Əli Əsədov () — Azərbaycan ictimai-siyasi xadimi, iqtisadçı, Azərbaycan Respublikasının Baş naziri (2019-cu ildən), Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi (1998–2012), Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini (2012–2019), 1-ci dərəcə dövlət müşaviri (2004).
Həyatı Əli Hidayət oğlu Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olmuşdur. 1964–1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlamışdır. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur.
1980–1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989–1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışmışdır.
1995–2000-ci illərdə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
1993-cü ilin fevralında Yeni Azərbaycan Partiyasına daxil olub, YAP-ın Siyasi Şurasının üzvüdür.
Fəaliyyəti 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində Yeni Azərbaycan Partiyasının siyahısı üzrə 18-ci sırada olan Əli Əsədov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Əli Əsədov Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının və Azərbaycan—Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Əli Əsədov 1998-ci il aprelin 17-də Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsinə təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 10 avqust 2004-cü il tarixli 349 nömrəli Sərəncamı ilə Əli Əsədova inzibati vəzifələrin ikinci təsnifatı üzrə 1-ci dərəcəli dövlət müşaviri dövlət qulluğu ixtisas dərəcəsi verilib.
Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyun 2012-ci il tarixli 2302 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
2012-ci il noyabrın 29-da Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 2574 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib.Noyabrın 30-da Prezident Administrasiyasına üç rəhbər müavini təyin edilib
Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 30 noyabr 2016-cı il tarixli 2132 nömrəli Sərəncamı ilə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
2019-cu il oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi məsələsi Milli Məclisdə 105 nəfərin lehinə səsverməsi ilə onun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsinə razılıq verildi. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən Əli Əsədov Baş nazir vəzifəsinə təyin edilib.Ə. H. Əsədovun Azərbaycan Respublikasının Baş Naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərindən sonra, fevralın 14-də Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq Nazirlər Kabineti tam tərkibdə istefaya gedib. 16 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Milli Məclis tərəfindən 105 nəfərin lehinə səsverməsi ilə Əli Əsədovun yenidən Azərbaycan Respublikasının Baş naziri olmasına razılıq verilib. 16 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Əli Əsədov Baş nazir təyin edilib.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan baş nazirləri Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Azərbaycan akademikləri Kateqoriya:Azərbaycan Prezident Administrasiyasının şöbə müdirləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:Azərbaycan professorları