Nurlan Növrəs oğlu Növrəsli () — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti (2016).

Həyatı Nurlan Növrəsli 16 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub. Dahi azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. 1993–2002-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kaman və xanəndəlik sinfində təhsil alıb. 2006-cı ildə Bakı Musiqi Akademiyasının "solo oxuma" fakültəsini, professor Elmira Quliyevanın sinfini bitirib. Musiqi məktəbləri arasında keçirilən VII Respublika müsabiqəsinin laureatı olmuşdur.

Nurlan Növrəslinin 3 qardaşı var. Şahin Növrəsli cazmen, bəstəkar və pianoçu kimi fəaliyyət göstərir. O, Azərbaycan Respuklikasının Əməkdar Artistidir. O biri qardaşı Arslan Növrəsli tar ifaçısı və Milli Konservatoriyanın müəllimidir. O tarda ilk dəfə dünyəvi musiqilər ifa etmişdir. Nurlanın digər bir qardaşı olan Tərlan Növrəsli isə Azərbaycan Turizm Universitetinin baş müəllimi, professorudur.

2025-ci il noyabr ayında Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənib.

Fəaliyyəti Nurlan ilk olaraq Space telekanalının təqdim etdiyi "Azəri Star–2004" musiqi-televiziya müsabiqəsində iştirak etdiyi dövrdə geniş tamaşaçı kütləsi tərəfindən tanınmışdır. O bu müsabiqədə İlhamə Quliyeva və Faiq Sücəddinov kimi tanınmış sənətkarların xüsusi rəğbətini qazanmış və yarışmanın finalçısı olmuşdur.

Növrəsli 2006-cı ildə Qazaxıstanda keçirilən "CAHAN DALA" IX Populyar musiqi və mahnı müsabiqəsinin laureatı, I yerin qalibidir.

O, lk klipini "Sən ki" adlı mahnısına 2006-cı ildə çəkdirmişdir. Mahnının musiqisi qardaşı Şahin Növrəsliyə, sözləri Ziya Fazilə aiddir. Klipin rejissoru Samir Fərzəlibəyovdur.

Mütamadi olaraq Azərbaycan Dövlət Televiziyasının önəmli rəsmi gecələrində və tədbirlərində iştirak edir. O həmçinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Mədəniyyəti günlərində Azərbaycanı təmsil etmişdir.

Nurlan istedadlı müğənni olmasıyla bərabər, həm də gözəl kaman və skripka ustasıdır.

Mükafatları 19 sentyabr 2016-cı ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev Tərəfindən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

İstinadlar

Kateqoriya:Azərbaycan müğənniləri