Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı — Azərbaycan teatr tarixində ilk mahnı teatrı.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Rəşid Behbudov tərəfindən yaradılmış və hazırda öz yaradıcısının adını daşıyır. Yerləşdiyi bina ilk növbədə sinaqoq kimi istifadə olunmuşdur.
Teatrın repertuarı bu gün Üzeyir Hacıbəyov, Oqtay Kazımi, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Rauf Hacıyev, Tofiq Quliyev, Polad Bülbüloğlu, Ramiz Mirişli, Faiq Sücəddinov, Azər Dadaşov, Elza İbrahimova, Emin Sabitoğlu və başqaları kimi milli bəstəkarların əsərlərindən ibarətdir. Repertuarın əsasını təşkil edən xalq mahnılarının, muğam və təsniflərin ifası bu günə kimi böyük müğənnimiz Rəşid Behbudovun özünəməxsus ənənəvi ifa tərzini qoruyub saxlamışdır.
Teatr fəaliyyət göstərdiyi vaxtdan burada Xalq Artistləri Rəşid Behbudov, Mübariz Tağıyev, Natavan Şeyxova, Elxan Əhədzadə, Azər Zeynalov, Gülyaz və Gülyanaq Məmmədovalar, Bilal Əliyev, Oktay Ağayev, Rafiq Babayev, Kamil Vəzirov, Oktay İsmayılov, İlhamə Quluyeva Əməkdar Artistlər Teymur Əmrah, Xədicə Abbasova, Aybəniz Haşımova, Səbinə İlyasova, Elçin Cəlilov və s. kimi populyar sənət ustaları çalışmışdır.
R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı bir çox xarici ölkələrdə, o cümlədən ABŞ, Fransa, İsveç, İsveçrə, Hindistan, Pakistan, Almaniya, Türkiyə, Rusiya Federasiyası və s. tamaşaçı tərəfindən rəğbətlə qarşılanmışdır. Son illərdə yaradıcı kollektiv: 2000-ci ildə Hanoverdə "EKSPO-2000" sərgisinin açılışında konsert proqramında iştirak etmiş, 2001–2002-ci illərdə Türkiyə, Moskva, Strassburq, Avstriya, 2003-cü ildə Almaniyada "Azərbaycan Mədəniyyət Günləri"ndə, 2004-cü ildə Yekaterinburqda "Novruz şənliklərində", 2005-ci ildə yenə də Avstriyanın Vyana şəhərində "Azərbaycan Mədəniyyəti Günləri"ndə, Moldovanın Kişinyov şəhərində "Mersi-Şor" adlı Beynəlxalq Musiqi Festivalında Azərbaycan mədəniyyətini təmsil etmişdir.
İstinadlar
Kateqoriya:Bakı teatrları Kateqoriya:Azərbaycan teatrları Kateqoriya:Azərbaycan musiqisi Kateqoriya:1968-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Rəşid Behbudov Kateqoriya:1968-ci ildə SSRİ-də yarananlar Kateqoriya:Bakının görməli yerləri Kateqoriya:Bakıdakı binalar və tikililər