Leonardo da Vinçinin "Mona Liza"sı dünyanın ən məşhur sənət əsəri olmaqla, həm də ən çox replikaları və fərqli təfsirləri yaradılmış əsərdir. Leonardonun hələ sağlığında onun tələbələri və müasiri olan rəssamlar tərəfindən "Mona Liza"nın replikaları çəkilməyə başlayırdı. Dövrümüzə çatmış ən qədim versiyaların bəzilərinin Leonardonun özünün fırçasına aid olması iddia edilir və bu mövzu ilə əlaqəli alimlər arasında mübahisə aparılır. XX əsrin Marsel Düşan və Salvador Dali kimi önəmli sənətkarları "Mona Liza"nın təsviri üzərində öz estetikalarını tətbiq edərək törəmə əsərlər yaratmışlar. Bu gün də İntibah şah əsərlərinin replikalarının hazırlanması gənc rəssamların texnika və qabiliyyətlərini inkişaf etdirmək üçün istifadə etdikləri əsas üsullardan biri olaraq qalmaqdadır.
Müasir dövrdə "Mona Liza"nın repilkaları daha çox əsərlər və ya onun müəllifi ilə bağlı sərgi və tədbirlərin təbliğ edilməsi üçün yaradılır. Liza del Cakondonun ictimai mülkiyyət hesab edilən və müəllif hüquqlarından azad edilmiş portreti həm də siyasi bəyanatlar verilməsi üçün istifadə edilmişdir. "Mona Liza"nın adının rəssamlıqla əlaqəsi olmayan şəxslər (məsələn, ABŞ müğənnisi Net Kinq Koulun ifa etdiyi "Mona Liza" adlı mahnı 1950-ci ildə Ən Yaxşı Orijinal Mahnı nominasiyasında Oskar mükafatına layiq görülmüşdü) tərəfindən istifadəsi də ictimayətdə maraq oyatmağa qadirdir. Saysız hesabda nəşr reproduksiyaları ilə yanaşı "Mona Liza"nın təsviri açıqca, qəhvə fincanları, köynəklər və digər əşyalar üzərində də istifadə olunur. Yaradılmasından beş yüz il keçməsinə baxmayaraq, "Mona Liza"nın məşhurluğu və təsiri hər reproduksiyanın hazırlanması ilə daha da artır.
Ərəfə
XVI əsrin əvvəllərində florensiyalı tacir Françesko del Cakondo Leonardo da Vinçiyə həyat yoldaşı Liza del Cakondonun portretini çəkməyi sifariş edir. Əsərin 1503–1506-cı illərdə işlənməsinə inanılır. 1797-ci ildən etibarən Leonardonun "Mona Liza" portreti ("Mona" və ya "Monna" orta əsr İtaliyasında qadına hörmətli müraciət forması olmaqla Azərbaycan dilind' "xanım" sözü ilə müqayisə edilə bilər) Luvr muzeyinin daimi ekspozisiyasına daxildir. Əsər fransız dilində "La Joconde", italyan dilində isə "La Gioconda" adları ilə də tanınır. Yeni tədqiqatlara əsasən, "Mona Liza"nın tarixi Vazarinin məlumatının əksinə olaraq, 1478-ci ildən əvvələ aid edilir. "Mona Liza"nın heykəllər və ofortlar da daxil olmaqla ən erkən replikaları XVI əsrə aid edilir. Lakin, tarixçi Donald Sassun XX əsrin əvvəllərində qeyd edirdi ki, "Mona Liza" qədim ustadın dünyanın ən məşhur muzeylərindən birində asılan əsərlərindən biri idi. Lakin, həmin dövrdə əsər ikonik statusa malik deyildi və Luvrun ən dəyərli əsəri sayılmırdı. 11 avqust 1911-ci ildə əsərin Luvrdan oğurlanmasından sonra mətbuat bu hadisəni geniş işıqlandırmış və əsər indiki statusunu almışdır.
"Mona Liza" ictimai mülkiyyətdə olduğundan onun təsvirləri müxtəlif variantlarda yayılmışdır. Əsərin adekvat modifikasiya nümayiş etdirən replika və ya təfsirləri ayrıca əsər hesab edildiyindən müəllif hüququ ilə qorunur. Bu cür törəmə əsərlərin ən gözəl nümunələrindən biri Marsel Düşanın 1919-cu ildə "Mona Liza"nın çap olunmuş nüsxəsinə bığ çəkməklə yaratdığı "L.H.O.O.Q" rəsmidir. "Mona Liza" müəllif hüquqları ilə qorunmadığından yeni tədqiqatlarda bu status Düşanın "L.H.O.O.Q" əsərinə də aid edilir. Buna görə də, müəllif hüquqları ilə bağlı əsərlərdə tez-tez "Mona Liza"ya istinad olunur.
Orta əsr nüsxələri
Ayzeluort Mona Lizası
Leonardo da Vinçinin Luvr muzeyində saxlanan eyni adlı portret əsərindəki subyektin təsvir olunduğu yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri olan Ayzeluort Mona Lizası İtaliyadan Leonardonun orijinal əsəri kimi alınmış və yüz il Somerset qraflığında saxlanılmış əsər, 1913-cü ildə ingilis kolleksioner Hyu Bleykerin diqqətini cəlb etmiş və o portreti almışdır. Bundan qısa müddət sonra Bleykerin atalığı Con Eyr tərəfindən nəşr edilmiş monoqrafiyada Leonardonun "Mona Liza"nın iki versiyasını işləməsi və birinci versiyanın hazırda Ayzeluortda saxlanan (Bleykerin Qərbi Londondakı studiyası Ayzeluort ərazisində yerləşirdi) rəsm olmasını bildirir. Əsər 2012-ci ildə "Mona Liza Fondu" tərəfindən dünya ictimayətinə təqdim edilmişdir.
Əksər tədqiqatçılar əsərin XVI əsrdə Leonardo da Vinçinin özü tərəfindən çəkilməsini bildirirlər. 22 tədqiqatçının araşdırmalarından sonra nəşr edilmiş ortaq rəydə Ayzeluort Mona Lizasının əsas hissələrinin Leonardo da Vinçi tərəfindən işləndiyini təsdiq edilmişdir. 2015–2016-cı illərin akademik nəşrlərində də əsərin müəllifinin Leonardonun özü olması bildirilir.
Prado Mona Lizası
2011-ci ildə Madridin Prado muzeyi kolleksiyasına daxil olan əsərlər arasında "Mona Liza"nın mümkün ən erkən versiyasının aşkarlanması haqqında məlumat yayır. Kəşf zamanı muzeyin İtaliya İntibah Rəssamlığı Departamentinin direktoru olan Migel Falomir qeyd edir ki, yaxın vaxtda keçirilmiş bərpa işlərindən əvvəl muzey "əsərin əhəmiyyəti haqqında heç bir məlumata malik deyildi." Prado muzeyinin zirzəmisindən aşkarlanmış və "El Mundo" qəzeti tərəfindən "Mona Lizanın əkizi" adlandırılan əsərin Leonardonun orijinal işi ilə eyni vaxtda və eyni studiyada işlənməsi ehtimal edilir. Əsər qoz ağacından hazırlanmış panel üzərində çəkilmişdir. Portret 1819-cu ildə Prado muzeyinin əsası qoyulduğu dövrdən onun kolleksiyasına daxil olmuşdur.
Bərpadan sonra Prado Mona Lizasının əvvəlki bərpaçılar tərəfindən istifadə edilmiş qara boya və lak qatı altında qalmış detalları üzə çıxarılmışdır. Təsvir edilmiş mebel və parçaların keyfiyyəti, həmçinin peyzaj və üz cizgilərinin orijinal görüntüsü üzə çıxarılmışdır. Ehtimal edilir ki, Prado Mona Lizası Leonardonun orijinal əsəri haqqında daha dərin bilgilər verə bilər. Luvr muzeyinin mütəxəssisləri Pradoda aşkara çıxarılmış məlumatları dəstəkləmişlər. 2012-ci ildə müvəqqəti sərgi çərçivəsində Luvr Mona Lizası ilə yanaşı sərgilənməsi üçün Prado Mona Lizası Parisə göndərilmişdir.
220px|thumb|right|Salai — Mona Vanna.Luvr muzeyi
Mona Vanna
2009-cu ildə Leonardonun Florensiya yaxınlığında yerləşən vətəni Vinçidəki "Museo Ideale"də keçirilmiş və "Mona Liza"dan ilhamlanmış əsərlərin sərgiləndiyi sərgidə Leonardonun orijinal əsərinə oxşar iki çılpaq əsər göstərilmişdir. Həmin iki əsərdən biri Leonardonun dövrünə aiddir və bəzi tədqiqtçılar onu Leonardonun fırçasına aid edirlər. Digər tədqiqatçılar isə əsərin Leonardonun tələbələrindən biri tərəfindən çəkildiyini qeyd edirlər. Tədqiqatçılar əsərin subyekti, müəllifi və mənşəyi haqqında mübahisə aparırlar. Çılpaq əsər Leonardonun bir neçə əsərinə də sahib olmuş Napoleon Bonapartın dayısına aid olmuşdur. Üz cizgiləri qismən oxşarlıq daşısalar da, landşaft, həmçinin kompozisiya və texniki detallar "Mona Liza"nın detalları ulə üst-üstə düşür.
Leonardonun tələbəsi və sevgilisi olmuş Salai çılpaq "Mona Liza"nın "Mona Vanna" adıyla tanınan versiyasını işləmişdir. Salainin versiyası nə vaxtsa Leonardo tərəfindən çəkilmiş və hazırda itirilmiş hesab edilən çılpaq "Mona Liza"ya əsaslanmışdır. Tədqiqatçılar arasında Salainin "Mona Liza" üçün model olması haqqında da fikir vardır.
Leonardonun "Mona Liza"nı işlədiyi dövrdə fəaliyyət göstərmiş flamand rəssamı Yos van Kleve də "Mona Vanna" adlı çılpaq əsər çəkmişdir. Klevenin "Mona Vanna"sındakı fiqur Leonardonun "Mona Liza"sı ilə heç bir oxşarlığa malik olmasa da, rəssam Leonardonun mövzu və yanaşmasını təkrarlamışdır. XVI əsrin ortalarına aid edilən əsər hazırda Praqanın Milli Qalereyasının kolleksiyasındadır.
XX əsr XX əsrdən başlayaraq "Mona Liza" satirik bəzəmələrin qurbanı olmağa başladı. 1883-cü ildə Artur Sapek (əsl adı Ejen Fransua Bonaventura) "Mona Liza"nı tənbəki çubuğu ilə təsvir edib. İnkorentlər sənət hərəkatı üzvlərinin əsərlərinin nəşr edildiyi (Gülüş) yumoristik jurnalında yayımlanmış əsər "Mona Liza"nın müasir istehza ilə təsvir edildiyi ilk sənət nümunələrindən biri olmuşdur. Sonrakı dövrdə avanqard sənətkarların "Mona Liza"nın oğurlanması ilə eyni dövrə düşən təfsirləri əsərin artan məşhurluğunu göstərir. Daha sonra dadaist və sürrealist sənətkarlar "Mona Liza"nı modifikasiya etməyə, bəzəməyə və karikaturalarda istifadə etməyə başlayırlar.
220px|thumb|right|Marsel Düşan — L.H.O.O.Q., 1919 220px|thumb|right|Sofi Matiss — Mona Liza (Beş dəqiqəyə gəlirəm), 1997
L.H.O.O.Q.
Dövrünün ən təsirli sənətkarlarından biri olan Marsel Düşan Leonardonun orijinal əsərinin printinə bığ çəkməklə, təsadüfən "Mona Liza"nın müasir təzahürü üçün standart yaradır. Düşan ilk dəfə redi-meyd nəzəriyyəsini işləmişdir: o, incəsənətlə əlaqəsi olmayan adi məişət əşyalarını bədii baxımdn yenidən tərtib edir və ya sadəcə qalereyaya yerləşdirərək yenidən adlandırırdı. "L.H.O.O.Q." redi-meydi üzərində "Mona Liza" təsvir edilmiş adi açıqcadır, Düşan qələmlə təsvirə bığ çəkərək onu başqa cür adlandırmışdır.
Düşanın sonradan etiraf etdiyi kimi, əsərin adı söz oyunudur. L-H-O-O-Q hərfləri fransız dilində cümləsini ifadə edir ki, bu da hərfi tərcümədə "Onun gözəl arxası var" anlamını verir. Əksər redi-meydləri kimi, Düşan yaradıcılığı boyunca "L.H.O.O.Q." rəsminin də bir-birindən ölçü və materiallarına görə fərqlənən çoxsaylı versiyalarını yaratmışdır. Düşanın 1965-ci ildə oyun kartı üzərində "Mona Liza" təsvirinə (taraş etmiş LHOOQ) yazmaqla hazırladığı təsvir orijinal "L.H.O.O.Q."a istinad edən təsvir ikinci nəsil variantlarındandır.
Düşanın parodiyası əsasında 1942-ci ildə Frensis Pikabia tərəfindən yaradılmış "Tableau Dada Par Marcel Duchamp" (Marsel Düşan üçün dadaist səhnə) adlı əsər "Mona Liza"nın təfsirlərinin ikinci nəslinə aiddir. 1954-cü ildə Düşanın "L.H.O.O.Q."-na istinad edən Salvador Dali, Filipp Halsmenlə birlikdə "Mona Liza"ya oxşar avtoportretini yaratmışdır. 1958-ci ildə İslandiya rəssamı Erro Dalinin "Un Chien Andalou" əsərindən də istifadə etməklə öz versiyasını yaratmışdır. Fernand Leger və Rene Maqrit kimi müasir sənət ustaları da öz ikonoqrafiyalarını tətbiq etməklə "Mona Liza"nın yeni versiasını yaratmışlar. Parodiyaların heç biri "Mona Liza"nı tənqid etməmiş, əksinə oun məşhurluğunu daha da artırmışdır. Düşanın bığlı "Mona Liza"sı sonrakı dövrdə də imitasiyalar üçün ilham mənbəyi olmağa davam edir. Müasir konseptual sənətkar Subod Qupta 2009-cu ildə yaratdığı "Et tu, Duchamp?" adlı əsərində Düşanın "L.H.O.O.Q." əsərinin üç ölçülü tunc heykəl formasını yaratmışdır.
Tur sonrası illər (1962–2000) "Mona Liza"nın Nyu-Yorkda sərgiləndiyi dövrdə radio aparıcısı Brüs Morrou reklam tədbiri keçirmişdir. Ən Yaxşı Mona Liza yarışmasında iştirak üçün 70.000 müraciət edilmiş, Salvador Dali isə qalibin seçilməsində iştirak etmişdir. Əsərin ilk dəfə ABŞ-də təqdim edilməsindən sonra, 1963-cü ildə Endi Uorhol pop-art stilində bir neçə skrin-print hazırlamışdır. "Mona Liza (İki dəfə)", "Dörd Mona Liza" və "Otuz birdən yaxşıdı" adlı əsərlərində Uorhol təsvirin olduğu kimi təkrarlanması metodundan istifadə etmişdir. 1959-cu ildə "Mona Liza on iki yaşında" əsərini çəkmiş Fernando Botero 1963-cü ildə özünün imza stilinə çevirdiyi və fiqurun qeyri-proporsional kök təsvirinə əsaslanan Boterizm stilində "Mona Liza"nın daha bir versiyasını işləmişdir. "Mona Liza" həm də müasir incəsənətin Casper Cons və Robert Rauşenberq kimi parlaq simaları tərəfindən istifadə edilmişdir.