 mart 1939-cu ildə avtomobil qəzası nəticəsində vəfat etmişdir.
Ədəbiyyat Menzel, Theodor. Der 1. Turkologische Kongress in Baku. Der Islam, vol. 16, 1927, s. 1–76, 169–228. Festschrift Georg Jacob. Leipzig, 1932.
Həmçinin bax Birinci Türkoloji Qurultay Türkologiya Şərqşünaslıq Epiqrafiya Georg Yakob Friedrich Giese
İstinadlar
Kateqoriya:Alman türkoloqları Kateqoriya:Almaniya şərqşünasları Kateqoriya:Almanlar Kateqoriya:Türkoloqlar