Masallı Cümə məscidi — Masallı şəhərinin mərkəzində Füzuli küçəsində yerləşən tarixi-memarlıq abidəsi, məscid. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
Tarixi Məscid XIX əsrin əvvəllərində inşa edilmiş, əsas və yardımçı binalardan, həmçinin mədrəsə binasından ibarətdir. Məscidin minarəsi olsa da, Sovet dövründə dağıdılmışdır. Məscid sonuncu dəfə XX əsrin 80-ci illərində restavrasiya olunaraq muzey kimi istifadə edilmişdir.
Sovet işğalından sonra 1928-ci ildə Azərbaycanda rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Masallı Cümə məscidi də bu dövrdə fəaliyyətini dayandırıb və məscidin binasından anbarı kimi istifadə olunub.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Memarlığı Məscidin daxili 354 kv. metr, tutumu 400 nəfərdir. İnşasında qırmızı kərpicdən və yerli meşə materiallarından istifadə edilmişdir. Məscidin orta sütunları çoxillik palıd ağaclarındandır. İçi ağac şəbəkə ilə kişi və qadın ibadət yerlərinə ayrılmışdır. Pəncərələri ağac və rəngli şüşə şəbəkələrdən qurulmuşdur. Məscidin qabaq hissəsinə sütunvarı çıxıntı əlavə edilmişdir. Məscidin qabaq divarları sonradan ağ mərmər üzlüklə örtülmüşdür.
Mənbə Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Masallı məscidləri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri