Mehmet Şamil bəy və ya Osman Paşazadə Mehmet Şamil yeni soyad qanununa əsasən isə Mehmet Şamil Şhaplı (; ) — Türkiyə diplomatı, jurnalisti və idman xadimi. O, Beşiktaş PFK klubunun 22 təsisçi üzvündən biri və onun ilk prezidenti. Mehmet Şamil bəyin "Beşiktaş"da prezidentliyi 5 il (1903–1908) davam edib. Həyatı Çərkəz mənşəli Şhaplı, 1891-ci ildə Osmanlı imperiyasının Mədinə şəhərində Şhaplı Osman Fərid Paşa ilə Əmirə Nəfisə Xanımın 11 övladının ən böyüyü olaraq, Osman Paşazadə Mehmet Şamil adı ilə anadan olub. Dağıstanda anadan olan Osman Fərid Paşa, Soçidəki Ubıx xalqının hərbi xadimi Şhaplı Kubilayko Mehmet bəyin nəslindəndir.
Anası Əmirə Nəfisə Xanım, Şeyx Şamilin böyük oğlu Qazi Məhəmməd ilə İlisu sultanlığının son hökmdarı Danyal Sultanın qızı Kərimat Xanımın yeganə qızıdır. Əmirə Nəfisə Xanım isə 1800-cü illərdə Şimali Qafqazda Rusiya imperiyasına qarşı müqavimətinin siyasi, hərbi və mənəvi lideri – Dağıstanın 3-cü imamı Şeyx Şamilin nəvəsidir. Mehmet Şamilin valideynləri Osman Fərid Paşanın Osmanlı imperiyasının Mədinə Şeyxülhərəmi kimi xidmət etdiyi dövrdə elə oradaca tanış olub evləniblər.
Osman Fərid Paşanın Daşqışla Hərbi Kazarmasının komandiri təyin edilməsi ilə əlaqədar olaraq – həmçinin Mehmet Şamilin ibtidai təhsilini bitirdiyi vaxtda – ailə İstanbula köçmüş və Mehmet Şamil burada "Lycée Saint-Joseph" (San-Jozef) litseyində təhsil alıb.
1902-ci ilin payızında Mehmet Şamil və qardaşı Hüseyn Bərəkətin də daxil olduğu bir qrup gənc atlet İstanbulun Beşiktaş rayonunun Sərəncəbey məhəlləsindəki Şeyxülhərəm Osman Paşa Malikanəsində gimnastika, ağır atletika və güləşlə məşğul olmağa başlayıb. Az sonra, 1902-ci ildə Osmanlı imperiyasında "İstibdad dövrü" hökm sürdüyü və futbol oynamaq qadağan olunduğu üçün bu qrup nəzarətə alınsa da, onların futbol oynamayıb fərdi şəkildə atletika ilə məşğul olduqları faktı üzə çıxdıqdan sonra sərbəst buraxılıblar. Əksinə, Sultan I Əbdülməcidin nəvəsi, Səlim Süleyman Əfəndinin oğlu Şahzadə Əbdülhəlim o dövrün tanınmış boksçu və güləşçisi Kənan bəyi bu gənclərə rəhbərlik etmək üçün təyin edib.
1903-cü ildə bu qrup "Beşiktaş Bereket Jimnastik Kulübü"nu (sonradan 1911-ci ildə "Beşiktaş Jimnastik Kulübü" (BJK) olaraq qeydiyyata alınıb) təsis edib.
Atasının vəfatından sonra Mehmet Şamil İsveçrənin Cenevrə şəhərinə köçərək, Cenevrə Universitetində Siyasi Elmlər üzrə təhsil alıb.
1934-cü ildə qəbul edilmiş Soyad Qanunundan sonra "Şhaplı" soyadını götürüb, 7 fevral 1957-ci ildə İstanbulda vəfat edib. Təşvikiye məscidində keçirilən dəfn mərasimindən sonra Əyyubsultan qəbiristanlığında, atasının məzarının yanında torpağa tapşırılıb. Mehmet Şamil bəy hər il ölüm ildönümündə klub azarkeşləri tərəfindən mezarı başında anılır.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Beşiktaş J.K
Kateqoriya:Mədinəlilər