Orxan Ata () — azərbaycanlı aktyor və rejissor. Rüfət Həsənovun 94-cü Oskar mükafatlarına Azərbaycandan təqdim olunan "Daxildəki ada" (2020) filmində baş rolu ifa etmişdir.
Həyatı Rusiyanın Aleksandrov şəhərində anadan olmuş, Bakının Badamdar qəsəbəsində böyümüşdür. Bir semestr Moskvadakı Rusiya Teatr Sənəti İnstitutunda (GİTİS) oxumuş, daha sonra Sankt-Peterburqa köçmüşdür. 2015-ci ildə aktyorluq təhsili almaq üçün Danimarkaya getmişdir. 2017-ci ildə ABŞ-da yaşayırdı.
Yaradıcılığı Kamera qarşısında ilk professional təcrübəsi Türkiyənin "Arka Sokaklar" serialında qonaq aktyor kimi olmuşdur. Daha sonra Lider TV-də yayımlanan "Cavanlıq" serialının 50 seriyasında baş rolu ifa etmişdir. 2011-ci ildən peşəkar olaraq kino ilə məşğul olur.
Təxminən üç il "Babylon Group"un sponsorluğu ilə öz qısametrajlı filmlərini çəkib, onlarda rol almışdır; bunların arasında "Zərdüşt belə dedi", "Sudan" və "3 otaq" var. "3 otaq" internet serialında canlandırdığı "Böyüh Məllim" obrazı ilə tanınmışdır. Reper Xpertlə birgə "Bir şans daha" qısa filmini hazırlamışdır. "T of Generation" adlı sənədli film layihəsinin müəllifidir.
Danimarkada "Danimarkaya xoş gəlmisən" (Welcome to Denmark) və "Yeni il ağacı" (Christmas Tree) qısametrajlı filmlərində baş rolları oynamışdır; birinci film Odense film festivalında nümayiş olunmuşdur.
"Daxildəki ada" Orxan Ata Rüfət Həsənovun ssenari müəllifi və rejissoru olduğu "Daxildəki ada" tammetrajlı bədii filmində baş qəhrəman – şahmat qrossmeysteri Seymur Tahirbəyov rolunu ifa etmişdir. Film 2020-ci ildə Sarayevo Film Festivalının əsas müsabiqə proqramına seçilmiş, 2021-ci ildə isə Azərbaycanı "Oskar" mükafatlarının "Ən yaxşı beynəlxalq bədii film" nominasiyasında təmsil etmək üçün seçilmişdir. Kinoşünas Sevda Sultanova filmə yazdığı resenziyada Orxan Atanın obraz üçün daxili və zahiri hərəkətsizliyi qəhrəmanın atasından asılılığının ifadə vasitəsi kimi seçdiyini qeyd etmişdir.
Filmoqrafiya "Cavanlıq" (serial, Lider TV) "Zərdüşt belə dedi" (qısametrajlı) "Sudan" (qısametrajlı) "3 otaq" (internet serialı) – Böyüh Məllim "Bir şans daha" (qısametrajlı, Xpert ilə birgə) "Danimarkaya xoş gəlmisən" (qısametrajlı) "Daxildəki ada" (2020) – Seymur Tahirbəyov
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan kinorejissorları